Ötən 5 ilin hesabatı, növbəti 5 ilin hədəfi


Şəhərimizin ən möhtəşəm binalarından biri ölkə səviyyəsində, sadəcə 5 ildən bir baş verən və sayca XVI olan Azərbaycan müəllimlərinin qurultayına ev sahibliyi edir. Zarafat deyil, ölkənin dörd bir yanından gələn yüzlərlə müəllim, konkret desək, ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qarşılanıb-yola salınacaq. Elm və Təhsil Nazirliyinin planlı təşkilatçılığı ilk andan diqqət çəkir. Qonaq çox olsa da, qarşılama qüsursuz, xidmət yüksək səviyyədədir. Binadakı monitorlar XVI qurultaydan xəbərlər verir, ayrıca “XVI qurultay” adlı hər kəsə açıq internet şəbəkəsi var, hər cür texniki imkanları ilə “Media mərkəzi” jurnalistlərin ixtiyarındadır.

 

Bu qurultayın ayrı bir özəlliyi də var. XVI qurultay Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Beləliklə, qurultay öz işinə başlayır, təbii ki, mənəvi borcunu yerinə yetirəndən sonra. Əvvəlcə, qurultay iştirakçısı olan müəllimlər Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının uşaq xoru ilə birlikdə Dövlət Himnini oxuyub, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın və ötən qurultaydan keçən müddət ərzində vəfat etmiş təhsil işçilərinin xatirəsini yad edib.

 

İlk söz dövlət başçısınındır!

 

Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva ölkə Prezidenti İlham Əliyevin iştirakçılara ünvanlanan müraciətini oxuyub.

 

“Böyük qayıdış” ölkəmizdə növbəti bir neçə onilliyin planını müəyyənləşdirən proqramdır”

 

Ötən 5 ilin hesabatı, növbəti 5 ilin planları barədə elm və təhsil naziri Emin Əmrullayev danışıb. XV qurultaydan sonra görülən işlərin nəticələri, növbəti mərhələdə atılacaq addımların məqsədləri, aparılacaq islahatların istiqamətləri və maraq doğuran layihələr barədə məlumat verib.

 

Son 5 ilin ən böyük hadisəsi, Azərbaycan təhsilinə və elminə böyük imkanlar yaradan hadisə Qarabağda qazanılan hərbi qələbə və ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Bu böyük uğurdan sonra həyata keçirilən “Böyük Qayıdış” proqramında təhsillə bağlı bir sıra böyük istiqamətlər müəyyənləşdirilib və həmin istiqamətlər üzrə fəaliyyət yerinə yetirilib. Nazir Şuşa, Füzuli, Zəngilan, Laçın və Tərtər rayonları olmaqla Qarabağ və Şərqi Zəngəzurda 7 təhsil müəssisəsinin 84 müəllimlə şagirdlərin ixtiyarına verildiyi xəbərini qürurla paylaşıb.

 

“Böyük qayıdış” həm də ölkəmizdə növbəti bir neçə onilliyin planını müəyyənləşdirən proqramdır”, - deyən nazir Şuşa, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcərdə növbəti mərhələdə tikilib istifadəyə veriləcək məktəb planlarını da açıqlayıb.

 

Təhsildə pandemiya dövrü

 

Emin Əmrullayevin fikrincə, pandemiya dövrünün təhsilə təsiri uzunmüddət davam edəcək. O, fikrini əsaslandıraraq deyib ki, həmin müddətdə təhsil 200 gündən artıq distant formada keçirilib və 158 mindən çox şagird məktəbə bu formatda başlayıb: “200 gün bu uşaqların həyatına təsir etdi. Pandemiyanın təsirləri daha uzunmüddətlidir və tədqiqatlar məhz bu istiqamətdə aparılmalıdır. Azərbaycanda təhsil pandemiyadan əvvəl yüksələn xətlə inkişaf edirdi. COVID-19 dövründə eniş müşahidə edirik.Daimi ölçmələrlə bunu nəzərdə saxlamalı və növbəti 5 ildə pandemiyadan əvvəlki təhsil keyfiyyətinə qayıtmalıyıq”.

