Naxçıvan Dövlət Universiteti (NDU) ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili məqsədilə NDU-nun rektoru Elbrus İsayev və rektor müşaviri Rəcəb Cəfərli Macarıstanın Metropolitan Universitetində olublar.

 

Universitetdə keçirilən görüşlərdə bildirilib ki, Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir. Universitetdə biznes, marketinq, incəsənət, media, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramları var. Metropolitan Universiteti UNESCO-nun Dünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir.

 

İkitərəfli görüşdə Naxçıvan Dövlət Universiteti ilə Metropolitan Universiteti arasında media, marketinq sahəsi və incəsənət fakültəsinin “Dizayn” ixtisası üzrə əməkdaşlıq haqqında razılığa gəlinib, birgə elmi-tədqiqat işlərinin hazırlanması və konfransların keçirilməsi planlaşdırılıb.

 

Bu əməkdaşlıq incəsənət sahəsində beynəlxalq səviyyədə inkişaf edən dizayn təcrübələrini birləşdirərək tələbələr və tədqiqatçılar üçün unikal imkanlar yaradacaq.