Onlar XVI qurultayda iştiraklarından qürurla danışırlar


Azərbaycan müəllimlərinin növbəti qurultayı başa çatdı. Növbəti 5 il üçün hər biri öz qeydlərini götürdü, təkliflərini qeydə aldırdı. Fəaliyyəti dövründə ilk dəfə qurultay iştirakçısı olan müəllimlər buradan böyük ruh yüksəkliyi, özgüvən, məmnuniyyət hissi ilə ayrıldı. Aralarında təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşənlər də oldu.

 

“Bu şanlı tarixin iştirakçısı olduğum üçün fəxr edirəm!”

 

 

Bərdə şəhəri 7 nömrəli tam orta məktəbin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Ceyhun Əsədov qəhrəman olaraq qazandığı medalları təhsil sahəsində əldə etdiyi və edəcəyi nailiyyətlərlə bərabər təqdim etməyin qürurunu yaşayır: “Talış, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. “Suqovuşanın azad edilməsinə görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişəm. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bu şanlı tarixin iştirakçısı olduğum üçün fəxr edirəm. Bu qələbə dövlətimizin də qüdrətini bütün dünyaya nümayiş etdirdi. Mən tarix müəllimiyəm və düşünürəm ki, tarixin, xüsusən Azərbaycan tarixinin tədrisində yeni yanaşmalar tələb olunur. Bununla bağlı fikrimi və təkliflərimi panel müzakirələrdə bildirdim. Düşünürəm ki, tarix fənninin tədrisində də müasir dövrün çağırışlarını nəzərə almalı, məsuliyyətli şagirdlər yetişdirməliyik”.

 

 

“Rayonumuza və məktəbimizə zəngin düşüncələrlə qayıdıram”

 

Xaçmaz rayonundan qurultaya qatılan ibtidai sinif müəllimi Bibixanım Mirzəmmədova şəhid anasıdır: “Şəhid Sərxan Mirzəmmədovun anasıyam. Bunu deməkdən qürur duyuram. Bu mərtəbəyə məni oğlum çatdırıb. Qəhrəmanlığı ilə özü Eloğlu oldu, məni də Şəhid anası etdi!

 

Qurultayın keçirildiyi bu dövr əlamətdar hadisələrlə zəngindir. Belə bir tədbirdə iştirak etmək qürurvericidir. Bu iştirakımın təcrübəmə böyük qatqısı olduğunu hiss edirəm. Rayonumuza və məktəbimizə zəngin düşüncələrlə qayıdıram. Burada iştirak təhsilimizin müasir vəziyyətini, müasir yanaşmalara münasibətini daha yaxından görmək imkanı qazandırdı. Gördüklərimdən, eşitdiklərimdən qürur duydum. Azərbaycan düşmən münasibətindən əsrlərdir əziyyət çəkdiyi bir qonşu ilə yaşamaq məcburiyyətindədir. Şagirdlərimə həmişə deyirəm, biz böyük qələbəmizdən arxayınlaşmamalı, güclü təhsilimizlə dövlətimizin iqtisadi, siyasi, hərbi qüdrətini daha da artırmalıyıq. Bu gün daha yaxşı hiss etdim ki, təhsilimiz tezliklə bu tələbə cavab verəcək”.

 

 

“Qurultay hədəflədiyi məqsədlərinə çatdı”

 

 

Riyaziyyat müəllimi Afərin Əkbərli:  “Azərbaycan müəllimlərinin XVI qurultayı çox məhsuldar keçdi. Mən qurultayda “Müasir dövrdə riyaziyyat fənninin tədrisi” panelində maraqlı müzakirələrdə iştirak etdim. Azərbaycan müəllimlərinin bir araya gələrək fikir mübadiləsi aparmağına çox ehtiyac duyulurdu. COVID 19 pandemiyasından sonra yeni bir dövr yaşayırıq. Smartfonların, yeni texnologiyanın, süni intellektin sürətli inkişafı ilə biz artıq yeni şagird modeli ilə üzbəüzük. Bu baxımdan bizim bir-birimizlə təcrübələrimizi paylaşmağa çox böyük ehtiyacımız var. Elm və Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəhbərliyi səviyyəsində statistik təhlillərin verilməsi məncə, Azərbaycan müəlliminə mayak kimi yol göstərir. Mən hesab edirəm ki, qurultay hədəflədiyi məqsədlərinə çatdı və növbəti 5 il üçün biz müəllimlər nə edəcəyimizi bilirik”.

 

Müəllimin səsi eşidilir

 

 

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın Azərbaycan dili və ədəbiyyatı müəllimi, Əməkdar müəllim Fazil Ellazov sertifikatlaşdırma prosesinin qaliblərindəndir: “İlk dəfə qurultayda iştirak edirdim. Plenar iclas olduqca xoşuma gəldi. Çox möhtəşəm tədbir oldu. Panel müzakirələrdə yeniliklər barədə məlumat verdilər, müəllimlərin fikirləri, problemləri, təklifləri ilə tanış oldular. Hər təklifi qeyd etdilər. Məncə, əsas da budur. Müəllimin səsi eşidilirsə, onların fikirləri ilə bağlı tədbirlərin də görüləcəyi şübhə doğurmur”.

