Naxçıvan Dövlət Universitetində Ulu Öndər Heydər Əliyein 100 illik yubileyinə həsr edilən Azərbaycan və Türkiyə pediatrlarının Naxçıvan I Pediatriya simpoziumu keçirilib.

 

Səhiyyə Nazirliyi, Azərbaycan Pediatriya Cəmiyyəti, Doğu Pediatriya Dərnəyi, Pediatriya Uzmanlıq Akademiyası Dərnəyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziumda Türkiyənin Dicle Universitetinin Tibb fakültəsi Uşaq sağlığı və xəstəlikləri kafedrasının professoru İlyas Yolbaş çıxış edərək Azərbaycan və Türkiyə universitetlərinin birgə əməkdaşlıq məsələlərindən danışıb. Professor artıq iki aydır ki, NDU-nun tibb fakültəsində tədris prosesində iştirak etdiyini diqqətə çatdırıb.

    

NDU-nun elm və innovasiyalar üzrə prorektoru Elsever Əsədov qonaqları salamlayaraq Ulu Öndərin 100 illik yubileyi çərçivəsində keçirilən simpoziumun ali təhsil ocağının tibb fakültəsi üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

    

Simpoziumun sədri, NDU-nun tibb fakültəsinin dekanı tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva simpoziumun elmi və ictimai əhəmiyyətini vurğulayıb. Bildirilib ki, simpoziumda edilən çıxışlar, aparılan müzakirələr tibb fakültəsinin professor-müəllim heyəti üçün müsbət nəticələrlə yadda qalacaq. 

     

Simpoziumda təşkilat komitəsinin üzvləri- Azərbaycan Pediatriya Cəmiyyətinin təsisçisi Erkin Rəhimov, Pediatriya uzmanları Akademiya Dərnəyinin təsisçisi Bumin Dundar, Doğu Pediatriya Dərnəyinin təsisçisi Velat Şenin çıxışları dinlənilib.

    

Sonra Türkiyədən və Bakıdan gələn həkimlər məruzələrlə çıxış ediblər. 

    

Məruzələrdə uşaqların bəslənməsində vacib məqamlar, uşaqların müayinəsində EKG dəyərləndirmələr, yeni doğulmuşlarda daban testi, profilaktik dəmir və D vitamini verilməsi, uşaqlarda ağciyər X-ray dəyərləndirilməsi, epilepsiya ilə qarışıq salınan xəstəliklər, qızılca, peyvənd tərəddüdü və peyvəndlə əlaqəli problemlər və.s mövzular müzakirə edilib.