Son illər təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, bir sözlə, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan bütün addımlar müəllim nüfuzunu və bu peşəyə marağı daha da artırıb. Müəllimlik peşəsini seçən gənclərimizin sayı getdikcə çoxalır. Hər il imtahanlarda yüksək bal toplamış abituriyentlər arasında  müəllim olmağa üstünlük verən, həyatını bu müqəddəs peşəyə həsr etmək istəyən gənclərə daha tez-tez rast gəlirik...

 

“Yaxşı müəllim nə deməkdir?”- sualına ukraynalı yazıçı və pedaqoq V.A.Suxomlinski belə cavab verirdi: “Müəllim kimdir? O, ilk növbədə uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər; uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub...”.

 

“Şagirdlərin təbəssümünə şahid olduğumuz hər gün bizim üçün bayramdır”

 

Gənc müsahibim də məhz belə müəllimlərdəndir. Arifə Məmmədova 2024-cü il üzrə “Gənclər Paytaxtı” seçilmiş Lənkəran şəhərində 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan tədbirdə “İlin gənci” mükafatına layiq görülüb. O, bu mükafatı “2023-cü ildəki uğurlu fəaliyyətinə görə” qazanıb.  

 

Arifə Məmmədova  22 noyabr 1996-cı ildə Şəmkir rayonunda müəllim ailəsində anadan olub. Orta təhsilini B.Rüstəmov adına Dəllər-Cəyir kənd tam orta məktəbində alıb. Uşaqlıqda ətrafında hamı həkim olmaq istəyərkən, Arifə müəllimlik arzusunda olub. Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qalib olduqdan sonra isə artıq ixtisas seçimini qətiləşdirib. Arifə müəllimə ana dilini sevərək tədris edəcəkdi. Bu səbəbdən də 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına daxil olub və böyük həvəslə müəllimlik sənətinin sirlərinə yiyələnib.

 

A.Məmmədova 2020-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçərək, Kürdəmir rayonunun Quşlar kənd tam orta məktəbində fəaliyyətə başlayıb. Yeni iş yeri doğma evindən 200 km uzaqda olsa da, müəllimlik eşqi ilə yaşayan bu gənc müəllim üçün özünü ifadə etmək, bacarıqlarını göstərmək əsas hədəf olub:“Mənə çətin olsa da, dərsi izah edərkən şagirdlərin gözündəki işığı, onların necə həvəslə dərsi dinlədiklərini, dərsdə fəallıqlarını gördükdə düşünürdüm:“Yaxşı ki, müəllim olmuşam!”. Daha sonra 2021-ci ildə Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticəsində hər zaman xəyalını qurduğum, böyüyüb, təhsil aldığım Şəmkirdə fəaliyyətə başladım. Hazırda Sarıtəpə kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini və Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıram. Xüsusi qeyd etmək istəyirəm ki, Müəllimlərin İşə Qəbulu imtahanı ən uğurlu islahatlardan biridir. Çünki gənc müəllimlər gedib ucqar rayon və kəndlərimizdə uşaqlara dərs keçirlər. Ucqar kəndlərdə istedadlı uşaqlar çoxdur və onlar gözləyirlər ki, kimsə onları kəşf etsin. Ucqar yerlərdə təhsil alan uşaqlar mənim üçün çox dəyərlidirlər. Hərdən düşünürəm, müəllim olmasaydım, yenə şagird təbəssümü üçün çalışardım. Şagirdlərin təbəssümünə şahid olduğumuz hər gün bizim üçün bayramdır”.

 

Daim öz üzərində işləyən, yeni proseslərə qatılan, özünü sınamaqdan çəkinməyən Arifə müəllimə fəaliyyəti boyu yeni-yeni uğurlar qazanıb. Belə ki, 2021-ci ildə Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində“Uğurlu gələcəyin şifrələri” layihəsinin, 2023-cü ildə isə VII qrant müsabiqəsində “Sözlərinlə əsər yarat” layihəsinin, 2022-ci ildə Fərq Yaradan Gənc Müəllim müsabiqəsinin qalibi, 2022-ci və 2023-cü illərdə Beynəlxalq STEAM Azərbaycan Festivalının finalçısı və nəhayət, yeni qədəm qoyduğumuz 2024-cü ildə “İlin gənci” mükafatçısı olub.

 

Müəllimlərin və şagirdlərin inkişafına yönəlmiş bir çox layihələrin rəhbəri olan Arifə müəllimə deyir: “Müəllim cəmiyyətin mənəvi bazasıdır, cəmiyyətin simasıdır. Biz müəllimləri bizim yaratdığımız gələcək gözləyir. Şagirdlər bir ağ kağızdır və onların gələcəyi bizim xəttatlığımızdan asılıdır. Biz nə qədər yaxşı xəttat olarsaq, şagird gələcəyi də bir o qədər möhtəşəm olacaq. Müəllim olmaq davamlı öyrənmək deməkdir, mən özüm hələ də öyrənənlərdənəm. Təhsilimi Prezident yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirirəm. Müəllimlik dünyanın ən şərəfli peşəsidir, bu peşənin bir parçası olduğum üçün qürur duyuram. Yaxşı ki, müəlliməm, yaxşı ki, öyrədənlərdənəm!”.

 

Lamiyə ƏLİMƏRDANOVA