Dekabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Siyəzən rayonuna səfər edib. 

 

Əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

 

Daha sonra Siyəzən şəhəri Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbdə gənc müəllimlərlə görüş keçirilib. Görüşdə Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən 400-ə yaxın müəllim və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. 

 

Müəllimləri salamlayan Firudin Qurbanov çıxışında ölkə iqtisadiyyatının artan dinamika ilə inkişafından və davamlılığın təmin olunması istiqamətində məhz təhsil müəssisələrində yetişən insan kapitalının rolundan, eləcə də tədris ocaqları və təhsilverənlərdən gözləntilərdən danışıb. Nazir müavini həmçinin təhsil sahəsində həyata keçirilən islahatların bu inkişafın nəticəsi olduğunu vurğulayıb.  

 

Firudin Qurbanov qeyd edib ki, hər bir müəllim şagirdlərinə həssas yanaşmalı, ilk növbədə sağlam düşüncəli insan, daha sonra isə dövrün tələblərinə uyğun bacarıqlara sahib vətəndaş yetişdirməlidir. Müasir texnologiyaların həyatımızdakı roluna diqqət çəkən nazir müavini müəllimin daim öz üzərində işləməli olduğunu, zamanla ayaqlaşa bilən, yeniliklərlə maraqlanıb onu işinə tətbiq edən təhsilverənin müasir şagirdi lazımi şəkildə formalaşdıra biləcəyini vurğulayıb. 

 

Görüşdə həmçinin Siyəzən və Şabran rayonları üzrə şagirdlərin təlim nəticələri təhlil olunub, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.

 

Firudin Qurbanov səfəri çərçivəsində Siyəzən şəhəri İnteqrasiya təlimli internattipli gimnaziyaya da baş çəkib. Nazir müavini müəssisənin şəraiti ilə tanış olub, tədrisin təşkili vəziyyəti ilə maraqlanıb.

 

Sonra Siyəzən şəhərində vətəndaşların qəbulu keçirilib. Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə həlli ilə bağlı tapşırıqlar verib.