“Heydər Əliyev adına təqaüd”ə layiq görülən və ölkə üzrə təhsildə yüksək nailiyyətləri olan 100 tələbənin adı açıqlanıb. Bu yüksək mükafatı qazanan gənclərdən 8-i Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir. Onlardan biri Hüseyn  Quliyevdir.

 

O, BDU-nun tarix fakültəsinin “Tarix” ixtisasına (tədris ingilis dilində) 2021-ci ildə 553  balla daxil olub. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 96.88-dir. Hazırda fakültədə ən yüksək nəticəyə malik tələbədir.  

 

- Hüseyn, səni bir daha təbrik edirik. Ulu Öndərin adını daşıyan təqaüdü qazanan 100 tələbədən biri olmaq necə hissdir? 

-Təbii  ki, çox möhtəşəm duyğudur. Bu təqaüdün mənəvi dəyəri, məsuliyyəti də böyükdür. Əvvəla, Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Ulu Öndər Heydər Əliyev də Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunudur. Universitetimizin ən şöhrətli məzunudur. Məhz Ulu Öndərin məzunu olduğu fakültənin tələbəsi kimi bu təqaüdü qazanmaq tam fərqli hiss yaradır.  

 

- Bu təqaüdü qazanacağını gözləyirdinmi?  

- Məktəbli olduğum dövrlərdə də Ulu Öndərin adı ilə bağlı bir çox layihə və müsabiqələrdə müxtəlif yerlərə layiq görülmüşəm. Amma bu, ən böyüyü idi. Mənim üçün gözlənilməz oldu. Bu mükafatı çalışmağımın bəhrəsi kimi qazanmışam.  

 

- Gələcək hədəflərin nələrdir?  

- Düşünürəm ki, ölkəmizin hüquqlarını tariximizlə müdafiə edə bilərəm. Gələcəkdə Xarici İşlər Nazirliyi sistemində çalışmaq istəyirəm. Bunun üçün dil biliklərimi və ümumi dünyagörüşümü inkişaf etdirirəm.  

 

- Tariximizin təbliği, inkişafı və tədrisi ilə bağlı fikirlərin necədir?  

- Tarixə obyektiv yanaşmanın tərəfdarıyam. Hazırda BDU-nun tarix fakültəsi tariximizin öyrənilməsi və öyrədilməsi istiqamətində fəaliyyəti ilə digər universitetlər arasında seçilir. Fakültədə aparılan elmi işlərdə tələbələrin də iştirakı təmin olunur. Məktəblərdə artıq Tarix fənninə yeni yanaşma mövcuddur. Xronologiya və konspektləşdirilmiş məlumatlar dərs vəsaitlərində elektronlaşdırılmış məlumatlarla və müxtəlif fotoşəkillərlə əvəz edilib. Bu da məncə, məktəblilərdə Tarix fənninə marağın artmasına səbəb olur.  

 

-Sirr deyilsə, bu təqaüdü necə xərcləməyi düşünürsən?  

- Sirdi (gülür). Bir hissəsini deyə bilərəm. Təqaüdümün müəyyən məbləğini ”YAŞAT” Fonduna ianə edəcəyəm.