Məhəmməd Allahverdiyev: “Qarabağa həsr etdiyim albomda “Qarabağ şikəstəsi” yeni üslubda yer alacaq”


Dünya klassiklərinin həyat və fəaliyyətlərinə nəzər yetirəndə bir təkzibolunmaz həqiqətin şahidi olursan ki,  dini mənsubiyyətindən, dərisinin rəngindən  və başqa milli əlamətlərindən və mənsubiyyətlərindən  asılı olmayaraq hər bir parlaq şəxsiyyətdə fitri istedad erkən yaşlarından, bəzilərində isə lap uşaqlıq dövründən baş qaldırıb. Bu gün haqqında qürur hissi ilə söhbət açacağım  Məhəmməd Allahverdiyev haqqında da nə vaxtsa eyni fikir  yaddaşlardan süzüləcək və  söz sahibi olan  musiqişünaslar yazacaqlar ki, fövqəl istedad sahibi olan bu gənc də erkən yaşlarından musiqi sənətində özünü təsdiqləyib.Açığını deyim ki, bu qəbildən olan istedad sahibləri  nadir hallarda mənsub olduğu xalqa qismət olur.

                             

Vokal dərsləri alır

   

...Onun   15 yaşı var.Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının  10-cu sinif şagirdidir. Bəstəkarlıq  üzrə Pikə Axundovanın sinfində  təhsil alır.Özünün  söylədiyi  kimi  xüsusi marağına uyğun olaraq caz və muğam janrı ilə  də  məşğul olur,  vokal dərsləri  də alır. Beynəlxalq musabiqə və festivallarda, dövlət tədbirlərində, konsertlərdə dəfələrlə  öz çıxışları ilə hamını heyran qoyub.

                

Dostluq musiqi layihələrini  həyata keçirib

  

Söhbət   zamanı Məhəmməd  dedi ki,   pandemiya dövründə fəaliyyətini  tam dondurmamaq  naminə  internet üzərindən Azərbaycan xalq və bəstəkar mahnılarının təbliği istiqamətində “FRİENDSHİP PROJECT”i  layihəsini həyata keçirib. Hazırda  bu sahədə dünyanın  musiqi mədəniyyətində öncül ölkələrlə   dostluq musiqi layihələri  çərçivəsində  fəaliyyətini davam etdirir. Deyir ki, ailəmin dəstəyi ilə Danimarka, İspaniya, Türkiyə, Pakistan, İran, İsrail, Peru, Braziliya və başqa ölkələrin sənətçiləri ilə Azərbaycan musiqisinin maraqlı sintezini aranjıman edərək video formatda təqdimatlar etmişəm. Yaxın gələcəkdə argentinalı musiqiçi Tomas Fiszman  və makedoniyalı musiqçi Aleks Petkovski ilə Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını  da yeni formatda təqdim edəcəyik .

             

Layihələrimdən ibarət  albom da yayımlanıb

 

İstedadlı gənclə söhbətimiz o qədər maraqlı keçirdi ki.  sanki ruhum göylərə qanadlanırdı. Bunu Məhəmməd  özü də ona xüsusi maraqla diqqət kəsilməyimdən  hiss edirdi. Həmsöhbətim  fikrini davam etdirdikcə   hələ sənətdə demək olar ki. ilkin addımlarını atan bir yeniyetmənin uğurlarına heyran  qalmaya bilmirdim. O, deyir:- Düşünürəm  ki, bu layihələrim həm musiqimizin  təbliğinə, həm də xarici ölkələrlə mədəni dostluq əlaqələrimizin genişlənməsinə müəyyən qədər xidmət göstərir. Artıq bir neçə layihəmdən ibarət albom rəqəmsal platformada yayımlanıb.

                           

”Zəfər  marşı”

    

...44 günlük Vətən Müharibəsindəki qələbəmizə həsr etdiyim “Zəfər marşı” Heydər Əliyev adına Hərbi İnstitutun Orkestri və  AMK-nın tələbə xoru, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagird xoru , eləcə də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Orkestri və bir çox başqa  məktəblərin şagirdləri  tərəfindən  ifa edilib. Heydər Əliyev adına Hərbi İnstitutun Orkestrinin çıxartdığı CD albomunda da  mahnım yer alıb. Bəstəm həmçinin Milli Qəhrəman Cingiz Mustafayev adına hərbi vətənpərvərlik müsabiqəsində 70 mahnı arasında seçilən 4 əsərdən  biri olub.