 

Elm və təhsilin vəhdətinə - birlikdə irəliləməsi və xüsusi inteqrasiyasına yönəlmiş daha bir böyük islahat ötən qurultayı Təhsil Nazirliyi olaraq keçirən Elm və Təhsil Nazirliyində struktur dəyişikliyidir. Bunu “mahiyyət dəyişikliyi” kimi dəyərləndirən nazir yaradılan 3 agentlikdən gözlənilənlərə diqqət çəkib.

 

Təhsildə erkən yaş dövrü Məktəbəqədər təhsil prioritetdir

 

Hazırda 1668 məktəbəqədər təhsil müəssisəsində 112 min uşaq təhsil alır. 2021-ci ildə “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə Prezidentinin Sərəncamından sonra dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə keçib. Uzun müddət müxtəlif bölgələrdə ayrı-ayrı təcrübə tətbiq olunsa da, hazırda həmin müəssisələrin hamısında vahid qaydanın tətbiqinə nail olunub.

 

Bu günün reallığı ondan ibarətdir ki, 16 mindən çox uşaq alternativ modellər, 91 min uşaq məktəbəqədər hazırlıq qrupları, 116 min məktəbəqədər təhsil müəssisələrində olmaqla, hazırda 5 yaşına qədər uşaqların 35.3 faizi məktəbəqədər təhsilə cəlb edilib. Hədəf bu göstəricini 2026-cı ilə qədər 50 faizə çatdırmaqdır. Sözügedən artıma isə alternativ modellərlə nail olunacaq.

 

Nazir hesab edir ki, 1-5 yaşı əhatə edən məktəbəqədər təhsilə bacardıqca çox diqqət yetirilməlidir. Əvvəla ona görə ki, digər təhsil səviyyələrində gördüklərimiz məhz bu mərhələdə etdiklərimizdir. Məsələn, tədqiqatlar göstərib ki, bir ildən çox məktəbəqədər təhsilə cəlb olunanlar orta hesabla 10 faiz daha yaxşı nəticə göstərir.

 

Ümumi təhsilə başlamadan uşaqların müəyyən hazırlıq keçməsi, heç olmasa, 1 il məktəbəqədər təhsilə cəlb edilməsinin önəmi 2014-cü ildən başlayaraq nəzərə alınır. Məktəbəhazırlıq qruplarının təşkili ilə başlayan prosesin 2023-cü ildə əldə olunan nəticəsi ondan ibarətdir ki, 5 yaşlı uşaqların 87 faizi əhatə olunub: “İstəyimiz odur ki, hər 5 uşaqdan biri, heç olmasa 1 il məktəbəqədər təhsilə cəlb olunsun. Bu, vacib indikatordur. Çünki həmin bir ilin təsiri olduqca böyükdür”.

 

Məktəbəqədər təhsilə diqqəti zərurətə çevirən ikinci amil qoyulan investisiya üzrə səmərəli geridönüş əldə edilməsidir. Belə ki, burada geridönüş digər təhsil pillələrindən 7-10 qat daha çoxdur: “Bu da iqtisadiyyatda təxminən 20-30 ildən sonra özünü göstərəcək”.

 

Ümumi təhsilə yanaşma dəyişməlidir

 

Ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiqinin önəminə diqqət çəkən nazir deyib ki, illərdir bu barədə danışılsa da, ciddi təsir görünmür: “Siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə baxdıqda görürük ki, təhsil 90 - 100 il ərzində dəyişməyib. Burada söhbət yanaşmaların, metodologiyanın, təhsil paradiqmasının dəyişməsindən gedir. 15-20 ildir səriştəyə əsaslanan təhsilə keçiddən danışırıq, amma məktəblərimizdə keçid baş verir, yoxsa yox, bu, olduqca vacib məqamdır”.

 

Məzmunda dəyişiklik “Ehtiyat dərsliklər”lə reallaşdırılır. Yeni tətbiq olunan dərsliklər daha mütərəqqidir və müasir qiymətləndirmə metodologiyalarına əsaslanır, amma bu dəyişikliyin nəticəsi hələ dəqiq ölçülməyib.

