Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutunda təhsil alan azərbaycanlı:” Aktiv akademik fəaliyyətlərimə və nəticlərimə görə bu çox rəqabətli sahədə seçilə bildim”


Azərbaycanlı gənclərin orta məktəb illərindən başlayan olimpiada uğurları onların ali təhsil aldıqları dünyanın nüfuzlu universitetlərində də davam edir.

 

Orta təhsil illərində bir sıra nailiyyətləri ilə olimpiada tariximizdə öz uğur səhifəsini yazmış gənclərimizdən biri hazırda Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutunda  (KAIST) təhsil alan Abbas Məmmədovdur.

 

O, bu il KAIST rəhbərliyinin ali məktəbin professorları, tələbələri, tədqiqatçıları üçün təsis etdiyi “KAIST Q-day Award” adlı mükafata layiq görülənlərdən biridir. Abbasın başa çatmaqda olan 2023-cü ildə KAIST-in ən uğurlu tələbəsi kimi ciddi uğura imza atması xəbəri sevindirici və qürurvericidir. Çünki KAIST-də 81 ölkədən olan 800-dən çox tələbə arasında bu mükafata layiq görülən yeganə tələbədir. İstedadlı gənc “Azərbaycan müəllimi”nə eksklüziv müsahibəsində uğur hekayəsini bölüşüb.

 

Tanıtım. Abbas Məmmədov hazırda Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) bakalavr dərəcəsi alır. Onun əsas tədqiqat istiqaməti maşın təhsili sahəsi, xüsusilə generativ süni intellekt fenomeni ilə bağlıdır. Həmçinin son 3 ildə Azərbaycanda şagirdlərin olimpiadalara hazırlığı üzrə milli məşqçi, koordinator və Olimpiya Komitəsinin üzvüdür. Bundan başqa, bir neçə beynəlxalq olimpiadada Azərbaycan komandasının lideri və rəhbərinin müavini olub. 2021-ci ildə Lütfi Zadə olimpiadasında münsiflər heyətinin üzvü və baş koordinatoru olub.  Koreyada bakalavriat tələbəsi olaraq 2021-ci ildə Simon Mare adına Riyaziyyat müsabiqəsində yüksək kateqoriyaya daxil ola bilib və hakatonlarda bir neçə mükafat qazanıb. A.Məmmədov orta təhsil illərində ölkəmizi 10-dan çox beynəlxalq olimpiadada təmsil edib, onların hamısında müxtəlif mükafatlar və nailiyyətlər qazanıb. Respublika fənn olimpiadalarında qızıl medala, “Birincilərin birincisi” adına layiq görülüb...

 

- Mükafat kimlərə və hansı sahələrdə verildi?

- Mükafat  “KAIST Q-day Award” (QAIST) adlanır və qaliblər 5 müxtəlif sahə üzrə bu ali təhsil müəssisəsinin akademik heyət və tələbələri arasından seçilir. Qaliblər arasında professorlar, doktorant və bakalavr tələbələr, KAIST-dəki elmi işçilər, bir sözlə KAIST ilə əlaqəsi olan hər kəs yer alıb. Mükafat verilən beş sahəyə isə aşağıdakılar daxil idi:

1. Q - Creative Talent

2. A - Research

3. I - Internationalization

4. S - Technology Value Creation

5. T - Communication and Trust

 

Mən A kateqoriyası, yəni araşdırma (research) üzrə mükafat aldım. Bu sahədə mükafat alanlar siyahısında 3 professor, 1 doktorant tələbə və mən var idim.
 

- Mükafatı kim verdi: universitet rəhbərliyi və ya digər qurum?

-Mükafat birbaşa KAIST Universitetinin prezidenti Kwang Hyung Lee tərəfindən qaliblərə təqdim olundu.

 

- Mükafat hansı nailiyyətlərə görə verilir?

-Məsələn, mənim sahəm olan araşdırma üzrə professorlardan biri 40 il həll olunmamış bir riyazi problemi həll etdiyi üçün mükafatlandırıldı. Mən isə 2023-cü ildəki aktiv akademik fəaliyyətlərimə və nəticlərimə görə bu çox rəqabətli sahədə seçilə bildim. Bu fəaliyyət və nəticələrdən bəzilərini qeyd edə bilərəm:

 

- Korea Software Congress (KSC) 2023-də süni intellekt üzrə ən çox məqalə müəllifi kimi.

