Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsində “Hərbi təbabət” ixtisası üzrə ilk dəfə olaraq elmi seminar keçirilib.

 

Epidemiologiya və biostatistika kafedrasının müdiri professor İbadulla Ağayevin sədrliyi ilə baş tutan seminarda tibbi profilaktika kafedrasının baş müəllimi, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədovun məruzəsi dinlənilib.

 

Hərbi epidemiologiya sahəsini əhatə edən məruzədə hərbi kollektivlərdə epidemik prosesin hərəkətverici qüvvələrinin, sanitar-epidemioloji müəssisələrin müharibə dövründə fəaliyyət xüsusiyyətlərinin tədqiqi öz əksini tapıb. Həmçinin məruzədə əks-epidemik təminatın qüvvə və təminatının təkmilləşdirilməsi, retrospektiv, prospektiv və operativ analizin aparılması və nəticələrin qiymətləndirilməsi məsələlərinə də toxunulub. Bundan əlavə, hərbi qulluqçuların immunizasiyası üsulları, təcili və spesifik profilaktika vasitələri, onlardan istifadə qaydalarının təkmilləşdirilməsindən danışan məruzəçi, hərbi qulluqçular arasında yayılmış çoxsaylı qeyri-infeksion xəstəliklərin araşdırılması və profilaktik tədbirlərin görülməsindən söhbət açıb.

 

Sonda mövzuya dair müzakirələr aparılıb və məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.