 

“Rəqəmsal bacarıqlar” yeni istiqamət olaraq bir neçə ildir məktəblərdə həyata keçirilir və artıq 53 şəhər və rayonda 532 məktəbdə 410 min şagirdi əhatə edir. Bu layihənin məktəblərdə tədris olunan və artıq qəbul imtahanlarına da salınan informatika fənni ilə fərqinə toxunan nazir deyib ki, rəqəmsallaşma və texnoloji transformasiya  yeni məzmuna və daha çox layihə əsaslı öyrənməyə istiqamətləndirir: “Müəllimlərimiz 30 il əvvəl öyrəndiklərini mütləq həqiqət kimi uşaqlarımıza gələcək üçün də öyrətməyə davam etsələr, müəyyən mənada böyük risklər götürmüş olacaq. Ona görə də sinfə növbəti 30 ili əsas götürüb girməlisiniz”.

 

Əmək bazarı hələ onları görməyib!

 

400 məktəbdə, 25 mərkəzdə 4 mindən çox sinfi və 180 min şagirdi əhatə edən STEAM layihəsi də uğurla davam edir. 2026-cı ildə 280 min şagirdin STEAM əsaslı tədrisə cəlbi nəzərdə tutulub.

 

Fənlərin bir yerdə qarşılıqlı inteqrasiya olunmuş şəkildə tədrisinə diqqət edilməsə, bunun şagirdə təsiri neqativ və böyük olacaq: "STEAM-ın mahiyyəti də fərqlidir. Çünki bir çoxu üçün oyuncaq kimi görünən dronu uçurmaq böyük diqqət tələb edir. Bunun üçün şagirdin kifayət qədər riyaziyyat və kimyadan biliyi, mühəndislik, dizaynetmə, proqramyazma bacarıqları olmalı, dronu uçura bilmək üçün fizikanı bilməlidir”.

 

Ötən qurultaydan bəri artıq III STEAM festivalının keçirildiyini, şagirdlərin necə böyük motivasiya ilə bu layihəyə qoşulduğunu diqqətə çatdıran  Emin Əmrullayev STEAM-ın ilk dəfə tətbiq olunduğu siniflərin hələ məktəbi bitirmədiyini də vurğulayıb: “Əmək bazarı hələ bu uşaqları görmür. Əgər 410 min uşaq hazırda proqramlaşdırma öyrənirsə, bunun iqtisadiyyata və cəmiyyətə xeyri mütləq olacaq. Sadəcə olaraq zamana və səbr etməyə ehtiyacımız var”.

 

Sertifikatlaşdırma keyfiyyətə xidmət edir

 

Müəllimlərin sertifikatlaşdırılması və bu prosesin nəticəsi olaraq əməkhaqlarının artırılması son illərin ən böyük hadisələrindəndir: “Bu günə qədər 40 minədək müəllim sertifikasiyadan keçib. Onların 32 mini uğur qazanıb və əməkhaqlarına əlavələr edilib. Misal üçün bu gün 33 saat dərsi olan 950 müəllim (0.7faiz) 2000 və daha artıq əməkhaqqı alır”.

 

Sertifikatlaşdırma, ilk növbədə keyfiyyətə xidmət edən addım olsa da, diferensiallaşmış əmək haqqına keçid sayəsində bacarıqlı müəllimlərin qiymətləndirilməsini də təmin edib. Amma başqa bir vacib məqamı da ortaya çıxarıb: “Müəllimin əməkhaqqını təyin edən onun dərs saatlarıdır. 28 min müəllimin cəmi 7 saat dərsi var. Bu, iki vacib məqamı göstərir. Birinci, sistemdə ehtiyacdan çox müəllim var. İkincisi, müəllimlər məktəbə bir neçə saat dərs dediyi yer kimi baxır. Məncə, müəllim məktəbə bu cür yanaşmamalıdır. Məktəb müəllimin hərdən-bir getdiyi yer olanda təhsil sisteminin inkişafı çətin olur. Ona görə də növbəti illərdə müəllimlərin bir qisminin tam ştat olaraq məktəbdə çalışmasına nail olacağıq”.

 

Müəllimlərin karyera inkişafında mərhələliliyin təmin edilməsi üçün də nazirliyin bəzi planları var. Məktəblərdə metodist müəllimlərin fəaliyyəti, o cümlədən bacarıqlı, səriştəli müəllimlərin əməkdaşlığına nail olmaq prioritetlər sırasındadır.