- Yüksək ortalama ilə “Dean’s List”-ə daxil olmaq (“Dean’s List” -universitetdə tələbələrin nümayiş etdirdikləri ən yüksək dərəcəli təqaüdün tanınması üçün istifadə olunan akademik mükafat və ya fərqləndirmədir- O.M).

- Avqust ayında fəaliyyətlərimə görə başqa bir uğur – elmi tədqiqatlarda effektiv yanaşmalara görə “College of Engineering Leadership Award on Research Excellence” mükafatını qazanmaq.

- KAIST-in Süni İntellekt Departamentindəki çox güclü laboratoriyaların birində (BISPL) etdiyim araşdırma üzrə məqalələr beynəlxalq konfranslara göndərilib və nəticələr gözlənilir.

- Dünyanın məşhur şirkətlərindən olan “Qualcomm” tərəfindən keçirilən “Qualcomm Innovation Award (QIA) 2023” yarışmasında qalib olmaq.

- 2023-cü ildə Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO)-da Azərbaycan komandasının lideri olmaq və Azərbaycan Riyaziyyat Olimpiadasında olan çoxsaylı fəaliyyətlər.

- Və bir çox başqa uğurlar.

 

- Mükafatı vermək üçün nə kimi kriteriyalar var? Yəni, kimlər bu mükafatı ala bilər?

-Mükafatı yuxarıda sadaladığım sahələr üzrə çox ciddi nəticə göstərmiş və tələbəsi olduğum ali məktəbin elmi uğurlarında töhfəsi olanlar ala bilər. Bu tip önəmli uğur və nəticələri olan şəxsləri onların fakültələri (deparment) KAIST rəhbərliyinə bildirir və rəhbərlik onlar arasından hər bir sahə üzrə ən yaxşıları, yəni qalibləri seçir. Söylədiyim kimi, tələbələr və professorlar daxil olmaqla, hər kəs qaliblər siyahısında ola bilər və mükafata layiq görülə bilər.

 

- Digər mükafatçılar hansı ölkələri təmsil edir?

-Qaliblərin siyahısı demək olar daha çox (90%) koreyalılardan ibarət idi.

 

- Hazırda hansı ixtisas üzrə təhsil alırsınız?

- Hazırda Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun 4-cü kurs bakalavr tələbəsiyəm. Kompüter elmləri və riyaziyyat fakültələrində ikili ixtisas üzrə təhsilimi davam etdirirəm. Dərslərlə yanaşı, süni intellekt sahəsində aktiv şəkildə araşdırmalar aparıram.  

 

-Hədəfləriniz...

- Hazırda əsas məqsədim bakalavr təhsilimi bitirənə qədər öz sahəmi tamamilə qavramaq və daha sonra doktorantura təhsilimi eyni sahədən davam etdirməkdir. Akademiyada aktiv şəkildə qalıb, dünya və insanların gələcəyinə birbaşa müsbət təsir edəcək və önəmli olacaq araşdırmalar etmək istəyirəm.
Sonda qeyd edək ki, gənc istedadın uğurlarına sevinənlər arasında onun əcnəbi müəllimləri də var.
 

ABŞ-ın Karneqi Mellon Universitetinin riyaziyyat professoru Po-Shen Loh:

“Sizinlə ünsiyyət qurmağı çox sevdim. Ölkənizə və bütövlükdə növbəti nəsillərə xidmətiniz üçün təşəkkür edirəm!”.

 

Salam Məktəb Kompleksinin (İran) Riyaziyyat olimpiadası kafedrasının müdiri professor Navid Safeyi:

“Təbrik edirik Abbas! Sizdən və Azərbaycanın istedadlı tələbələrindən səbirsizliklə yeni xəbərlər gözləyirəm”.

 

Biz də öz növbəmizdə, gənc istedada təhsil həyatında  və dünyamız üçün çox əhəmiyyətli elmi tədqiqatlarında bol uğurlar arzulayır, ölkəmizi xaricdə layiqincə təmsil etdiyinə görə onunla qürur duyuruq.   

 

 Oruc MUSTAFAYEV