Naxçıvan Dövlət Universiteti (NDU) ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili məqsədilə rektor Elbrus İsayev və rektor müşaviri Rəcəb Cəfərli Polşaya işgüzar səfər ediblər. Səfər zamanı Polşanın Frederik Şopen Musiqi Universitetinin rektoru professor Klaudiusz Baran ilə əməkdaşlıq imkanları müzakirə olunub.  

 

Görüşdə iki universitetin musiqi sahəsində təcrübələrini paylaşması, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili, müstəqil tədqiqat layihələrində birgə işləmək üçün potensial imkanlar nəzərdən keçirilib.

 

İlkin razılığa əsasən, bu tədris ilinin ikinci yarısından etibarən Frederik Şopen Musiqi Universitetindən professorlar NDU-nun incəsənət fakültəsinə, fakültənin “Xalq çalğı alətləri” ixtisası üzrə müəllim heyəti isə Frederik Şopen Musiqi Universitetinin Dünya musiqisi departamentinə tədris üçün dəvət olunacaqlar.

 

Qeyd edək ki, NDU-nun incəsənət fakültəsi ilə Frederik Şopen Musiqi Universiteti arasında planlaşdırılan bu əməkdaşlıq musiqi təhsilinin keyfiyyətini yüksəltməyə və tələbələrə daha geniş təcrübə imkanları qazandırmağa hesablanıb. Əməkdaşlıq musiqi mədəniyyətinin birləşdirilməsinə və beynəlxalq əlaqələrin gücləndirilməsinə dəstək olmağı hədəfləyir.