Dekabrın 28-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.

 

Tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev, həmçinin Fövqəladə Hallar, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin məsul şəxsləri, müsabiqə qalibləri və digər qonaqlar iştirak ediblər. 

 

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Daha sonra müsabiqənin seçilmiş işlərindən ibarət sərgi ilə tanışlıq olub.  

 

Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub. 

 

Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. 

 

Tədbir bədii hissə ilə davam etdirilib.

 

Qeyd edək ki, müsabiqənin yekununda 46 nəfər birinci, 53 nəfər ikinci, 99 nəfər üçüncü yerə, 93 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.


Təltiflər