... Bu gün gen dünyası dar olan anaların sayı  nə mindir, nə  on min. Yüz minlərlədir onlar. Hamısı da ölkələr arasında gedən  haqlı-haqsız müharibələrin qurbanlarıdır. Onlar övlad böyüdüb boya-başa çatdırdılar ki, bəhrəsini görsünlər...  Elə bil insan insana qənim kəsilibmiş  bu dünyada. Kimin kiminlə nə vaxt ədavəti olub, onu həll etmək üçün sanki tarixin  elə bu  dönəmini  seçib. Demək olar ki, hazırda dünya ərazisinin bir çox hissəsində insan insan qanı axıdır. Kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək  müəmmaya çevrilir. Güclü dövlətlər  haqqa-ədalətə meydan oxuyurlar. Tarixin bütün dönəmlərində qoluzorlular  öz haqsız iddialarını yeridiblər.

      

Xalqımızın başına 20 Yanvar 1990-cı il tarixində  gətirilən  müsibət də belə baş verdi. Bu, elə bir tarix oldu ki, illər təzələndikcə millətimizə vurulan həmin yaralar da təzələnəcək. Sözün tam mənasında şəhid olan vətən övladlarına tarixboyu yas saxlanılacaq. Onları necə unutmaq  olar?! Mövcudluğunun son dönəmlərini yaşamaqda olan imperiya quduzlarının qəsbkarlıq iddiaları sonuncu dəfə Azərbaycanda-Bakıda təsdiqləndi. Dünyanın heç bir ölkəsində əliyalın insanlara  atəş açılmayıb, onlar əsir götürülüb, amma qətlə yetirilməyiblər. Ancaq bu dəhşətli məqamı Azərbaycan xalqına yaşadan imperiya quduzları, ondan iki il öncə  isə 1988-ci ildə  erməni adlı neofaşistlər oldular. 20 YANVAR  TƏQVİMİ  QANLI YANVAR KİMİ  YAZILDI TALEYİMİZƏ. Ürəkləri vətənə, xalqa  hədsiz məhəbbət hissilə coşan vətən övladları   birliyimiz, müstəqilliyimiz yolunda  bax, beləcə şəhid oldular, əbədiyyətə qovuşdular. Onlar  ağır döyüş tanklarının, zirehli hərbi  maşınların, əlisilahlı imperiya əsgərlərinin üstünə silahsız gedərək  Azərbaycan  xalqının  müstəqillik  salnaməsəni yazdılar.

  

...Qanlı 20 Yanvar şəhidləri. Ürəküzücü haldır ki, onların arasında dilsiz-ağızsız uşaqlar, məktəb şagirdləri də olub. Vera Bessantina öz yastığında, Larisa Məmmədova atası ilə birlikdə ictimai nəqliyyatda, İlqar Əliyev həyətlərində öz yaşıdları ilə oynayan zaman evlərə, yaşayış binalarına atılan güllələrin qurbanı oldular. Tarix nə vaxt verəcək  bu soyqırıma  qiyməti ?! Hər məzar  daşının başında bir ana ağı deyir bu gün. Dillərindən qopan  ürəküzücü nidalar  adamı doğram-doğram edir:

 

...Dağlarda talam qaldı,

Biçmədim lalam qaldı.

Araya dava düşdü,

Orda bir balam qaldı...

 

          

Sifai SƏFƏROVA