SAF 2023 qaliblərinin uğur hekayələri


4-8 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutan  SAF 2023 Beynəlxalq STEAM Azərbaycan Festivalı ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilib. Festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışıb. Festivalın qalibləri “Azərbaycan müəllimi”nə təəssüratlarını danışıblar

 

“Dünya Robot Olimpiadasına qatılmağı planlaşdırırıq”

 

Bakı şəhərindən “Boat Racing” kateqoriyası üzrə I yeri tutan “QuardRuple” komandasının mentoru Nərmin Ərəbova qürurla deyir: “SAF 2023-də biz Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının komandası olaraq iştirak etdik. Düşünürəm ki, komanda üzvlərinin sıx əməkdaşlığı bizi qələbəyə aparan ən böyük açar rolunu oynadı. Bu il biz bu festivala yeni əlavə olunmuş “Boat Racing” kateqoriyası üzrə qoşulduq. Kateqoriyada tələb olunan dizayn işlərini şagirdimiz Toğrul Abbas, kodlaşdırma hissəsini Həmid Məmmədli, elektronika işlərini isə Məhəmmədəli Əliyev əla bacarırdı. Bu kateqoriyada iştrakçılar gəmi  modeli hazırlamalı, yarış zamanı suyun səthində onu idarə etməli və maneələrdən keçərək cəld şəkildə finiş xəttinə çatmalı idilər. Toğrul Abbas “AUTOCAD fusion 360” proqramında gəmini Formula 1 gəmilərinə  uyğun dizayn etdi və gəminin kəskin dönə bilməsi üçün motorları yerində döndərən mexanizm hazırladı. Hazırladığı mexanizmləri və hissələri 3D printer vasitəsi ilə çap etdi. Kod hissəsində Həmid flysky-dan alınan dalğalar vasitəsilə gəmimizin rgb ledlərinin hansı vəziyyətdə olduğunu müəyyən etdi, Məhəmmədəli isə gəmimizin elektronika hissəsini yaratdı. Gələcəkdə gəmimizə süni intellekt əlavə edib onu daha da inkişaf etdirərək Dünya Robot Olimpiadasına qatılmağı planlaşdırırıq”.

 

Yarışda qalibiyyətdən əlavə gəminin mexanizminə görə “JURİ AWARD” mükafatına da layiq görüldük.

 

“Biz yenə qızıl medalçıyıq!”

 

Mingəçevir şəhərini təmsil edən “Rise&shine” komandası “VidX” kateqoriyası üzrə festivalda I yerə layiq görülüb. Komandanın mentoru Gülnar Əhmədova sevincini belə bölüşür: “Komandamızın üzvləri Arif Mahmudzadə və Rauf Məmmədovla biz ötən il SAF 2022-də iştirak edərək “Robokids” kateqoriyası üzrə qızıl medala layiq görülmüşdük. Bu il isə “VidX” kateqoriyası üzrə finalda iştirak hüququ qazandıq və nəhayət qalib gəldik. Uşaqlar xüsusi fondan istifadə edərək film çəkməli, həmin filmi xüsusi musiqilərdən istifadə edərək səsləndirməli idilər. Uşaqlar videonu çəkərkən 3D printerdən çıxmış hekayəyə uyğun xüsusi qurduqları  fiqurlardan istifadə edə bilərdilər. Bizim uşaqlar özlərinə o qədər əmin idilər ki, hətta yarış başlamamışdan da deyirdilər: “Biz yenə qızıl medalçıyıq!”. Yarışda yığıla biləcək maksimum xal 100 idi. Bizim uşaqlar 99 xal yığdılar və birincilik qazandılar. Çəkilən əziyyətin bəhrəsini görmək həqiqətən çox qürurverici bir hissdir. Bu cür möhtəşəm festivalın birincisi olmaq bizi yeni-yeni uğurlara ruhlandırır”.

 

“SAF 2023-də qalib komanda olmaq bizi olduqca fərəhləndirir”

 

Bakı şəhəri Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbin  “Techno Squids 202” komandası “FLL Challenge” kateqoriyası üzrə II yerin qalibidir. Komandanın mentoru  Elmira Mirzəyeva bildirir: “Artıq 3 ildir ki, biz komandalarımızla Beynəlxalq STEAM Festivalında iştirak edirik. Mənim rəhbərlik etdiyim “Techno Squids 202” komandası 3 iştirakçı ilə (Əli Mirzəyev - 9-cu sinif, Həsən Həsənli və Hüseyn Hüseynli isə 8-ci sinif şagirdləridir) “First Lego League Challenge” kateqoriyası üzrə final yarışında iştirak edirdi. Bizim komandamız final yarışında Robot Oyunu üzrə 410 bal topladı, bu da yüksək nəticə idi. Komandamız SAF 2023-də Robot dizaynı üzrə II yerə layiq görüldü. SAF 2023-də komandamızla iştirak etmək və qalib komanda olaraq ayrılmaq bizi olduqca fərəhləndirir. Bu məqam bizim üçün gələcəkdə böyük layihələrə imza atmaq istiqamətində böyük bir stimuldur”.

