Birgə əməkdaşlıq vacib amil kimi


Bu bir danılmaz həqiqətdir ki, böyüməkdə olan gənc nəslin tərbiyəsi  ünsiyyətdə olduğu insanlarla, yaşadığı mühitlə, təlim-tərbiyə aldığı təhsil  ocağı, ən əsası isə böyüyüb başa çatdığı ailəsi ilə bağlıdır. Təbii ki,  uşaqların tərbiyəsi ilə bağlı əsas məsuliyyət, ağırlıq məhz  ailənin üzərinə düşür. Odur ki, yaxşı ailə tərbiyəsi görənlər  nümunəvi cəhətləri  ilə fərqlənirlər. Belə uşaq və yeniyetmələr mənəvi cəhətdən sağlam, mədəni, səmimi və uzaqgörən olurlar. Ona görə də müasir gənclərin müsbət əxlaqi keyfiyyətlərə malik olmasını, intellektual səviyyələrini yüksək, dünyagörüşlərini  geniş görmək istəyiriksə, ailə tərbiyəsi məsələsini ön plana çəkməli və bu məsələyə ciddi yanaşmalıyıq.

 

Elə təhsil mütəxəssisləri  ilə söhbətimizin əsas mövzusu da məhz tərbiyə məsələləri oldu.

 

Bakı Dövlət Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru Hikmət  Əlizadə məktəbin  ancaq bilik məkanı deyil, burada təhsil alanların həmçinin həyata hazırlandığını qeyd edir: “Bilirsiniz, böyüməkdə olan nəslin həyata hazırlanması təbii ki, tək məktəbin işi deyil və məktəblə bərabər bu işin məsuliyyəti həm ailənin, həm də cəmiyyətin üzərinə düşür. Artıq uzun illərdir ki, ailə, məktəb və ictimaiyyət tərbiyə institutları kimi dəyərləndirilirlər. Bu üç tərbiyə institutunun hər birində tərbiyə özünəməxsus yollarla həyata keçirilir. Bəzən uşaq və yeniyetmələrin tərbiyəsində nöqsanlı hal nəzərə çarpan kimi günahı bu tərbiyə institutlarından birində axtarırlar. Amma bilmək lazımdır ki, tərbiyə istiqamətində həyata keçirilən işləri ilə bu tərbiyə institutları bir-birini tamamlayırlar. Başqa sözlə desək, uşaq və yeniyetmənin, yaxud da gəncin tərbiyəsində yaranmış nöqsana görə onların hər birinin üzərinə  məsuliyyət düşür”.

 

Professor bildirir ki, ailə uşağın tərbiyəsinin əsası qoyulan ilk mühitidir. Ailə dövlətin özəyidir, o nə qədər möhkəm olarsa, cəmiyyət də bir o qədər möhkəm olar. Ailənin möhkəmliyini şərtləndirən səbəblər çoxdur, onlardan biri də tərbiyə məsələlərinin düzgün qurulmasıdır. Tarixən Azərbaycan ailəsində uşaqların tərbiyəsinin düzgün təşkili valideynlərin mənəvi borcu kimi mənalandırılıb, bu gün də belədir.

 

Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsini xatırladan Hikmət Əlizadə  uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcu olduğunu və bu borcun yerinə yetirilməsinə dövlətin  nəzarət  etdiyini söyləyir: “Həmin maddədə   daha sonra öz əksini tapan müddəalardan biri də uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinin qadağan olunmasıdır. Bu və digər  müddəalar ölkəmizdə yeni nəslin tərbiyəsinə nə qədər qayğı ilə yanaşılmasının təzahürüdür. Məsələyə bu konteksdən yanaşanda dövlət sifarişini yerinə yetirən məktəbin, müəllimlərin tərbiyə məsələləri ilə bağlı məsuliyyəti daha da artır, valideynlərlə əməkdaşlıq zərurətə çevrilir”.

 

Valideynlə əməkdaşlıq yolu ilə müəllim  şagirdlərin məktəbdənkənar fəaliyyətinin təşkilinə rəhbərlik edə bilər. Həmsöhbətimiz  qeyd edir ki, valideynlər də bu əməkdaşlıqda öz uşaqlarının inkişafı baxımından maraqlı olmalıdır. Əməkdaşlıq həm ailənin, həm də məktəbin tərbiyə funksiyasının yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən strategiyadır.  

