Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər


Bu gün  Azərbaycan  Gəncləri Günüdür. Və bu əlamətdar tarixi gün gənclərimizə hər zaman   böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm sahələrindən biri kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

 

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında sözün həqiqi mənasında  müsbət izlər buraxıb. Ulu Öndərin ideyalarını uğurla reallaşdıran Azərbaycan Prezidenti  İlham Əliyev gənclər siyasətinə sadiqliyini öz qərarları, verdiyi sərəncam və fərmanlarla təsdiq edir. 

 

Ölkə başçısı  ənənəsinə sadiq qalaraq fevralın 1-də  “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə Prezident mükafatı verilib.

 

“Bu mükafat mənim motivasiyamı daha da artırır”

 

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun dissertantı Kimyəxanım Ziyad qızı Baxışova Rzayeva Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 

 

Kimyəxanım Baxışova Rzayeva 2013-cü ildə Bakı Mühəndislik Universitetinin “Fizika” (ingilis bölməsi) ixtisasına qəbul olub. 2018-ci ildə bakalavr təhsil pilləsini fərqlənmə ilə bitirib. 2019-cu ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “Radiasiya materialşünaslığı” ixtisasına qəbul olub və 2021-ci ildə fərqlənmə diplomu ilə magistr dərəcəsini alıb. AEBA-nın Marie Sklodovska-Küri Təqaüd Proqramının (MSCFP) tələbələri üçün Avstriyanın Vyana şəhərində təşkil edilən Nüvə təhlükəsizlik məktəbi və Nüvə Materiallarının Fiziki Mühafizə Konvensiyası və ona düzəlişə dair seminarı, daha sonra isə bir il müddətində AEBA-nın Tətbiqi Radiobiologiya və Radioterapiya şöbəsində İnformasiya texnologiyaları üzrə təcrübə proqramında iştirak edib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Mariya Skadlovskaya-Küri Təqaüd Proqramını qazanan ilk azərbaycanlı tələbədir. 19 sentyabr 2023-cü il  tarixindən “Epitaksial təbəqənin və piksellərin ölçülərini dəyişməklə radiasiya davamlı selvari silisium detektorların işlənməsi” adlı dissertasiya işinin tədqiqatına başlayıb.

 

“Bir xanım olaraq Azərbaycanı elm müstəvisində tələbəlik illərindən təmsil edirəm. Hər zaman beynəlxalq arenalarda, elmi konfranslarda ölkəmin mənəvi zənginliklərini nümayiş etdirmişəm. Bu gün ölkəm tərəfindən illər boyu çəkdiyim əziyyət yüksək bir mükafatla dəyərləndirilib. Bu, mənim motivasiyamı daha da artırır, elmi tədqiqatlarımı  geniş çərçivədə aparmağa, gəncləri bu sahəyə yönəltmə istiqamətində mətin addımlar atmağa sövq edir. Hər şeydən əvvəl böyük təşəkkürlərimi məni kiçik yaşlarından təhsilə yönləndirən, doğru təhsil almağımda hər zaman yanımda olan valideynlərim və müəllimlərimə bildirirəm. Təhsil, düzgün maarifləndirmə insanı elmə, tədqiqata, araşdırmaya aparır. Ölkə Prezidenti tərəfindən mükafatlandırılmaq bir gənc olaraq mənim elm zəncirimdə növbəti uğurumdur. Bütün gənc tədqiqatçıları, elm adamlarını təbrik edir, Prezident İlham Əliyevə gəncləri diqqətdə saxladığı üçün minnətdarlığımı bildirirəm”.

 

“Etimada görə cənab Prezidentə təşəkkürümü bildirirəm”

 

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Taryel İsa oğlu Ağazadə Prezident İlham Əliyevin “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə mükafatlandırılanlar sırasında yer alıb.

 

Sərəncama əsasən, mükafata layiq görülən 10 gəncdən biri olan Taryel Ağazadə BMU-nun bakalavriat pilləsini 2021-ci ildə bitirib.

 

“Tedroid Media Group”-un qurucu və həmtəsisçisi kimi bu sahədə innovativ fəaliyyətinə görə mükafatlandırılan Taryel Ağazadə xəbəri eşidəndə çox sevindiyini deyir: “Çox qürurlandım. Etimada görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Qürurverici olan bu mükafatı qazanmaqla üzərimizə böyük məsuliyyət də düşür. Həmçinin innovasiya sahəsində fəaliyyətimin bundan sonra ölkəmiz və cəmiyyətimizin inkişafına faydalı ola biləcək istiqamətdə daha böyük həvəslə davam etdirməyimə stimul verir”.

