Xəbər verildiyi kimi, 15-16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilib.   Qurultayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, ekspertlər və digər qonaqlar iştirak ediblər. Qurultayda iştirak edən qonaqların təəssüratlarını təqdim edirik.

 

Təhsil eksperti, professor Şahlar Əsgərov:

 

“Azərbaycan müəllimlərinin XVI qurultayında elm və təhsil naziri Emin Əmrullayevin hesabatında yer almış məktəbəqədər təhsillə bağlı konsepsiyasını xüsusilə alqışlayıram. Son 100 ildə biz heç zaman məktəbəqədər təhsilə, uşaqların erkən öyrənməsinə fikir verməmişik. Məktəbəqədər təhsil təhsilin yuxarı pillələrindən çox fərqlənir, burada uşaqları həm öyrənirik, həm öyrədirik. Məktəbəqədər təhsildə tərbiyə çox önəmlidir və məktəbəqədər təhsilin məzmunu məsələsi çox diqqətlə izlənilməlidir. Qurultayda çox maraqlı çıxışlar, təkliflər dinlədik. Ümumilikdə qurultayın işini müsbət dəyərləndirirəm”.

 

 

 

Təhsil eksperti, Əməkdar müəllim Asif Cahangirov:

 

“Azərbaycan müəllimlərinin XVI qurultayının keçirilməsini çox yüksək qiymətləndirərək bildirmək istəyirəm ki, burada Azərbaycan təhsilində son 5 ildə əldə olunmuş nailiyyətlər əks edildi. Qurultayda innovativ yanaşmalara geniş yer verildi. Panel müzakirələrin keçirilməsi bu qurultayı əvvəlkilərdən fərqləndirirdi. Mən iki panel müzakirədə iştirak etdim və məzmunlu çıxışların, diskussiyaların şahidi oldum. Qurultayın ikinci günü Azərbaycan dili və ədəbiyyatı fənni üzrə çox maraqlı sessiyada iştirak etdim və orada da çıxış etdim, müzakirələrə qoşuldum. İştirak etdiyim müzakirələrdə xeyli sayda gözəl təkliflər verildi və onların bir qismi qurultayın qətnaməsində öz əksini tapdı”.

 

 

Rəşad Məcid,  Azərbaycan Mətbuat Şurasının sədri:

 

“Azərbaycan müəllimlərinin XVI qurultayını böyük məmnunluqla dinlədim. Azərbaycan Respublikasının Prezidentinin müraciətində qaldırılan məsələlər, qarşıya qoyulan prioritet məsələlər bütün təhsil sektoru üçün vacib məsələlər idi. Cənab nazirin Azərbaycan təhsilində tarix boyu baş verən hadisələrə, təhlillərə əsaslanan çıxışı maraqlı tezislərlə zəngin idi. Ədəbiyyat dərslərinin vacibliyi, səviyyəsi, eyni zamanda Azərbaycan gənclərinin tariximizi öyrənməsi baxımından ədəbiyyat dərslərinin əhəmiyyəti barədə, müəllim haqqının yüksək tutulması ilə bağlı ADA Universitetinin rektoru Hafiz Paşayevin söylədiyi fikirlər çox faydalıdır. Hesab edirəm ki, Azərbaycan müəllimlərinin XVI qurultayı təhsildə islahatların gedişində mühüm izlərini buraxacaq”.

 

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun rəhbəri:

 

“Mən hesab edirəm ki, Azərbaycan müəllimlərinin XVI qurultayı çox yüksək səviyyəli və əvvəlkilərdən kəskin fərqlənən bir tədbir oldu. Müxtəlif istiqamətlər üzrə faydalı müzakirələr aparıldı. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi həmin müzakirələrdən əldə olunan informasiyalardan yararlanacaq. Bu il diqqətimi daha çox cəlb edən və dəyər verdiyim ondan ibarət oldu ki, təkcə nazirliyin əməkdaşları, müəllimlər yox, əlaqəli tərəflərin nümayəndələri də panellərdə iştirak edib maraqlı təkliflər irəli sürdülər, problemləri qabartdılar və həll yollarını göstərdilər".

 

 

Lamiyə ƏLİMƏRDANOVA