                     

“Mən azərbaycanlıyam”

     

Ulu öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr etdiyim Zəlimxan Yaqubun sözlərinə   yazdığım “Mən azərbaycanlıyam”  mahnısını təqdim etdim . Mahnı mənim və  “Şuşam” xoru (bədii rəhbər əməkdar müəllim Təranə Yusifova ) Bakı Musiqi Akademiyasının tələbə orkestri tərəfindən  ifa olunub.Mahnının bəstəsi , aranjımanı, piano,vokal partiyası özümə məxsusdur.

   

Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycan milli rəqsi “Tərəkəmə” ni də caz üslubunda hazırlayıb təqdim etmişəm.

       

Fortepianoda muğamlarımızı ifa edən ilk yeniyetməyəm

 

Milli muğamlarımızı isə  klassik üslubda dəstgah şəklində  fortepianoda  təqdim etmişəm  və fortepianoda mugamlari ifa edən ilk yeniyetmə  ifaçı olmuşam. Hazırda mugam  albomu üzərində  çalışıram. Artıq “Şur”, “Bayatı-şiraz”, “Zabul” “Humayun”  muğamlarım da təqdimata hazırdır. Milli musiqi üzrə ustadım  AMK-nın baş müəllimi Mahmud Əliyevdir. “Qarabağ şikəstəsi” muğamını da  ilk  yeniyetmə olaraq  folk caz üslubda  13 yaşımda UNESCO –nun təşkilatçılığı ilə  Muğam Mərkəzində keçirilən Beynəlxalq caz gününə həsr olunan  tədbirdə ifa etmişəm.  Hələ 11 yaşımda olarkən bəstələdiyim “Payız” əsəri  yerli serialların birində soundtrack kimi səsləndirilib.  Hazırda Qarabag albomu uzərində  işləyirəm. Bəstələrimdən ibarət kitab, fortepiano pyeslərimi  müəllimim Pikə xanim Axundova ilə birgə  hazırlayıram.

                  

Qarabağa həsr etdiyi albom

 

Qarabağa həsr etdiyim albomda öz bəstələrim və “Qarabağ şikəstəsi”  yeni üslubda yer alacaq. Sənət yolunda mənə dəstək olan insanlara  başda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti , professor Siyavuş Kərimiyə  diqqət və  qayğısına görə təşəkkürümü ifadə edirəm. Eləcə də təhsil ocağının direktoru Aytən xanım Əhmədovaya, caz ustadım xalq artisti Salman Qəmbərova və  müəllimlərimə  olduqca minnətdaram.

 

Caz musiqisində 8 yaşımda  ilk ustadım  Musiqi Akademiyasının müəllimi  Rövşən Rzayev olub. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının Caz nominasiyası üzrə 14-17 yaş arasında “peşəkar” kateqoriya üzrə  I yerə  layiq görülmüşəm .

 

2022-2023- cü illərdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qazax və Qax rayonlarında keçirilən Caz Camp-da iştirak etmişəm və  fəal gənc kimi  diplomlarla təltif olunmuşam. Kapitanı olduğum komandamla birlikdə   idman və musiqi yarışının da qalibi olmuşam.

                  

I Beynəlxalq caz festivalı

       

2019-cu ildə Bakı Musiqi Akademiyası tərəfindən keçirilən  I Beynəlxalq Caz Festivalın caz üzrə qalibi  adını qazanaraq  I yer tutdum. Baku caz festivalı tərəfində keçirilən  “I am jazzman”  beynəlxalq caz musabiqəsində  isə yaş məhdudiyyəti 14-35 yaş  arası olmasına baxmayaraq 11  yaşımda xüsusi priz, 13 yaşımda isə II yerin sahibi oldum.

  

Hələ 15 yaşında ikən  qeyri-adi istedad sahibi olan Məhəmmədin  qazandığı uğurları sadalamaqla qurtaran deyil. Xüsusi heyranlıqla dinlədiyim bu nailiyyətlər  əminlik yaradır  ki,  həmsöhbətim sözün tam mənasında fövqəl bir istedad sahibidir və onun gələcəkdə imza atacağı uğurlara  öncədən sevinməyə  haqqımız da çatar. Bu əminlik onun zəngin tərcümeyi-halında işıq kimi bərq vurur.

    

Sifai SƏFƏROVA