 

Cəmiyyət olaraq, tərbiyənin bütün institutlarının öz fəaliyyətlərini “tələblərdə vahidlik” prinsipinin tələbləri səviyyəsində qurması bu müstəvidə öz aktuallığını artırır.

 

Hikmət Əlizadə yekun olaraq bir fikri xüsusi təkrarlamaq istədiyini deyir: “Ailə, məktəb və ictimaiyyət. Bu tərbiyə institutları bir-birini tamamlamalıdır. Və belə olarsa müsbət nəticələr əldə edəcəyimizə əminəm”.

 

Uşaq ilk dərslərini ailədən alır

 

220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova bildirir ki, uşaqların cəmiyyətə yararlı bir vətəndaş kimi formalaşmasında məktəbin rolu böyükdür. Şagird  məhz  ilk dəfə məktəbdə əsl məsuliyyət hissinin, nizam-intizamın  nə olduğunu, ilkin vətəndaşlıq bacarıqlarını, ünsiyyət qurmağı, komandada işləməyi, qaydalara riayət etməyi  öyrənir.

 

Böyüməkdə olan nəslə  məsuliyyət hissinin aşılanması xüsusi əhəmiyyət kəsb edir. Məsuliyyət hissini şagirdlərə aşılamaq həm məktəbin, həm də valideynlərin vəzifəsidir. Məlum olduğu kimi, məsuliyyət şagirdin üzərinə düşən vəzifənin yerinə yetirməsi, etdiyi hərəkətlərin və yerinə yetirdiyi işlərin ətrafdakılara təsirini nəzərə alması, davranışlarına cavabdeh olmasıdır: “Şagirdlərdə bu hissin formalaşdırılması mütləq şəkildə məktəb və ailə paraleli üzrə aparılmalıdır. Çünki uşaq ilk dərslərini ailədən alır. Buna görə də ailələr məktəblə əməkdaşlıq edərək öz övladlarını dəstəkləməlidirlər. Bu zaman həm məktəb, həm də ailələr tərəfindən düzgün ünsiyyət qurulmalıdır. Düzgün ünsiyyət  maneələri aradan götürür, şagird-ailə-məktəb arasında inam körpüsü yaradır.

 

Statistikaya görə, məktəbdə şagird və müəllim arasında qurulan düzgün və müsbət münasibət problemli davranışları 75% aşağı salır. Əgər şagird müəllimə etibar edirsə o daha çox əmək sərf edir ki, qaydalara riayət etsin. Müəllimin yaxşı bir davranışı, tərifləməsi  və çox kiçik bir pis hərəkətə məhəl qoymaması cəzadan daha çox effektiv olur”.

 

Lətifə Əzimovanın sözlərinə görə, məktəb valideynlərə bu çətin işdə bələdçilik etməlidir. Uşaqlarda dəyərlərin formalaşdırılması üçün hansı fəaliyyətlərin həyata keçirilməsi, evdə onlara hansı məsuliyyətlərin verilməsi, asudə vaxtın necə təşkil olunması üçün valideynlərə kiçik “reseptlər”  verməlidir. Uşaqlara ev işlərində verilən kiçik vəzifələr, tapşırıqlar belə onların ümumi davranışlarına çox müsbət təsir edir. Həm məktəb, həm də ailələr uşaqlara eyni  dəyərləri aşılamalı, eyni davranışları öyrətməli və eyni tələbləri qoymalıdır.

 

Direktor müasir dövrdə şagirdlərin hərtərəfli şəxsiyyət kimi yetişməsində sosial şəbəkələrin mənfi təsirini azaltmaq məqsədilə məktəb tərəfindən tədbirlərin görülməli olduğunun, şagirdlərlə müzakirələr və söhbətlərin aparılmasının zəruriliyini qeyd edir: “Bir məktəb direktoru kimi düşünürəm ki, orta ümumtəhsil müəssisəsi hər bir şagird üçün özünü xoşbəxt, hər zaman təhlükəsiz hiss edəcəyi bir yer olmalıdır. Bunu təmin etmək isə hər bir təhsil müəssisəsinin vəzifəsidir”.

 

Samirə KƏRİMOVA