Lənkəran Dövlət Universitetinin (LDU) rektoru professor Natiq İbrahimov Elmi şuranın iclasında “Heydər Əliyev adına təqaüd”ə layiq görülən “Riyaziyyat-informatika müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Nuranə Novruzlunu və “Kimya-biologiya müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Elmira Rüstəmovanı şura üzvlərinə təqdim edib. Elmi şurada söz alan tələbələr LDU-da keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə, göstərilən diqqətə görə ölkə başçısına və universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “2023/2024-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti: Kollokviumların yekun nəticələri” olub. Bu barədə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən  dosent Zaur Məmmədov məlumat verib. Bildirib ki, 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 07.01.2024-cü il tarixindən  01.02.2024-cü il tarixinədək, qiyabi təhsilalma forması bakalavriat səviyyələrinin tədris qrupları üçün 08.01.2024-cü il tarixindən 13.01.2024-cü il tarixinədək keçiriləcəkdir. Sessiyanın gedişi zamanı imtahanların nəticələrindən yarana biləcək narazılıqların və şikayətlərin mövcud qaydada araşdırılması, müvafiq qərar qəbul edilməsi məqsədi ilə bütün tədris korpuslarında Apelyasiya komissiyaları və Operativ qərargahlar yaradılıb. Hər imtahan sessiyasında olduğu kimi, bu sessiyada da imtahan nəticələri universitetin elektron bazasına yerləşdiriləcək və tələbələr nəticələrini şəxsi elektron kabinetində öyrənə biləcəklər.

 

“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti. Kollokviumların yekun nəticələri” haqqında kollecin direktoru  Leyla İbrahimovanın məlumatı dinlənilib. Məlumatda bildirilib ki, əyani təhsilalma forması üzrə tədris qrupları üçün 29.12.2023-cü il tarixindən 03.02.2024-cü il tarixinədək,  qiyabi təhsilalma forması üzrə tədris qrupları üçünsə 07.01.2024-cü il tarixindən 12.01.2024-cü  il tarixinədək olan müddətdə (ümumi orta təhsil bazasından I tədris ilində təhsil alan qruplar istisna olmaqla) əyani formada keçiriləcək. Ümumilikdə kollec üzrə 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında əyani və qiyabi təhsilalma formaları üzrə 26 ixtisas üzrə 53 qrupda 919 tələbənin  imtahanlarda iştirakı nəzərdə tutulur.

 

Sosial məsələlər üzrə prorektor professor Kamran Kazımov Elmi şura üzvlərinə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı görülən işlərin hesabatı”nı verib.

 

“Universitetin 2024-cü təqvim ili üçün smeta və ştat cədvəlinin təsdiqi barədə” danışan Maliyyə və mühasibat şöbəsinin müdiri Rəşad Rzazadə əmək haqlarının artımı ilə bağlı məlumat verib. Belə ki, universitetdə  01.01.2024-cü ildən əmək haqqı artımı  01 yanvar 2023-cü illə müqayisədə  25,5% olacaqdır.  Eyni zamanda, 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar LDU-nun bütün işçi-müəllim heyəti 150-320 manat aralığında mükafat alacaq.

 

İclasda cari məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.