 

Sərəncamı Azərbaycan Respublikası Prezidentinin ölkə gənclərinə böyük dəstəyi və qayğısı kimi dəyərləndirən Taryel Ağazadə innovativ fəaliyyətlə məşğul olan gənclərə tövsiyələrini də bildirib: “Gənclərə tövsiyəm odur ki, yenilikçi düşüncə və texnologiyalara əsaslanan fəaliyyətlə məşğul olsunlar. Bu sahədə yaradılan imkanları və yenilikləri dəyərləndirərək, ölkəmizin daha da innovativ, texnoloji və sürətlə inkişaf edən bir ölkəyə çevrilməsinə dəstək olsunlar. Ümid edirəm ki, bacarıqlı gənclərimiz hər sahədə uğur qazanacaqlar və növbəti illərdə də bu il mənim qazandığım Prezident mükafatına layiq görüləcəklər”.

 

Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin “Mexanika mühəndisliyi” (ingilis) ixtisası üzrə məzunu olan Taryel hələ tələbə ikən fəallığı ilə seçilib, hətta həmin dövrdən bir çox beynəlxalq startap brendlərinin Azərbaycan təmsilçisi kimi çıxış edib. Məzun olduqdan sonra fəaliyyətinin əhatə dairəsini daha da genişləndirən Taryel Ağazadə Böyük Britaniya, Amerika, Portuqaliya, Almaniya, İspaniya, Hollandiya, Macarıstan, Ukrayna, Makedoniya, Qazaxıstan, Gürcüstan, Türkiyədə təşkil olunan çoxsaylı beynəlxalq tədbir və konfranslarda ölkəmizin təmsilçiliyini davam etdirib. “Mobile World Congress”, “Web Summit”, “TechCrunch Disrupt”, “Surge Summit”, “Digital Bridge 2023”, “Money20/20” kimi innovasiya yönümlü tədbirlərdə ölkəmiz üçün kontent hazırlayıb.

 

O, 2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “İnnovativ Azərbaycan” devizi altında lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə təsis olunan Azərbaycan İnnovasiya Mükafatının “İlin influenseri” nominasiyası üzrə qalibi olub. 2022-ci ildə isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “IDDA Awards” innovasiya müsabiqəsinin “Ekosistem lokomotivi” nominasiyası üzrə “İlin İnnovasiya adamı” seçilib.

 

Ona Prezident mükafatçısı adını qazandıran “Tedroid Media Group” üzrə innovativ fəaliyyətindən də danışan Taryel Ağazadə bildirir ki, sözügedən texnologiya mediası timsalında 29-dan çox qlobal və 70-dən çox yerli şirkət, onlayn platforma və startaplarla tərəfdaşlıq edir. Bu media platforması azərbaycanlı auditoriyaya xitab edən 1000-dən çox elmi-texnoloji və startaplarla əlaqədar sayt, toplam izlənmə sayı 40 milyondan çox olan videoməzmunlarına sahibdir: “Tedroid Media Group” ölkənin ən böyük texnologiya medialarından birinə çevrilməklə ümumilikdə müxtəlif sosial şəbəkələrdə toplam ~200.000 istifadəçi sayına və aylıq 2 milyondan çox izləyiciyə çatsa da, bu sahədə ilk addımları 2019-cu ilə ASAN İnnovasiya Mərkəzinə “exit” etmiş “Webspace” platformasına dayanmaqdadır”.

 

Qeyd edək ki, Taryel Ağazadə həm də hazırda “Kapital Bank”ın İnnovasiya proqramına rəhbərlik edir.

 

“Aldığım mükafat mənim üçün çox böyük bir uğurdur”

 

1995-ci ildə Bakıda anadan olan Pərviz Mirələmli paytaxtdakı Mehdi Mehdiyev adına 280 nömrəli tam orta məktəbin məzunudur. Məktəbi bitirdikdən sonra -2013-cü ildə ADA Universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsinə daxil olub. 2017-2018-ci illərdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə ADA Universiteti tələbələrinin cəlb olunduğu 6 aylıq “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı Şəkildə Qorunması” proqramı çərçivəsində tədqiqatçı kimi fəaliyyət göstərərək diplom işini uğurla müdafiə edib. 2018-cil ildə Universiteti müvəfəqiyyətlə bitirib.

