Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri arasında mini futbol üzrə şəhər turniri keçirilib.

 

Universitetin idman-sağlamlıq kompleksində üç gün ərzində davam edən turnirdə MDU, Mingəçevir Turizm Kolleci və Mingəçevir Peşə Məktəbinin tələbələrindən ibarət 6 komanda mübarizə aparıb.

 

Maraqlı mübarizə şəraitində keçən şəhər turnirində MDU komandası I yerin, Mingəçevir Turizm Kollecinin komandası II yerin, MDU-nun “Bir Könüllü” komandası III yerin sahibi olub. Qalib komandalar kubok və diplomlarla mükafatlandırılıblar.

 

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsinə, o cümlədən şəhər və ətraf rayonlarda təşkil olunan müxtəlif formatlı idman yarışlarına cəlb edilməsinə xüsusi önəm verilir.