 

Səriştəli, bacarıqlı müəllimlərin direktorların işə qəbulu müsabiqəsinə qatılması da maraq doğuran məsələlərdəndir. Elm və təhsil naziri direktorların əməkhaqqına əlavələrin tətbiqindən sonra bu vəzifəni tutmaq istəyənlərin sayının çoxaldığını bildirib. O qeyd edib ki, hazırda 896 direktor 2050 manat orta aylıq əməkhaqqı alır: “Əvvəl savadlı müəllim direktor olmağa maraq göstərmirdi, amma əməkhaqqı artımından sonra yüksək nəticə göstərən müəllimlərimizin marağının artdığını müşahidə edirik”.

 

Xərclər çox olan yerdə keyfiyyət yuxarı deyil

 

Nazir Emin Əmrullayev məktəblərə xərclənən vəsaitə də diqqət çəkib. Dövlət vəsaitinin daha düzgün, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşma tədbirlərinə ehtiyac gördüklərini dilə gətirib. Belə ki, şagirdlərə düşən adambaşına maliyyələşmə qeyri-bərabər paylanıb. Məsələn, şagird sayı 30-a qədər olan 477 təhsil müəssisəsində 1 uşağa 7 min manat xərclənir ki, bu rəqəmlər bəzi özəl məktəblərin qiymətlərinə bərabərdir: “Lakin həmin məktəblərdə keyfiyyət əldə edə bilmirik. Bu da o deməkdir ki, sinifdə sıxlığın az olması məktəbdə şagirdlərin daha yaxşı oxuması anlamına gəlmir. Bu nəticə həm də müəllimdən asılıdır. Eyni zamanda, rasionallaşmaya ehtiyac var, deməkdir. Elə məktəbimiz var, orada bir şagirdə 64 min manat xərcləyirik. Halbuki həmin bir şagird üçün 64 min manata daha çox iş görə bilərik. Bu nümunə ilə dövlət vəsaitinin daha səmərəli, daha nəticəyönümlü istifadəsini nəzərdə tuturuq. Bakının böyük məktəblərinin birində orta hesabla bir şagirdə 600 manat xərclənirsə, hansısa ucqar kənddə bu rəqəm 30 min manatdır. Bu, əlavə paylanma baxımından ədadətli deyil. 600 manat xərclənən məktəb daha yaxşı nəticə verir”.

 

Dalandan çıxan peşə təhsili

 

Peşə təhsilində əsas istiqamət daha çox insanın peşəyə yiyələnməsidir. Bu prinsiplə görülən tədbirlər sayəsində artıq 21 min peşə təhsili alan şəxs var. Artıma yeni proqramların və yüksək texniki peşə təhsilinin tətbiqi sayəsində nail olunub və 2026-cı ildə peşə təhsili alanların 27 min olacağı gözlənilir.

 

Nazirin fikrincə, məhz yüksək texniki peşə təhsilinin verdiyi imkanlar sayəsində peşə təhsili insanların karyerasında dalan rolu oynamır və cəlbediciliyi artıb.

 

Peşə təhsilinin cəlbediciliyi həm də müasirləşən infrastruktur və yüksək tələbat olan ixtisaslar sayəsində artır. Hətta texniki və sənaye istiqamətli bəzi ixtisaslara qəbulda rəqabət də yaranır.

 

Ali təhsil müəssisələrinin rəqabətliliyi və reytinqlərdəki yerinin yüksəlməsi hədəfimizdir

 

Ali təhsilin əlçatanlığı istiqamətində mühüm işlər görülür və son illər qəbulda 40 faiz artımı göstərən rəqəmlər məhz bu fəaliyyətin nəticəsidir.

 

Xaricdə təhsil üzrə Dövlət Proqramı bərpa edilib və 2022-2023-cü təhsil ilində 336, bu tədris ilində isə 717 nəfər tam təqaüdlə dünyanın nüfuzlu universitetlərinə oxumağa göndərilib: “Ötən il rekord göstəricilər olub. 49 nəfər məzunumuz dünyanın ən nüfuzlu 10 universitetinə qəbul olunub. Eyni ildə Harvard universitetinə 9 nəfərin qəbul olunması tariximizdə bir ilk idi. İnanıram ki, həmin uşaqlar təhsilini başa çatdırıb geri qayıtdıqdan sonra ölkəmizin inkişafına öz töhfələrini verəcəklər”.

 

Azərbaycan dövləti hazırda xaricdə təhsilini davam etdirən 252 doktorantın da dövlət proqramının şərtlərinə uyğun olaraq qayıdıb təhsilə öz töhfələrini verəcəklərini gözləyir.

 

Ali təhsildə əlçatanlığa yönələn addımlardan biri təhsil tələbə kreditləridir. 2022-2023-cü tədris ili üzrə 20 min, 2023-2024-cü tədris ili üzrə isə 26 min nəfər təhsil tələbə kreditindən faydalanıb.

 

Hədəfdə ali təhsil müəssisələrinin rəqabətliliyi və reytinqlərdəki yerinin yüksəlməsidir: “2026-cı ildə 3 ali təhsil müəssisəsinin Top-800-lüyə düşməsini hədəfləyirik. İnanırıq ki, bu, mümkündür. Çünki ali təhsil müəssisələrimizin Top-1000-liyə düşməməsinin bir neçə obyektiv səbəbi var və onlardan biri universitetləri profillərinə görə bölməyimizdir”.

 

Davamlı iqtisadi inkişafın təhsildən tələbi

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev təhsil sahəsinə ayrılan xərclərin ildən-ilə artdığını, qanunvericilik bazasının möhkəmləndirildiyini, müəllim ixtisasına qəbulda keçid balının artdığını, sertifikasiyanın tətbiqi ilə müəllimlərin sosial müdafiəsinin gücləndirildiyini, təhsildə keyfiyyət təminatının şəffaf mexanizmlərinin hazırlandığını qeyd edib. Komitə sədri də peşə təhsilinin əhatəsinin artırılmasının önəminə diqqət çəkib: “Bu gün ali təhsilalanların sayı peşə və orta ixtisas təhsili alanların sayından 3 dəfə çoxdur. Əmək bazarının tələblərinə uyğun yeni peşə standartlarının və təhsil proqramlarının işəgötürənlərlə birlikdə hazırlanması, peşə təhsilinə qəbulun genişləndirilməsi davamlı iqtisadi inkişafın zəruri tələbidir”.

 

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli diqqəti orta məktəblərdə keçilən humanitar fənlərdə tarixin, cəmiyyətin dövrləşmə prosesinə çəkib: “Bu istiqamətdə islahatların aparılmasına ehtiyac var və Akademiya olaraq buna başlamağı özümüzə borc bilmişik. Artıq Azərbaycan ədəbiyyatının dövrlər üzrə konsepsiyası və inkişaf mərhələləri orta məktəbdə və akademik tədqiqatlarda əksini tapıb. Yeni inkişaf mərhələləri hazırlanarkən azərbaycançılıq prosesi, dünya sivilizasiyaların inkişaf tarixi, dövlətçilik tarixi və real ədəbi prosesləri nəzərə alınıb. Hazırda Azərbaycan tarixinin inkişaf konsepsiyası və mərhələləri üzərində iş gedir. İncəsənətin inkişaf mərhələləri müzakirə prosesindədir. Bunlar bir-birinə çox yaxındır və dərsliklərdə də öz əksini tapmalıdır”.

 

Təxminən 5-10 ildən sonra məktəblərdə tədris etdiyi fənni güclü bilən müəllimlər işləyəcək

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirilən imtahanların nəticələrinin təhlilinə əsaslanaraq fənlər üzrə müəllimlik ixtisaslarına qəbul olan abituriyentlərin ballarını müqayisə edib. Onun sözlərinə görə, məhz riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasları üzrə olan nəticələr daha yüksəkdir. Bunu həmin fənlərin buraxılış imtahanında olması ilə əlaqələndirən M.Abbaszadə pedaqoji ixtisaslara qəbul planının artdığını deyib. Builki qəbulun 20 faizini məhz pedaqoji ixtisaslar təşkil edib. Maraqlıdır ki, hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir. Oğlanlar, əsasən texnologiya sahəsi üzrə görülür. Bu il pedaqoji ixtisaslar üzrə abituriyentlərin orta bal göstəricisi 343, riyaziyyat müəllimliyinə 450 baldan yuxarıdır. Müəllimlik ixtisasını seçən abituriyentlər daha çox bölgələri təmsil edirlər, lakin bu il şəhər abituriyentlərinin də sayı artıb.

