Alternativ modellər tətbiq ediləcək


Hər bir valideynin arzusudur ki, övladı savadlı, bilikli, cəmiyyətdə özünü təsdiqləmiş bir şəxsiyyət olsun. Və bu yolun təməlində məktəbəqədər  təhsil durur. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəqədər  təhsil  xüsusilə son illər uşaqların bu pilləni keçməsini zəruri edib.

 

Təsadüfi deyil ki, elm və təhsil naziri Emin Əmrullayev ötən ilin dekabrında keçirilən “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktik konfransda  çıxışı zamanı  təhsil sahəsində son dövrdə baş verən əsas dəyişikliklərdən biri kimi 5-6 yaşlı uşaqların ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına cəlbi ilə bağlı bir sıra mühüm məqamlara toxunub. Bildirilib ki, ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının davam etdirilməsi, icma əsaslı məktəbəqədər təhsil qruplarının əhatə dairəsinin artırılması, dövlət - özəl tərəfdaşlığına əsaslanan modellərin və ailətipli məktəbəqədər təhsil təşəbbüslərinin tətbiqi ilə 2026-cı ildə Azərbaycanda 1-5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəliliyinin 50%-ə çatdırılacağı nəzərdə tutulur.

 

Onu da qeyd edək ki,  hazırda ölkəmizdə erkənyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi təxminən 35% təşkil edir ki, bu da aşağı göstərici hesab olunur. Göstəricilərin aşağı olmasının səbəblərindən biri ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayının az olmasıdır.

 

Eyni problemi yaşayan ölkələrdə uşaqların məktəbəqədər təhsillə əhatə olunması üçün alternativ məktəbəqədər təhsil modelləri tətbiq olunur. Bu yanaşmadan ölkəmizdə də istifadə edilir və uşaqların məktəbəqədər təhsillə əhatə olunmasının genişləndirilməsi məqsədilə 3-4  yaşlı uşaqlar üçün icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərir, həmçinin məktəbəqədər təhsil sahəsində alternativ modellərin tətbiqi ilə bağlı layihələr hazırlanır. Bununla bağlı UNICEF-lə əməkdaşlıq edilir. Məktəbəqədər təhsil müəssisələrində keyfiyyətin təmin olunmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə əlaqədar məsələlər diqqətdə saxlanılır.     

 

Mütəxəssislər  məktəbəqədər təhsilin əhəmiyyətini  xüsusi qeyd edirlər. Belə ki, məhz bu yaş dövründə uşaqlar paylaşmağı, sosiallaşmağı və birlikdə işləməyi öyrənirlər. 0-6 yaş uşağın yüksək öyrənmə potensialına malik olduğu dövrdür. Uşaqların sağlam bir şəxsiyyət kimi formalaşması üçün məktəbəqədər təhsildə bir sıra modellərdən istifadə olunur.  Alternativ məktəbəqədər təhsil modelləri həm məktəbəqədər təhsilin əlçatanlığı, həm də fərqli üstünlükləri ilə ənənəvi modellərdən seçilir. Məsələn, alternativ modellər çox vaxt uşağın böyüməsinin idrak, emosional, sosial və fiziki aspektlərinə toxunaraq hərtərəfli inkişafa  üstünlük verir. Alternativ modellər yaradıcı fəaliyyətləri, oyun əsaslı öyrənməni və fərdi ehtiyacları ödəmək üçün fərdi yanaşmaları özündə birləşdirir. Müəyyən alternativ modellər isə valideynlərin təlim prosesində fəal iştirakını təşviq edir. Hazırda Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindən biri də  məhz qeyd olunduğu kimi məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsidir.

 

Məhz bununla bağlı artıq  nazirlik tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur. “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı da həmin istiqamətdə həyata keçirilən ilk işlərdən biridir. Bu, olduqca faydalı və dünya təcrübəsinə əsaslanan addımdır.

 

Adıçəkilən proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. 

 

İl ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyindən istifadə olunmaqla məktəbəqədər təhsilə cəlb edilməsi ilə bağlı problemlərin müəyyən hissəsi öz həllini tapacaq.

