Azərbaycan Texnologiya Universitetində (ATU) "Açıq qapı” günü keçirilib. Qış imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər imtahan prosesini xüsusi otaqda monitor vasitəsilə izləyiblər.

 

Tədris işləri üzrə prorektor Raqif Hüseynov valideynlərə imtahan prosesi barədə məlumat verib. Bildirib ki, auditoriyalarda gün ərzində 900-ə yaxın tələbə imtahan verir. Prorektor qeyd edib ki,  universitetdə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb, bundan başqa sessiyanın obyektiv və şəffaf keçirilməsi məqsədilə otaqlar müşahidə kameraları ilə təchiz edilib, imtahan korpusunda təklif və müraciətlər qutusu yerləşdirilib.
 

Valideynlər müşahidə zamanı Apelyasiya Komissiyasının sədri Mehman Kərimov və İmtahan Komissiyasının sədri Cəsarət Şabanovla həmsöhbət olub, prosesin gedişinə dair suallar verib, neqativ halların qarşısının alınması məqsədilə lazımı tədbirlərin görülməsini yüksək qiymətləndirib, övladlarının biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.