 

M.Abbaszadə bildirib ki, ölkədə pedaqoji kadrların keyfiyyət göstəriciləri daim ölçülür: “Növbəti 5-10 ildən sonra müəllim ordusunun tərkibini müəyyən etmək məqsədilə pedaqoji ixtisaslara qəbulla bağlı geniş araşdırma və təhlillər aparırıq. Araşdırmanın nəticələri tam şəkildə hər fənn üzrə ayrılıqda Elm və Təhsil Nazirliyinə təqdim olunacaq, eyni zamanda “Abituriyent” jurnalının 12-ci sayında dərc olunacaq”.

 

Hər il olduğu kimi, bu il də ayrı-ayrı şəhər və rayonların, məktəblərin məzunlarının imtahan nəticələri müvafiq regional təhsil idarələrinə təqdim olunacaq: “Təhsil sahəsində islahatlar aparılarkən statistik təhlil mütləq nəzərə alınmalıdır. Yalnız bu yolla hansı istiqamətdə getdiyimizi, qoyduğumuz hədəflərə nə dərəcədə yaxın olduğumuzu müəyyən edə bilərik”.

 

Elektron imtahanların standartlaşdırılması və bu imtahanların rəqəmsal əlçatanlığının artırılması hədəfinə çatmaq üçün 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələdə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra iştirakçı sayı 2000-dək olan imtahanların həmin məktəblərdə onlayn şəkildə keçirilməsi nəzərdə tutulur: “Daha kütləvi imtahanların bu formata keçirilməsi bir qədər çox vaxt tələb edir ki, bu da bizdən asılı olmayan səbəblərlə bağlıdır. Bu layihənin Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılır”.

 

“Daha bir vacib hədəfimiz - rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq təhsilalanların səriştələrinin yoxlanılmasıdır. Bu, təkcə informatika dərslərində rəqəmsal kompetensiyaların deyil, digər fənlərdən də bilik və bacarıqların yeni formatda qiymətləndirilməsini nəzərdə tutur”, -deyə M.Abbaszadə əlavə edib.

 

“Belə proqramlar ali təhsili xüsusilə bölgələrdəki gənclərimizə daha əlçatan edəcək”

 

Qurultayda çıxış edən rektor Hafiz Paşayev keyfiyyətli müəllimlərin axtarışı və yetişdirilməsi istiqamətində ADA Universitetində məqsədyönlü fəaliyyətə diqqət çəkib. Müəllimə olan ehtiyac, sadəcə xaricdə təhsil alan kadrlar hesabına ödənilməyib, universitet öz üzərinə keyfiyyətli müəllim yetişdirilməsi məqsədini də qoyub: “Firidun bəy Köçərli və Badisəba xanımın fəaliyyəti barədə cəmiyyətimiz nə qədər biliklidir? Öz təcrübəmdən deyim ki, tələbə olarkən maarif və pedaqogikanı bizə əcnəbi nümunələrlə tədris edirdilər. Amma Firidun bəy Köçərli və onun xanımı kimi tarixi şəxsiyyətlərimizin adları dərsliklərdə çəkilmirdi. ADA Universiteti bu milli irsi davam etdirərək ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək üçün üç ildir ki, “Bir müəllimin manifesti” proqramını həyata keçirir. Biz burada illərlə topladığımız elmi-pedaqoji təcrübəni bölgələrdəki məktəblərə və müəllimlərə ötürməyə çalışırıq. Universitetimiz rayonlarda qabaqcıl müəllimləri seçib ixtisasartımı üçün ADA-ya gətirir. Həmin müəllimlər, həmçinin ADA Universitetinin Vaşinqton Mərkəzində beynəlxalq təhsil təcrübəsi ilə də tanış ola bilirlər.

 

Qazaxdakı təcrübəmizi artıq Şəki və Gəncədə tətbiq etməyə başlamışıq. Bu prosesə İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universitetindəki tərəfdaşlarımızı da cəlb edəcəyik”.