 

Məktəbəqədər təhsilin inkişafına müsbət təsir göstərəcək

 

Bəs görəsən tətbiq olunacaq  yeniliklərlə   bağlı  məktəbəqər təhsil üzrə mütəxəssislər nə fikirdədirlər?, “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” proqramına təqdim olunan layihələr məktəbəqədər təhsilin inkişafında daha hansı müsbət addımlara səbəb olacaq?

 

Müsahiblərimiz  ilk öncə bunu məktəbəqədər təhsilin inkişafına müsbət təsir göstərəcəyini, daha çox uşağın təhsilin bu pilləsinə cəlb olunacağını bildirirlər.

 

Erkən uşaqlıq dövründə qayğı və təhsil ömürboyu öyrənmənin əsasını təşkil edir

 

Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərova respublikamızda hazırda müasir cəmiyyətin qarşısına real, əldə edilə bilən məqsədlər qoymağı bacaran, öz imkanlarını adekvat qiymətləndirən, aktiv fəaliyyət göstərən, işini uğurla idarə edən, fərdlərə ehtiyacın olduğunu bildirir: “Odur ki, bu işə erkən məktəbəqədər yaşlardan başlamaq zəruridir. Çünki, erkən uşaqlıq dövründə qayğı və təhsil ömür boyu öyrənmənin əsasını təşkil edir. Bu baxımdan bütün uşaqların məktəbəqədər təhsillə əhatə olunması zəruridir. Məktəbəqədər təhsilin məqsədi hər bir uşağa ilkin təhsil vermək, təməl mədəniyyətin əsaslarını (hissi inkişaf, əqli, estetik, əxlaqi tərbiyə) qoymaqdır.

 

Uşaqları təhsilə erkən yaşlardan cəlb etmək, onların hərtərəfli inkişafının təmin olunması üçün məktəbəqədər təhsildə əlçatanlıq təmin olunmalıdır. Amma məlumdur ki, respublikamızda uşaqbaşına düşən yerlərin sayı məhduddur və müasir ehtiyacları ödəmir. Bu baxımdan məktəbəqədər təhsilin bütün uşaqlar üçün əlçatanlığının təmin olunması məqsədilə alternativ modellərin hazırlanması və tətbiqi bu gün zəruri bir addımdır”.

 

Şöbə müdiri söyləyir ki, inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsilin əlçatanlığının təmin edilməsi üçün bir çox alternativ modellərdən istifadə olunur. Bu modellərin öyrənilərək və yerli şəraitə uyğunlaşdırılaraq tətbiq edilməsi respublikamızda da məktəbəqədər təhsilin əlçatanlığının təmin olunmasına bilavasitə xidmət edəcək: “Alternativ modellər məktəbəqədər təhsilin inkişafında, uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi işinə böyük töhfələr verə bilər. Məktəbəqədər təhsil müəssisələrinin müxtəlif modellərinin tətbiqi cəmiyyətin və valideynlərin dəstəyindən istifadəni və fəal iştirakını özündə cəmləşdirir.

 

Qrant qazanmış layihələr məktəbəqədər təhsillə təmin olunmayan ərazilərdə uşaqların təhsilin bu pilləsinə cəlb olunmasına imkan verəcək ki, bu da problemin yerlərdə operativ şəkildə  həll olunmasına yardımçı olacaq”.

 

Az büdcə xərci ilə daha çox əhatəlik yaratma imkanları formalaşacaq 

 

“Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin qurucusu, təhsil menecmenti üzrə mütəxəssis Rasif  Dünyamalıyev  deyir ki, məktəbəqədər təhsil başlanğıc mərhələ olmaqla, xüsusi önəmə malikdir: “Təcrübə onu göstərir ki, məktəbəqədər təhsil uşaqların həm qayğısını, rifahını, inkişafını, həm də təlim və tədrisini təmin etdiyi üçün uşaqların böyüməsində kompleks şəkildə iştirak edir. Həmçinin onu da qeyd etmək lazımdır ki, məktəbəqədər təhsil uşaqların inkişafının başlanğıcında qeyri - bərabərliyi aradan qaldırır.

