Dekabrın 21-də elm və təhsil nazirinin müavini İdris İsayev Zərdab rayonuna səfər edib. 

 

Əvvəlcə şəhərin mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

 

Sonra nazir müavini Zərdab şəhəri H.Zərdabi adına 1 nömrəli məktəb-lisey, Zərdab şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçası və Zərdab rayonu Peşə liseyində tədris prosesini izləyib, yaradılmış şəraitlə tanış olub.

 

Daha sonra nazir müavini adıçəkilən müəssisələrin kollektivi ilə görüşüb, onlarla söhbət aparıb və təkliflərini dinləyib.

 

İdris İsayev Zərdab rayonuna səfəri çərçivəsində təhsil müəssisələrinin rəhbərləri ilə də görüşüb. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə giriş nitqi ilə çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov rayon üzrə cari tədris ilində əldə olunmuş nəticələr, uğurlar və görülmüş işlər barədə məlumat verib. 

 

Daha sonra çıxış edən nazir müavini İdris İsayev təhsil müəssisələrinin rəhbərlərini salamlayaraq ölkə başçısının uğurlu daxili siyasəti nəticəsində işğaldan azad olunan ərazilərdə təhsilin bərpası məsələlərini vurğulayıb. Nazir müavini nazirlik tərəfindən ötən dövr ərzində təhsil islahatlarının aparıldığını, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin növbəti illərdə yenidən təşkil olunacağını, eləcə də məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinin zəruriliyini qeyd edib. 

 

İdris İsayev həmçinin ümumi təhsil müəssisələrinin idarə olunması və təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb.

 

Daha sonra təhsil işçilərinin sualları cavablandırılıb, təklifləri dinlənilib.

 

Nazir müavini İdris İsayev səfər çərçivəsində vətəndaşları qəbul edib, müraciətlərin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə həlli ilə bağlı tapşırıqlar verib.