 

Dünya iqtisadiyatının və iş bazarının sürətlə dəyişməsi ali təhsildə yeni modellərin tətbiqini tələb edir, onun daha çevik və qısamüddətli olmasına imkan yaradır. Gənclər qısa zamanda həm bilik, həm də bacarıq qazanaraq iş bazarına tam yararlı olmaq istəyirlər. ADA Universiteti öz fəaliyyətində bu istəyi də nəzərə alıb. Burada üçillik ali təhsil modelinin tətbiqi üzərində iş gedir: “Belə proqramlar ali təhsili xüsusilə bölgələrdəki gənclərimizə daha əlçatan edəcək”.

 

Qurultayda müəllim sözü

 

Qurultayda müəllimlərə də söz verilib. Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, Bərdə şəhəri 7 nömrəli tam orta məktəbin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Ceyhun Əsədov təhsilə və müəllimlərə göstərilən dövlət qayğısından, ölkəmizdə müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan danışıb, müəllimlərin sertifikatlaşdırılması və diferensial əməkhaqqı sisteminin tətbiqinin onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirdiyini, eləcə də Azərbaycan müəllimlərinin üzərinə düşən missiyanı hər zaman şərəflə yerinə yetirdiklərini vurğulayıblar.

 

Panel sessiyalarda

 

Plenar iclasdan sonra qurultay öz işini panel sessiyalarla davam etdirib.

 

Sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Baş nazirin sabiq müavini Əli Həsənovulu öndərlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin xidmətlərindən danışıblar.

 

“Elm və ali təhsilin inteqrasiyası” panelində Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizovun moderatorluğu ilə elm və təhsil sahəsinin inteqrasiyası mövzusunda müzakirə keçirilib. Qeyd olunub ki, ixtisas sahələrinin sayı iş yerlərinin tələblərinə uyğun olmalıdır. Müzakirələrdə ali təhsil və elm arasında inteqrasiyanın doğru prinsiplər əsasında qurulmasının vacibliyi, universitetlərdə müəllimlərin dərslərə yanaşma formasının mühümlüyü, həmçinin müəllimlərin təkmilləşdirilməsi əsas məsələ kimi vurğulanıb.

 

Sessiyada elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri Dilqəm Tağıyev və İradə Hüseynova iştirak ediblər.

 

Digər paneldə “Azərbaycan dili yeni çağırışlar müstəvisində” mövzusu ətrafında müzakirələr aparılıb. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyevanın moderatorluğu ilə Azərbaycan dilində oxu, yazı, nitq problemləri, o cümlədən dilin tədrisində müşahidə edilən məsələlərə diqqət çəkilib. 

 

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, ümumi təhsil müəssisələri üçün Azərbaycan dili dərsliklərinin həmmüəllifi Rafiq İsmayılov, yazıçı-publisist Aqşin Yenisey panel müzakirələrdə çıxış edərək ana dilinin təbliği, oxu vərdişlərinin aşılanmasında müəllimlərin rolunu vurğulayıblar.

 

Müzakirələrdə Azərbaycan dilinin tədrisi ilə bağlı təkliflər də verilib.

 

“İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” paneli isə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə keçirilib. Panel müzakirələrdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Qarabağ Dirçəliş Fondunun Beynəlxalq əlaqələr və dövlət qurumları ilə iş şöbəsinin müdiri Aynurə Hacıyeva və Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova iştirak ediblər.

 

Müzakirələrdə işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərindən bəhs edilib, həmçinin Ağdam, Füzuli rayonlarında aparılan və yekunlaşmaq üzrə olan layihələrdən danışılıb.

 

Qurultayın ilk günü “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzuları üzrə də müzakirələr təşkil edilib.

 

Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Pərvinə Qədimovanın moderatorluğu ilə keçirilən “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi” panelində bu təhsil pilləsi üzrə sözügedən məsələlər barədə müzakirələr aparılıb. Bununla yanaşı, tədris prosesi zamanı qarşıya çıxan çətinliklər səsləndirilib, onların həlli istiqamətində iştirakçıların təklifləri dinlənilib və bu istiqamətdə göstərilə biləcək dəstəklə bağlı söhbət edilib.

