Bakı Mühəndislik Universitetində (BMU) tələbələr tərəfindən təşkil edilən “BoostCamp 7.0” tədris layihəsinin açılış mərasimi keçirilib.

 

Tədbirdə iştirak edən BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov, Texnoparkın direktoru İsa Qasımov, mühəndislik fakültəsinin kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimləri-Etibar Seyidzadə, Əli Həsənov, Elməddin Hüseynov layihə ilə bağlı fikirlərini bildiriblər.

 

Çıxışlarda artıq ənənə şəklini alan “BoostCamp” təşəbbüsü yüksək dəyərləndirilərək layihənin əhəmiyyəti, o cümlədən tələbələrin qazandığı biliklərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, əmək bazarının tələblərinə yönələn bacarıqların təkmilləşdirilməsində rolu vurğulanıb.

 

Sonra layihənin meneceri Cəsur Eynullayev, koordinatoru Lamiyə Mirzəməmmədova, rəhbəri Abdulla Mahmudov və mentoru Murad Əliyev  “BoostCamp 7.0” haqda ətraflı məlumat veriblər. Qeyd edilib ki, 2017-ci ildən etibarən fəliyyətinə start verilən layihə tələbələrin qış tətilinin səmərəli təşkili, eyni zamanda informasiya texnologiyaları sahəsi üzrə bacarıqların təkmilləşdirilməsi məqsədi daşıyır. I və II kurs tələbələri üçün təşkil olunan “BoostCamp 7.0” layihəsinə müraciət edən 150 tələbə arasından 50 nəfəri seçilərək iştirakçı hüququ qazanıb. Bu tələbələrin 7 dərs günü ərzində 5 fərqli qrupda 2 müxtəlif sahə üzrə təcrübəli mentorların təlimlərində, həmçinin sahə üzrə peşəkarların seminarlarında iştirakı nəzərdə tutulur.

 

Tədbirdən sonra universitetin İKT laboratoriyasında layihə üzrə dərslərə start verilib.