Təhsil işçiləri və tələbələr qaydalardakı yeniliklər barədə nə düşünürlər?


Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər edilib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni qaydalar 2024-cü ilin 15 sentyabr tarixindən tətbiq olunacaq. Onu da qeyd edək ki, sözügedən qaydalar xarici ölkə ali təhsil müəssisələrinin filiallarına şamil olunmur. Qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq imkanlarının nəzərə alınması əsas öhdəliklər kimi müəyyən olunub.

 

Bəs, ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti, tələbələr yeniliklər haqqında nə düşünür?

 

“Qaydalarda tələbələrin topladığı təcrübənin məqsədləri konkretləşdirilib”

 

Bakı Slavyan Universitetinin prorektoru, Əməkdar müəllim Ənvər Abbasov bizimlə söhbətində qaydalara toxunaraq qeyd edib: “Bu sənəddə, ilkin olaraq, təcrübənin statusuna  yenidən baxılıb, onun müvafiq tədris proqramlarının tərkib hissəsi olması təsbit olunub. Həmçinin bu qaydaların Azərbaycan ərazisində olan bütün ali təhsil müəssisələrinə (xarici ali məktəblərin filialları istisna olmaqla) şamil edilməsi qeyd olunub.

 

Bu qaydalarda əvvəlkilərdən fərqli olaraq tələbələrin topladığı təcrübənin məqsədləri konkretləşdirilib. Onların bilik, bacarıq, səriştə, müxtəlif fəaliyyət sahələri ilə, həmçinin informativ-kommunikativ texnologiyalara aid səriştələrin inkişaf etdirilməsi ilə əlaqəliliyi xüsusi olaraq vurğulanıb. Bu sənəddə ilk dəfə olaraq təcrübənin növləri daha geniş kontekstdə verilib və aşağıdakı kimi təsnif olunub:

 

Qaydalarda mahiyyət və özünəməxsus cəhətlər, həmçinin təşkili xüsusiyyətləri  izah edilib. Bundan başqa təhsil müəssisəsi, təcrübə bazaları və tələbələrin təcrübə prosesində iştirakçı olduqları qeyd edilib. Eyni zamanda, onların bu prosesin  fəal iştirakçıları kimi yerinə yetirdikləri vəzifələrin məzmunu və mahiyyəti şərh olunub.

 

Bütün bunlar onu deməyə əsas verir ki, yeni təsdiq olunmuş və cəmiyyətə yeni mesaj kimi təqdim edilən “Ali və orta ixtisas  təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası” özünün yeni keyfiyyətləri ilə daha mütərəqqi bir sənəddir və yeni peşəkar kadrların hazırlanmasında əhəmiyyətli rola malik olacaqdır”.

 

“Tələbə gələcək karyerasını hansı müəssisədə quracağını özü seçəcək”

 

Qərbi Kaspi Universitetinin Tədrisin təşkili və idarəolunması mərkəzinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Piri Axundov da yeni qaydalara olunan dəyişikliklərlə bağlı fikirlərini bizimlə bölüşüb: “Yeni Qaydaların tərtibinə təhsil sahəsində aparılan islahatların davamı kimi baxmaq olar. Yeni qaydaların əvvəlki, qaydalardan əsas fərqi təcrübənin tələbənin təklifi əsasında təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda və ya xarici ölkədə keçirilməsidir. Bu, onu göstərir ki, tələbə gələcək karyerasını hansı müəssisədə quracağını özü seçir, bunun üçün müəyyən araşdırmalar aparır. Qaydalar təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin, müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, tələbələrin gələcək iş həyatında uğurlar əldə etməsinə kömək edəcəkdir. Hazırda ali təhsil müəssisələrində ixtisasın tədris planı hazırlanarkən əmək bazarına uyğun fənlərin təklif edilməsi üçün müəssisələrilə universitetlər arasında sıx əlaqə qurulmaqdadır. Bu əlaqəyə üçüncü tərəf isə tələbələrdir. Tələbə sahib olacağı ixtisasa tam yiyələnmək üçün həm ali təhsil müəssisəsi, həm də iş dünyası ilə sıx əlaqədə olmalıdır”.

 

“Tələbələrin əmək fəaliyyətinin pedaqoji komissiya tərəfindən tanınması artıq mümkün olacaq”

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin təcrübə rəhbəri Qəmərxanım Qəribova qaydalarda edilmiş dəyişiklikləri belə izah edib: “Pedaqoji təcrübə gələcək müəllimlərə ali təhsil müəssisələrində aldıqları nəzəri bilikləri  real tədris şəraitində tətbiq etməyə, praktiki bacarıqlar əldə etməyə, effektiv ünsiyyət bacarıqları və strategiyalarını təkmilləşdirməyə və müəllim peşəsi haqqında təsəvvürlərə malik olmağa imkan verir. Bu, müəllim hazırlığının vacib komponentidir və təhsil sahəsində karyera üçün əvəzolunmaz hazırlığı təmin edir.