 

“Qələbəmiz uşaqların əzmkarlığının, zəhmətinin nəticəsidir”

 

Gəncə şəhərini təmsil edən “Magic city” komandası “Engineers of Future” kateqoriyası üzrə II yerə layiq görülüb. Komandanın rəhbəri Aytən Məmmədova Samux rayonu  Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin “Robototexnika və Modelləşdirmə” üzrə dərnək rəhbəri və AREA akademiyasında mentor kimi fəaliyyət göstərir: “İlk növbədə, uşaqlar üçün belə gözəl şərait yaradan Elm və Təhsil Nazirliyinə, eləcə də digər bütün əməkdaşlara dərin minnətdarlığımı bildirirəm. Komandamızın üzvləri Oğuz Mövlayev 3-cü, Cavidan İrəvanlı isə 2-ci sinif şagirdidir. Uşaqlar festivala AREA akademiyasında hazırlaşıblar. “Engineers of Future” kateqoriyası gələcək 100 ildə mühəndislərin hazırladığı şəhərlərdən bəhs edir və seçim turuna komandamızın üzvləri “Ayda şəhər” adlı layihə ilə qatılmışdılar. Onlar xüsusi qurğular vasitəsilə idarə edilən otellər hazırlamışdılar və bu otellərdə qalacaq insanlar oksigen, su, hava ilə təmin olunacaq, xüsusi robotlar vasitəsilə Ayı, eləcə də digər planetləri rahatlıqla gəzə biləcəklər. Layihə SAF jüriləri tərəfindən bəyənildi və təxminən 200-ə yaxın komanda arasından seçildi.

Qələbəmiz uşaqların əzmkarlığının, zəhmətinin nəticəsidir və onların sevincinin hədd-hüdudu yoxdur”.

 

“Şagirdlərimiz həm yarışdılar, həm də təcrübə topladılar”

 

Naxçıvan Muxtar Respublikasını “FlyTech” kateqoriyası üzrə təmsil edən “Young Invertors” komandası II yeri qazanıb. Komandanın mentoru Fuad Babayev Naxçıvan STEAM Mərkəzinin müəllimidir: “Komanda üzvlərimiz Oğuz Nəcəfli və Nadir Məmmədli ilə birgə SAF 2023 də “FlyTech” (Dron) kateqoriyası üzrə yarışdıq. 3 mərhələdə keçirilən yarışda komandalar sıfırdan öz dronlarını yaratmalı, onları kodlaşdırıb tapşırıqları icra etmək üçün hazır vəziyyətə gətirməli idilər. Bizim hazırladığımız dron arenada maneələri keçib müəyyən hündrlükdən yükü paraşüt ilə hədəfə buraxmalı idi. Topladıqları bala görə komandamız 2-ci yerin qalibi oldu. Çox gərgin və həyəcanlı keçən yarışda şagirdlərimiz həm yarışdılar, həm də möhtəşəm təcrübələr topladılar ki, bu da onların dünya göruşünə, mühəndislik və problem həlletmə bacarıqlarının daha da formalaşmasına kömək olacaq. Bu beynəlxalq festivalda dünyanın müxtəlif ölkələrini təmsil edən güclü komandalarla yarışaraq ikinci yerə layiq görülmək çox ürəkaçan nəticədir”.

 

“Ölkəmizi dünya yarışmasında ön sıralara yüksəltməyimizə inanırıq”

 

Saray qəsəbəsindən SAF 2023-ə  "Vex IQ" kateqoriyası üzrə qatılan və III yerə layiq görülən “Vex Mechatronics Fight (VMF)” komandasının rəhbəri Anar Əliyev ilk dəfədir bu festivalda iştirak etdiklərini deyir: “Mən “Vex Mechatronics Fight (VMF)” komandasının mentoruyam, həmçinin də Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıram. Sevindirici haldır ki, hələ bu ilin oktyabr ayında rəsmi fəaliyyətə başlamış Saray STEAM Mərkəzi SUMbuilders təsisçisi, yerli və beynəlxalq layihələr üzrə ekspert-mentor Tural Süleymanovun koordinatorluğu ilə qısa müddətdə bir sıra uğurlara imza atmışdır. Bunlardan biri ölkəmizdə Elm və Təhsil Nazirliyi tərəfindən 3-cü dəfə təşkil olunan beynəlxalq STEAM Azərbaycan Festivalı SAF 2023-də komandamla birgə VEX IQ yarışmasında 3-cülük əldə etməyimizdir.

 

Hazırladığımız robot dizaynı və proqramlaşdırılması layihəsi komandamıza məxsusdur. Bu layihəni daha da inkişaf etdirərək yaxın zamanlarda ölkəmizi dünya yarışmasında ön sıralara yüksəltməyimizə inanırıq”.

 

“İlk dəfədir festivala qatıldığımız və uğur qazandığımız üçün qürur  duyuruq”

 

Bərdə rayonunu təmsil edən “Qarabağlılar” komandası “Wings and Wheels” kateqoriyası üzrə III yerdə qərarlaşıb. Komandanın mentoru Gülər Süleymanova həyəcan və sevinc hisslərini bizimlə bölüşür: “Biz bu festivala Bərdə rayon T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbindən qatılmışıq. Mən informatika müəllimiyəm və iki şagirdimlə - Əli Hacıyev və Fatimə Salmanlı ilə məktəbimizi təmsil edirik. Yarış uşaqlarımız üçün çox maraqlı və bir o qədər də həyəcanlı keçdi. Komandamız yarışmada üçüncülük əldə etdi və bürünc medal qazandı. İlk dəfədir STEAM Beynəlxalq Azərbaycan Festivalına qatıldığımız və eyni zamanda uğur qazandığımız üçün qürur duyuruq”.

 

Lamiyə ƏLİMƏRDANOVA