Adətən qəzetləri oxuyub qurtardıqdan sonra onu ya nəyisə qablaşdırmaq üçün saxlayırıq, ya da tullantı qabına atırıq. Bəs bu kağızları torpağa əkməyi necə? Heç düşündünüzmü? Yaponlar isə bu haqda fərqli tərzdə düşündü və düşündüklərini həyata keçirəndə ortaya çox maraqlı, eləcə də səmərəli bir məhsul çıxdı.

 

Mütəxəssislərin bununla bağlı araşdırmasına baxaq.

 

“Yaşıl qəzet” (qəzet “Mainichi Shimbunsha” da olaraq adlandırılırdı) adlanan bu vasitə Yaponiyanın ən böyük reklam agentliklərindən biri olan “Dentsu İnc” tərəfindən icad olunub. Qəzetin üzərində ondan son məqamda səmərəli istifadə etmək üçün məlumat yerləşdirilib. Belə ki, insanlar artıq istifadəsi bitmiş qəzetləri kiçik parçalara ayıracaq, daha sonra bu parçaları torpağa əkəcək və sonda isə onları suvara biləcəkdilər. Bir neçə gün sonra isə gözlənilmədən bitki və çiçəklərə sahib olmanın sevincini yaşayacaqdılar. 2016-cı ildə 4 May - “Yaşıllıq günü” üçün nəşr olunan bu qəzetlər ekoloji xəbərlərə həsr olunmuşdu. Qəzetlər yüz faiz bioparçalanmaya meyilli kağız üzərindən çap edilir, əkilən zaman kağıza yerləşdirilmiş toxumlar kəpənəkləri və digər tozlandırıcıları cəlb edəcək çiçəklərə çevrilirlər. Qəzetdə istifadə olunan mürəkkəb isə yetişəcək bitkilər üçün gübrə rolunu oynayırdı. Karbon dioksid emissiyalarını azaltmaq üçün ənənəvi tullantıların idarə edilməsi əvəzinə təkrar emalı və davamlı məhsulları normaya çevirməyi hədəfləyən qəzet istehsalçıları öz devizini həyata keçirdiklərindən çox məmnundur. Deviz isə belə idi: “Mainichi” - təkcə məlumatlandırmaq üçün deyil, həm də qlobal problemləri həll etmək üçün fəaliyyət göstərir”.

 

“Yaşıl qəzet” Yaponiyanın bütün məktəblərində ətraf mühitdə mövcud problemlərə dair böyük bir dərs verdi. Nəşr şirkəti eləcə də kağızın necə əkilməsini nümayiş etdirən ictimai tədbirlər həyata keçirdi, təkrar emal və davamlılıq mövzusunda ciddi müzakirələr aparıldı. Nəşri gündəlik 4,6 milyon insana çatan bu təşəbbüs 700 min dollardan çox əlavə gəlir əldə edə bildi. Bu proses bir daha sübut edir ki, təbiətə töhfə verməklə gələcək nəsillərə daha gözəl bir Yer kürəsi hədiyyə edə bilərik.

 

Azərtac