 

“Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar” panelində bu fənlərin tədrisi ilə bağlı məsələlər müzakirə olunub. Fənn müəllimləri Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmovanın moderatorluğu ilə tədris prosesində qarşıya çıxan problemlərdən danışılıb, onların həlli istiqamətində fikir və təkliflər səsləndirilib.

 

Növbəti panel “Müasir dövrdə təbiət fənlərinin tədrisi” mövzusunda olub. “Təbiət” və “Həyat bilgisi” dərsliklərinin həmmüəllifi Yalçın İslamzadənin moderatorluğu ilə aparılan sessiyada fənnin tədrisi zamanı müəllimlərin qarşılaşdıqları problemlər, yeni dərsliklərin tərtibatı məsələləri vurğulanıb. Eyni zamanda təbiət fənlərinin tədrisi üzrə müəllimlərin rəy və təklifləri dinlənilib, bununla bağlı müzakirələr aparılıb.

 

Riyaziyyat fənninin məzmunu və tədris metodikasından bəhs olunan “Müasir dövrdə riyaziyyat fənninin tədrisi” panelinin moderatoru Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksinin riyaziyyat müəllimi Nigar Əliyeva olub. Panel müddətində şagirdlərdə riyazi düşüncənin əhəmiyyəti, onların riyaziyyat fənninin mənimsənilməsi zamanı qarşılaşdıqları çətinliklərdən danışılıb və məktəblilərə riyazi həllərə dair məsələlərin mahiyyətinin aydınlaşdırılmasının əsas məqam olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, müzakirələrdə riyaziyyat fənninin tədrisində diferensial təlimin təşkili, şagirdlərin riyazi-məntiqi təfəkkürünün inkişaf etdirilməsi  və fənnin tədrisi ilə bağlı təkliflər dinlənilib.

 

“Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış” panelində “Tarix və coğrafiya fənlərinin müasir tədrisi necə olmalıdır?”, “Problemlər və onların həll yollarını necə görürsünüz?” sualları ətrafında müzakirələr aparılıb, iştirakçıların fikirləri dinlənilib.

 

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin baş mütəxəssisi Aygün İsgəndərovanın moderatorluğu ilə keçən “Xarici dillərin öyrənilməsi: yeni imkanlar” panelində ümumi təhsil müəssisələrində tədris olunan müxtəlif xarici dillər haqqında müzakirələr aparılıb və xarici dillərin tədrisində tətbiq olunan yeniliklər barədə məlumat verilib.

 

“İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu” panelində bu fənlərin tədrisində istifadə olunan metodlardan danışılıb. Sessiyada qeyd edilən fənlər üzrə standartlar, qarşıya çıxan problemlər dinlənilib, müəllimlərin rəy və təklifləri müzakirə olunub.

 

Digər panelin mövzuzu isə “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s.” olub. “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərovun moderatorluğu ilə keçirilən paneldə yeni STEAM mərkəzlərinin yaradılması, layihənin əhatə dairəsinin genişləndirilməsi, şagirdlərin bu təhsil yanaşmasına fəal surətdə cəlbi, eləcə də  STEAM yanaşmasının tətbiqi üzrə statistik məlumatlar iştirakçılarla bölüşüb.

 

“Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova isə XXI əsr bacarıqlarının şagirdlərdə formalaşdırılması baxımından ölkəmizdə uğurla həyata keçirilən layihənin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi, informatika fənninin tədrisi, eləcə də “Alqoritmika” şirkəti ilə əməkdaşlıq çərçivəsində görülmüş  işlər barədə məlumat verib.

 

Panel sessiya fəal sual-cavab formatında davam etdirilib, müəllimlərin təklifləri dinlənilib.

 

Qurultay işini “Heydər Əliyev adına təqaüd”ün təqdimatı ilə yekunlaşdırdı

 

Dekabrın 16-da Azərbaycan müəllimlərinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayı başa çatıb.

 

Bağlanış mərasimində Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Leyla Xəlilova Rzazadə qurultayın qətnaməsini oxuyub.

 

Ardınca isə qətnamə qəbul edilib.

 

Sonda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub.

 

Qurultay konsert proqramı ilə başa çatıb.

 

Ruhiyyə DAŞSALAHLI,

Oruc MUSTAFAYEV,

Lamiyə ƏLİMƏRDANOVA