 

 

 

“Qurultay əhəmiyyətli islahatların başlanğıcı olacaq”

 

 

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi,  Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin direktoru, dosent Məhəbbət Babayeva ixtisas sahəsinə uyğun mövzularda müzakirələrə qatılıb: “Naxçıvan Dövlət Universitetindən XVI qurultaya qatılan 6 nəfərlik müəllim heyətində təmsil olunuram. Böyük fəxrdir ki, bu möhtəşəm sarayda, yüksək səviyyəli tədbirdə iştirak etdim. İlk dəfə belə mötəbər tədbirə qatıldım. Çox maraqlı moderatorlar vardı, əhəmiyyətli mövzular qoyulmuşdu və bu baxımdan hansı panelə qatılacağımıza qərar verməkdə çətinlik çəkdik. Təbii ki, ixtisas sahəmə uyğun mövzular seçdim və nəticə etibarilə səmərəli hesab etdiyim müzakirələrdə iştirak etdim, öz təkliflərimi verdim. Əminəm ki, bu qurultay  bütün regionlar üçün, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli islahatların başlanğıcı olacaq”.  

 

 

 

“Maraqlı fikirləri qeyd etdim ki, öz təcrübəmdə nəzərə alım”

 

 

Vətən müharibəsi iştirakçısı Vüsal Ramizov Cəbrayıl rayon Tatar kənd tam orta məktəbinin tarix müəllimidir. Qubadlı, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərə qatılaraq “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib: “5 ildir müəlliməm. Hazırda 2 yerdə işləyirəm. Cəbrayıl məktəbi ilə yanaşı, Beyləqanda da dərs aparıram. 2 dəfə müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmişəm və yüksək nəticə qazanaraq 2 yerdə işləmək imkanı qazanmışam. Müəllim olaraq nailiyyətlərim diqqət çəkib və bu qurultayda iştirak etmək hüququ qazanmışam. İlk gün “Ümumi təhsilin məzmununa müasir yanaşmalar” mövzusunda panel müzakirələrdə iştirak etdim. Qurultayın ikinci günündə tarix və coğrafiya fənlərinin tədrisində yeni yanaşmaları əhatə edən müzakirələrə qatıldım. Çox maraqlı fikirlər, təkliflər eşitdim. Müzakirələrin gedişində mən də öz fikirlərimi çatdırdım, maraqlı təklifləri qeyd etdim ki, öz təcrübəmdə nəzərə alım”.  

 

 

 

Qurultayda Füzulidə açılan İLK MƏKTƏBİ təmsil edirəm!

 

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova:  “Prezident İlham Əliyev və onun rəhbərliyi ilə şanlı zəfəri bizə bəxş edənlərə minnətdarlıq duyğusu ilə qurultayda iştirak etdim. Plenar iclasda mənə çıxış üçün söz verilmişdi. “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” panelində müzakirələrə də qatıldım. Təhsil işçisi olaraq hər birimiz fəxr edirik ki,  qurultayda çıxışçıların qeyd etdiyi zəfəri bizə bəxş edən qəhrəmanlar Azərbaycan məktəbinin, ölkə müəllimlərinin yetirmələridir.

 

2020-ci il oktyabrın 17-də öz azadlığına qovuşan Füzuli şəhəri də dağıntılara məruz qalıb. İndi orada müasir standartlara uyğun yaşayış kompleksləri yaradılır.  Qurultayda Füzulidə açılan ilk məktəbi təmsil edirəm. Bu da sözlə ifadə edilməsi çətin olan sevinc hissi verir. XVI qurultayda qürurla qələbəmizin nəticələrindən, təhsilimizin Qarabağa qayıdışından danışdıq. Əminəm ki, növbəti qurultayda qayıdışın böyük nəticələrindən danışacağıq”.

 

“Şagirdlərimizi gələcəyə hazırlamaq üçün...”

 

 

Əməkdar müəllim, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət də qürurludur: “Xarıbülbülün qərənfilə müjdəsinin sədası təhsil cameəsindən də yan ötmədi. Xoş müjdəli, Qarabağlı Azərbaycanın ilk olan, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə keçirilən Azərbaycan müəllimlərinin XVI qurultayında iştirakdan qürur duydum. Çox səmərəli və çox fərqli məzmunu ilə seçilən qurultaydan bəhrələnərək yeni ideyalar, mövzularla qayıdıram məktəbimizə. Düşünürəm ki,  öz pedaqoji fəaliyyətimdə səmərəli olacaq çox maraqlı fikirlər, təcrübələrlə tanış oldum. Yeni nəslin hazırlanmasında yeni baxışlar və yanaşmalardan danışıldı. Həmin yanaşmaların tətbiqindən sonra əldə edəcəyim nəticələri görmək üçün səbirsizlənirəm. Cənab nazir Emin Əmrullayevin çıxışında vurğuladığı kimi, şagirdlərimizi gələcəyə hazırlamaq üçün mütəmadi olaraq dünyanın nəbzini tutan  yeni və ən son məzmunu mənimsəyib, ötürmək vacibdir”.

 

 

 

“Müzakirələrdən sonra hiss edirəm ki, zəngin məlumat bazasına malikəm”

 

Ramin Əmrahov 3 ildir müəllimdir. Bərdə Peşə Liseyinin müəllimi olmaq üçün müsabiqəyə qatılıb və ən yüksək nəticə ilə müəllim olmaq, yüksək texniki peşə təhsili səviyyəsində dərs demək hüququ qazanıb. “Bu 3 ildə müxtəlif nailiyyətlərimiz olub. STEAM Azərbaycan festivalına qatılmışıq. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək yüksək nəticə əldə etdim. Buna baxmayaraq, ikinci iş yeri seçmədən peşə liseyində fəaliyyətimi davam etdirirəm.

 

Gələcəkdə yaxşı müəllim olmaq üçün öz üzərimdə yorulmadan işləyirəm. “Peşə təhsili və gələcək üçün bacarıqlar” mövzusunda panel müzakirələrə qatıldım. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov spikerlərdən biri idi. Bu müzakirələrdən sonra hiss edirəm ki, zəngin məlumat bazasına malikəm”. 

 

 

Ruhiyyə DAŞSALAHLI