Finlandiya dünyada ən uğurlu inklüziv təhsil təcrübəsinə malik dövlətlərdən biri hesab edilir. Burada keyfiyyətli təhsil hər bir uşağın hüququdur və ölkə vahid yanaşmadan, bütün vətəndaşları yüksək keyfiyyətli təhsillə təmin etməkdən qürur duyur. Buna görə də, ehtiyaclarından asılı olmayaraq bütün uşaqlar erkən uşaqlıq təhsilində iştirak edə bilirlər. Yalnız xüsusi təhsilə ehtiyac duyan uşaqlara ayrı-ayrı siniflərdə və ya məktəblərdə tədris həyata keçirilir.

 

Finlandiyanın xüsusi ehtiyaclara dəstək sistemi

 

Sahib olduğu təsiredici inklüzivliyə nail olmaq üçün Finlandiyanın təhsil sistemi üç səviyyəli dəstək təqdim edir. Bunlara ümumi, gücləndirilmiş və xüsusi dəstək daxildir.

 

Ümumi dəstək müəllimin bütün sinif üçün həyata keçirdiyi hər hansı təcrübələri əhatə edir. Uşaqlar qrupunda xüsusi ehtiyaclar olmasa belə, müəllimlər ümumi dəstək təcrübələrində hər bir uşağın fərdi ehtiyaclarını nəzərə alırlar. Bu, müxtəlif səviyyələr üçün asanlıqla uyğunlaşa bilən fəaliyyətlərin layihələndirilməsini, uşaqların diqqət müddətini uyğunlaşdırmaq üçün fəaliyyətlərin uzunluğunu tənzimləməyi və uşaqların günün rejimi, cədvəli haqqında məlumatlandırılmasını əhatə edə bilər. Məsələn, əgər uşağın diqqəti başqalarına nisbətən daha asan dağılırsa, müəllim onu diqqətini cəmləməyə kömək etmək üçün qrup fəaliyyətləri zamanı köməkçinin yanında oturdur. Müəllimlər, həmçinin müxtəlif öyrənənlər üçün faydalı alətlər təqdim edirlər. Məsələn, fiziki cəhətdən aktiv uşaqlar üçün balans yastıqları ayrılır, bu addımları atmaqla pedaqoqlar uşaqların istənilən an lazımi dəstəklə əhatə olunmasını təmin edirlər.

 

Gücləndirilmiş dəstəyə köməyə ehtiyacı olan uşaqlar üçün müəllimin gördüyü əlavə tədbirlər daxildir. Bu, müntəzəm, fərdi olaraq planlaşdırılmış dəstək tədbirlərini əhatə edir və pedaqoqlar belə tədbirləri uşağın qəyyumları ilə planlaşdırır. Bəzən müəllimlər lazım gəldikdə prosesə mütəxəssisləri də cəlb edə bilərlər.

 

Uşaqda ciddi əlillik, xəstəlik və ya inkişaf pozğunluğu varsa, ona xüsusi dəstək tələb olunur. Bu hallarda dəstəyə ehtiyac tam zamanlı, uzunmüddətli və yüksək fərdi xarakter daşıyır. Bu hallarda müəllimlər uşağın ehtiyaclarının bütün aspektlərini həll edə biləcək işçi komanda yaratmaq üçün mütəxəssisləri və uşağın valideynlərini cəlb edirlər.

 

Qeyd etmək lazımdır ki, hətta gücləndirilmiş və xüsusi dəstək göstərərkən belə, müəllimlər bütün uşaqları bir qrupda saxlamağa çalışırlar. Ənənəvi şəraitdə xüsusi təhsil müəllimi bir neçə uşağı bir saat ərzində “xüsusi təhsil” sinfinə apara bilər və bununla da onları qrupun qalan hissəsindən ayıra bilər. Digər tərəfdən, inklüziv fin sinfində müəllimlər qrup fəaliyyətlərində iştirak edərkən, ehtiyacı olan uşaqlara daha çox praktiki dəstək verirlər. Məsələn, onlar uşaqları xüsusi ehtiyacı olan və olmayan uşaqların qarışığından ibarət kiçik qruplara ayıra bilər ki, digər uşaqlar da əlavə köməyə ehtiyacı olanların öyrənməsinə dəstək ola bilsinlər. Bu şəraitdə müəllimlər həm də uşaqların təşəbbüslərinə cavab verə, fərdi diqqət ayıra və bütün sinif şəraitində olduğundan daha çox dəstək göstərə bilərlər.

 

İnklüziv təhsilin prinsipləri

 

Finlandiya təhsil sistemi inklüzivliyə çox ciddi yanaşır; ölkədə inklüzivlik məqsəddir. Araşdırmalar göstərir ki, birgə öyrənmə xüsusi ehtiyacı olan və olmayan bütün uşaqlar üçün böyük fayda verir. Birgə öyrənmənin müxtəlif aspektlərinə sosial parametrlər, məsələn, dostlarla vaxt keçirmək, müzakirələr aparmaq, zarafat etmək və ya ad günü şənliklərində iştirak etmək, paylaşılan fəaliyyətlər, müxtəlif oyun və gündəlik fəaliyyətlər kimi funksional cəhətlər, içəridə və ya kənarda vaxt keçirmək kimi fiziki parametrlər, səyahətlərə çıxmaq, bir yerdə öyrənmə sevinci, icmaya aid olma və icmada yaşaya bilmək hissi daxildir.