 

Məktəbəqədər təhsil uşaqların sağlamlıq imkanlarının da yüksəlməsinə müsbət təsir edir. 1 - 6 yaş aralığında uşaqların davamlı valideyn müşahidəsində olması imkanları zəifdir və ona görə də uşaqların sağlamlıq imkanlarında sonrakı yaş dönəmlərində problemlər ortaya çıxır. Məhz uşaqların məktəbəqədər təhsil müəssisələrində olması peşəkar inkişaf mütəxəssislərinin (pedaqoq, psixoloq, metodist və s.) davamlı onları müşahidə etməsinə imkan yaradır. Bu da uşaqların fiziki göstəricilərinin izlənilməsinə və hər hansı yayınmalar olduğu zaman valideynlərin məlumatlandırılmasına yardımçı olur”.

 

Həmsöhbətimizin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi, adıçəkilən müəssisələrdə monitorinqlərin keçirilməsi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması bu sahədə islahatların başlanılmasının  göstəricisidir. Son illər uğurla tətbiq olunan məktəbə hazırlıq sinifləri, “İcma əsaslı məktəbəqədər təhsil modeli” özünü doğrultmuş və yeni modellər üçün bir stimul olmuşdur. Bu baxımdan Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı təqdirəlayiqdir: “Proqram çərçivəsində 16 layihə maliyyələşdirilir və bu layihələr əsasən uşaqların məktəbəqədər təhsilə cəlb olunmasının  az olduğu regionlardadır. Tətbiq ediləcək yeniliklər, eyni zamanda məktəbəqədər təhsilin iqtisadi səmərəli modellərinin formalaşmasına təkan verəcək və az büdcə xərci ilə daha çox əhatəlik yaratma imkanları formalaşdıracaq”.

 

Alternativ modellərin tətbiqi problemin aradan qaldırılmasına dəstək olacaq

 

Digər həmsöhbətimiz ADPU-nun məktəbəqədər təhsilin pedaqogikası  kafedrasının baş müəllimi, Təlim tədris mərkəzinin müdiri pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova da qeyd edir ki, ölkəmizdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, həmçinin müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlbində müəyyən çətinliklər mövcuddur. Baxmayaraq ki, ölkəmizdə  bu məsələnin həlli ilə bağlı bir sıra layihələr həyata keçirilməkdədir: “Mən, misal olaraq  məktəbə hazırlıq siniflərini , “İcma əsaslı məktəbəqədər təhsil modeli”ni nümunə göstərə bilərəm. 2023-2024-cü tədris ili üzrə ökəmizin 55 şəhər və rayonunda fəaliyyət göstərən   939  icma əsaslı məktəbəqədər təhsil qruplarına 16500 uşaq cəlb olunub.  Bu qrupların təşkili ucqar yerlərdə  uşaqların məktəbəqədər təhsillə əhatə olunmasında  əlbəttə ki, alternativ ən mükəmməl versiyalardan biri hesab olunur.  Azərbaycanda bu iki layihənin davamlı şəkildə fəaliyyəti çox yaxşı nəticələr verir”.

 

Məktəbəqədər təhsillə bağlı beynəlxalq təcrübədən danışan  Xalidə Həmidova bu sahə ilə bağlı bir çox fərqli alternativ layihələrin olduğunu  - hansı ki, onların belə deyək də,  az maliyyə ilə yüksək nəticələr verdiyini deyir. Məsələn, Ailə tipli məktəbəqədər təhsil müəssisələri  az əlçatanlıq olan bölgələrdə daha fərqli və daha keyfiyyətli təhsil vermək, eyni zamanda az maliyyə ilə  müsbət nəticə əldə oluna  bilən alternativ versiyalardan biridir: “Düşünürəm ki, məktəbəqədər təhsildə alternativ modellərin  tətbiqi bu gün üçün var olan ən böyük problemin aradan qaldırılmasına dəstək olacaq. Daha çox uşağın məktəbəqədər  təhsilə  cəlb olunmasına,  təhsilin bu pilləsinin əhatə dairəsinin  daha da genişlənməsinə imkan yaradacaq”.

  

Samirə KƏRİMOVA