 

Yeni qaydalara əsasən, təcrübə komissiyalarının yaradılması təcrübənin keyfiyyətinin, effektivliyinin təmin edilməsində mühüm addımdır. Bu, təcrübə hesabatlarının qiymətləndirmə prosesində ədalətliliyin və keyfiyyətə nəzarətin təmin edilməsində mühüm rol oynayacaq. Təcrübə hesabatlarının qiymətləndirilməsi təcrübəçi tələbələrin inkişafının təşviqinə də xidmət edəcək. Həmçinin, yeni qaydalara əsasən,  tələbələrin əmək fəaliyyətinin pedaqoji komissiya tərəfindən tanınması artıq mümkün olacaq.

 

Təcrübəçi tələbələrin  ixtisasları üzrə peşə bacarıqlarının inkişaf etdirilməsi və onların peşə vərdişlərinin əldə edilməsinə  effektiv nəzarət müəllim hazırlığının keyfiyyət və səmərəliliyini təmin etmək üçün həlledici əhəmiyyətə malikdir. Şübhəsiz ki, ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji internaturanın təşkili və keçirilməsinə göstərdiyi diqqət bu tələbələrin təcrübə keçdikləri məktəb rəhbərlikləri tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Ali və orta ixtisas təhsili müəssisələri müəllim hazırlığının konsepsiyası və strategiyasının keyfiyyətini və effektivliyini təmin etmək öhdəliyini nümayiş etdirdikdə, bu, hər iki tərəf arasında əməkdaşlığın güclənməsinə imkan yaradır. Bu da öz növbəsində ali və orta ixtisas təhsili müəssisələri ilə əmək bazarı arasında tərəfdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verir”.

 

“Qaydaların təkmilləşdirilməsi, günün tələblərinə uyğun yenilənməsi sevindirici haldır”

 

Bakı Dövlət Universitetinin dosenti Təranə Tağıyeva da qaydalardakı dəyişikliklərlə bağlı fikirlər səsləndirib: “Tələbələrin təcrübə keçmə qaydalarında yeniliklər son dövrlərdə ali təhsil müəssisələrində təcrubə prosesinin daha real bazar mühitinə, iş fəaliyyətinə uyğunlaşdırılmasına xidmət edir. Qaydaların təkmilləşdirilməsi, günün tələblərinə uyğun şəkildə yenilənməsi sevindirici haldır. Bu prosesdə istər ali və orta ixtisas təhsili müəssisələrinin, istərsə də dövlət qurumlarının, idarə, təşkilatlarının, eləcə də özəl sektorun aktiv cəlb olunması nəzərdə tutulur. Dövlət qurumlarından tutmuş, özəl şirkət və firmalar universitetlərdə kadr hazırlığındakı iştiraklarını daha da genişləndirməklə birgə fəaliyyəti təşkil etmək lazımdır. Əlbəttə, burada təşkilatların təşəbbüsündən də çox şey asılıdır. Nəzəri biliklərin formalaşması təhsil muəssisələrində əldə edilirsə, biliklərin təcrübədə reallaşdırılmasına şərait yaratmaq birgə səylərdən asılıdır”.

 

“Qaydalardakı dəyişiklilər tələbələrin təcrübə zamanı seçimini genişləndirir”

 

ADPU-nun kimya və biologiya fakültəsinin tələbəsi Səidə Bayramova da bizimlə fikirlərini bölüşüb: “Düşünürəm ki, pedaqoji təcrübə müəllim hazırlığında əsas amil kimi çıxış edir və pedaqoji səriştənin formalaşmasında mühüm rol oynayır.Yeni qaydalarla tanış oldum. Fikrimcə qaydalardakı dəyişikliklər tələbələrin təcrübə zamanı seçimini genişləndirir. Pedaqoji internatura təcrübəçi tələbələrin müxtəlif təhsil ehtiyaclarını ödəməyə və onların öyrənmələrini effektiv şəkildə asanlaşdırmağa yaxşı hazırlaşmalarını təmin edərək, nəzəriyyə ilə təcrübə arasında körpü yaratmağa kömək edəcək”.

 

“Dəyişikliklər tələbənin gələcək karyera planlamasına da müsbət təsir edəcək”

 

Qərbi Kaspi Universitetinin tələbəsi Nəzrin Bağırova hazırda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində  istehsalat təcrübəsi keçir. O, istehsalat təcrübəsinin hər bir tələbənin həyatında böyük rol oynadığını bildirib: “Bu təcrübə zamanı tələbələr karyeraları üçün lazım olacaq bilik və bacarıqlar əldə edirlər. Qaydalardakı dəyişikliklərə gəlincə, onu deyə bilərəm ki, burada tələbənin daha kreativ düşünməsi, seçim etməsi və sair kimi imkanları yaranır. Qaydalar təcrübənin tələbələr üçün dar çərçivədə deyil, daha geniş platformada keçirilməsinə zəmin yaradır. Bundan başqa dəyişikliklərin tələbənin gələcək karyera planlamasına da müsbət təsir edəcəyini düşünürəm”.

 

Niyazi RƏHİMOV