 

Pedaqoqların bütün uşaqlara effektiv dəstək göstərmələri üçün biliyə, bağlılığa,“know-how” (bacarıq, təcrübə) və komanda işinə malik olması lazımdır.

Bilik dəstəyi necə planlaşdırmağı və təşkil etməyi dərk etməkdən ibarətdir: pedaqoq nə etməli və bunu necə etməlidir?

 

Öhdəlik bütün uşaqların birlikdə öyrədilməsi ideyasının arxasında bütün cəmiyyətin olması deməkdir. Bu, inklüzivliyin qaçılmaz olaraq təqdim etdiyi çətinliklərin öhdəsindən gəlmək istəyini artırır. “Know-how” müəllimin hər bir uşağa lazımi dəstəyi təmin etmək üçün istifadə etdiyi konkret bacarıq və vasitələri əhatə edir. Nəhayət, inteqrasiyanın uğur qazanması üçün valideynlər iştirak etməlidirlər, yəni komanda işi çox vacibdir. Onların uşaqlarının necə dəstəkləndiyi barədə məlumatı olmalıdır.

 

2016-cı ildə Avropa Xüsusi və İnklüziv Təhsil Agentliyi inklüziv təhsilin ən yaxşı təcrübələrini öyrənmək üçün layihə həyata keçirib. Finlandiyaya səfər edərkən onlar təhsil sistemində bir çox güclü cəhətlər aşkar ediblər: Fərdi planlaşdırma; Təhsil + qayğı modeli; İxtisaslı kadr; Oyuna vurğu.

 

Finlandiyada hər bir uşaq əvvəlcə fərdi plan alır. Müəllim və valideynlər uşağın güclü tərəflərini, maraqlarını və dəstəyə ehtiyaclarını və bu ehtiyacların uşağın öyrənmə səyahətində necə nəzərə alınacağını müzakirə etmək üçün görüşürlər. Hər bir uşaq qabiliyyətindən asılı olmayaraq belə bir plan alır və müəllimlə valideynlər uşağın irəliləyişini müzakirə etmək üçün ildə ən azı bir dəfə görüşməlidirlər. Müntəzəm müşahidə və pedaqoji sənədlərə vurğu da bu fərdi yanaşmanı dəstəkləyir. Onlar uşağa pedaqoji dəstəyin planlaşdırılması prosesinə rəhbərlik edirlər ki, göstərilən bütün dəstək uşağın həqiqətən ehtiyac duyduğu məqamlara əsaslansın. Bu yanaşma inklüzivliyi təşviq edir və bütün tədris müəssisələrində oxşar təcrübə yaradır.

 

İkincisi, fin yanaşması uşaqların təhsilinə qayğını birləşdirir. Bu o deməkdir ki, nəvaziş göstərmək, uşaq bezi və ya paltar dəyişdirmək, uşaqların sağlam qidalanma vərdişlərini dəstəkləmək kimi qayğı anları və rutinlər kiçik yaşlı uşaqların təhsil səyahətinin bir hissəsidir. Xüsusi ehtiyacları olan bir uşağın bu sahələrdə daha çox dəstəyə ehtiyacı varsa, pedaqoqlar təbii olaraq öz yanaşmalarını tələblərə uyğunlaşdırırlar.

 

Üçüncü məqam ondan ibarətdir ki, Finlandiyada dəstək yerləşdirməni müəyyən etmir. Dəstək almaq üçün uşağın xüsusi təhsil sinfində olmasına ehtiyac yoxdur. Həqiqətən də, Finlandiyanın erkən təhsil sistemində uşaqların əksəriyyətinə uşaq bağçasının gündəlik həyatında birlikdə iştirak etməyə imkan verən üç səviyyəli dəstək mövcuddur. Yalnız ən ağır hallarda, uşağın xəstəxanaya bənzər qayğıya ehtiyacı olduğu və ya əhəmiyyətli təhsil ehtiyacları duyduğu hallarda, onlar ayrı siniflərə və ya məktəblərə yerləşdirilir.

 

Müəllim peşəkarlığı

 

Finlandiya müəllimləri inklüziv təhsil sahəsi üzrə yüksək səviyyədə təlim keçdikdən sonra tədris müəssisələrində işləmək hüququ qazanırlar. Onlar ali təhsilli olmalıdırlar və buna görə də müxtəlif ehtiyacları olan uşaqları müəyyən etmək, onlara fərdi dəstək göstərmək üçün bacarıq və biliklərə yiyələnirlər. Bu biliklə onlar uşağın ehtiyacları ilə bağlı narahatlıqlarını erkən mərhələdə valideynlərə çatdıra və vəziyyəti proaktiv şəkildə həll edə bilərlər.

 

Nəhayət, Finlandiyada inklüziv təhsil oyunu vurğusu. Oyunlara diqqət müəllimlərə inklüzivlik üçün əlverişli olan əməliyyat mədəniyyətini və tədris üsullarını inkişaf etdirmək azadlığı verir. Onların xüsusi uşaq qrupu əsasında tədrislərini necə aparacaqları ilə bağlı seçim etmək çevikliyi var ki, bu da daha çox fərdiləşdirilmiş dəstəyə imkan verir. Oyun uşaqlara çox təbii gəldiyi üçün bu vasitədən çox geniş istifadə edilir. Oyun əsaslı yanaşmadan istifadə etməklə müəllimlər həmin uşaqları xüsusi və ya fərqli kimi qeyd etməkdən çəkinir və bunun əvəzinə hər kəsin öyrənməsi, birlikdə işləməsi üçün imkanlar yaradır.

 

Lamiyə ƏLİMƏRDANOVA