 

Gənc olmasına  baxmayaraq Pərviz Mirələmlinin uğura gedən yolu çox rəngarəng və zəngindir. Belə ki, o, tələbə olduğu müddətdə müxtəlif təşkilatlarda iş təcrübəsi qazanıb, fəaliyyətinə 2014-cü ildə Avropa Birliyinin Azərbaycan Nümayəndəliyində könüllü olaraq başlayıb, 2017-ci ildə Avrasiya Əməkdaşlıq Fondu/Qafqaz Tədqiqat Resurs Mərkəzində təcrübəçi olaraq işləyib. 2019-cu ildən, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GIZ) xidməti müqavilə üzrə layihə konsultantı vəzifəsində çalışıb, bu müddət ərzində müxtəlif  layihə, proqram və modullarda yer alıb, yerli və beynəlxalq ekspertlərlə, ətraf mühitin müdafiəsi, ekoloji yerli idarəetmə, regional inkişaf, gender bərabərliyi, gənc təşəbbüskarlıq, gənclərin davamlı inkişaf konsepsiyası mövzuları üzrə fəaliyyət göstərib. 2020-ci ildən başlayaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) cəlb olunub, layihə koordinatoru, departament rəhbəri, baş katib kimi müxtəlif vəzifələrdə tələbə gənclər hərəkatının inkişafı, tələblərin ictimai-sosial məşğulluğu, tələbə təşkilatlarının və klublarının səmərəli fəaliyyətinin təşkili istiqamətində bir sıra işlər görüb.

 

2020-ci ilin dekabrında tələbələrin  səs çoxluğu ilə ATGTİ-nin idarə heyətinə sədr seçilib.

 

İngiltərənin Liverpul Universitetinin hüquq üzrə yay məktəbinin məzunlarından olan, hazırda  Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin “İctimai siyasət” ixtisası üzrə  II kurs magistr tələbəsi kimi təhsil alan Pərviz Mirələmli ittifaqdakı fəaliyyəti ilə yanaşı 2023-cü il iyul ayınadək Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuranın üzvü kimi, ölkə başçısı İlham Əliyevin 7 iyun 2022-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Respublikasının Gənclər Fondunun yenidən formalaşdırılmış Müşahidə Şurasının 9 üzvündən biri kimi fəaliyyət göstərməkdədir. Fəaliyyəti çərçivəsində ölkədəki tələbə təşkilatları, klubları və tələbə kontingentini əhatə edən irimiqyaslı Respublika səviyyəli yürüşlərin, tədbirlərin, silsilə layihə və proqramların təşəbbüskarı və icraçısı olan Pərviz Mirələmli Bakı və regionlarda dövlət gənclər siyasətinin öncül icraçılarından biri  kimi Azərbaycan Respublikası Gənclər Fondunun xətti ilə xidmətlərin göstərilməsində müstəsna rol oynayıb.

 

Ali mükafatın sevincini yaşayan Pərviz Mirələmli deyir  ki, bu xəbər  onun üçün gözlənilməz olub: “Tam səmimi qeyd edim ki, mükafatçılar sırasında adımın olacağı mənim üçün gözlənilməz idi. Bu həyəcan hələ də məndə davam edir. Sözlə ifadə edə bilməyəcək qədər sevinc hissləri keçirirəm. Belə bir ali mükafata layiq görülmək qürurvericidir. Aldığım mükafat həm mənim, eyni zamanda təmsil etdiyim qurum üçün çox böyük bir uğurdur.  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri kimi ölkədəki tələbə hərəkatının önündə olmaq, həmçinin Azərbaycan gənci, tələbəsi olaraq belə bir nailiyyətə imza atmaq mənim üçün fəxrdir. Fəaliyyətimin birbaşa ölkə başçısı  İlham Əliyev tərəfindən qiymətləndirilməsi Azərbaycan gəncinə göstərilən diqqət və qayğının əyani təzahürüdür. Biz gənclər bu diqqətin və qayğının nəticəsi olaraq bundan sonra daha məsuliyyətli olmalı və göstərilən etimadı doğrultmalıyıq.  Ölkəmizin inkişafı üçün   əvəzolunmaz Liderimiz İlham Əliyevdən örnək götürərək bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik”.

 

Bəli, Azərbaycan Gəncləri  öz Gününü qeyd edir. Biz bu 3 gəncin fəaliyyəti,  qazandığı uğuru ilə tanış olmaqla onların timsalında Azərbaycan gənclərinin nələrə qadir olduğunu görürük.

 

 

Və Azərbaycan Prezidenti  İlham Əliyevin gənclərlə bağlı dediyi sözlər bu gün  onun olduqca uzaqgörən bir  Lider olmasını göstərir: “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.

 

Samirə KƏRİMOVA