Türkiyənin Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində (NDU) olublar.

 

İkitərəfli görüşdə NDU-nun tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov universitetin strukturu, mövcud ixtisaslar barədə məlumat verib. Ali təhsil ocağının beynəlxalq əməkdaşlığında Türkiyə universitetlərinin xüsusi rolu olduğu qeyd edilib. Çankırı Karatekin universiteti ilə aparılan ikili diplom layihələri barədə müzakirələr aparılıb. Prorektor Çankırı Karatekin Universiteti ilə əlaqələrin 2017-ci ildən başlandığını bildirib.

 

Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi rəhbərlik etdiyi ali təhsil ocağında tədrisi həyata keçirilən mövcud ixtisaslar barədə məlumat verib. Bildirilib ki, ali təhsil ocağı beynəlxalq əlaqələrə verdiyi töhfələrlə Türkiyə universitetləri arasında xüsusilə seçilir. “Çankırıda Duzdağ mağarasının olduğunu nəzərə alsaq, gələcəkdə birgə əməkdaşlığa dair layihələr həyata keçirmək daha məqsədəuyğun olar”- deyə rektor diqqətə çatdırıb.

 

NDU-nun elm və innovasiyalar üzrə prorektoru Elsevər Əsədov birgə elmi araşdırmalar, ortaq konfranslar barədə öz fikirlərini bildirib. Universitetin tibb fakültəsinin müəllim və tələbələrinin qardaş ölkədə yay təcrübələri keçdikləri qeyd edilib.

 

NDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə Texnopark sahəsində əməkdaşlığa dair bir sıra məqamlara aydınlıq gətirib.

 

Görüşdə duzla əlaqədar birgə elmi araşdırmaların həyata keçirilməsi, kimya, biologiya ixtisasları sahəsində ikili diplom layihələri haqda müzakirələr aparılıb.

 

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

 

Sonra qonaqlar universitetin akademik Yusif Məmmədəliyev adına elmi-tədqiqat kimya laboratoriyasında olub.

 

Qonaqlar universitetin pedaqoji fakültəsinin nəzdində fəaliyyət göstərən Texnologiya mərkəzində müəllim və tələbələrin hazırladığı əl işləri ilə  də tanış olublar.  

 

Memarlıq və mühəndislik fakültəsinin STEAM mərkəzində olan Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi və nümayəndə heyəti fakültənin müəllim və tələbələrinin hazırladığı yanğından mühafizə sistemi, dənli bitkilərin qablaşdırılıması, ağıllı şkaf, elektriklə işləyən avtomobil və çeşidləmə aparatını yaxından müşahidə ediblər.