Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə reallaşdırılan "Məktəblilər “Ədibin Evi”ndə" layihəsi çərçivəsində ilk görüş keçirilib.

 

Paytaxtdakı 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın yaşadığı tarixi ünvanda ədibin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatının müstəqillik səlnaməsinə töhfələri ilə tanış olub,  “Müstəqilliyə aparan yol” mövzusunda müzakirələr aparıblar.

 

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva XX əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslər, çətin mübarizələrdən sonra qazanılan müstəqillik, müstəqilliyin bərpası uğrunda ayağa qalxan Azərbaycan xalqının dünyaya nümunə olan mübarizə əzmi, həmin tarixi dövrün reallıqları, baş verən hadisələr barədə şagirdlərə məlumat verib. Ş.Mehralıyeva 20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən, Azərbaycanın Moskvadakı nümayəndəliyində təşkil edilən mətbuat konfransında Sovet hakimiyyətinin Azərbaycanda törətdiyi qanlı hadisəyə görə cinayətkarların cəzalandırılmasını tələb etməsindən danışıb.

 

Qarabağda qazanılan tarixi Zəfər sayəsində ərazi bütövlüyünü tam bərpa etmiş xalq olaraq hər kəsin qürur duyduğunu söyləyən Ş.Mehralıyeva şagirdlərə müstəqillik tariximizi əks etdirən ədəbi nümunələr, onların tərbiyəvi mahiyyəti, vətənpərvərlik hisslərinin aşılanmasındakı önəmindən danışıb.

 

Qeyd edək ki, "Məktəblilər “Ədibin Evi”ndə" layihəsinin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir.