Biləsuvar rayonunun Əliabad kəndində şəhid Elvin Malik oğlu Şahmarlının  doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olunub. 

 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhidə dərs  deyən müəllimlər və  ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidin  şərəfli döyüş yolundan söz açılıb, ruhuna dualar oxunub. 

 

Bildirilib ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Elvin Şahmarlı  15 fevral 2002-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.  2008-2019-cu illərdə M.Piriyev adına Əliabad kənd tam orta məktəbində təhsil alıb və 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. O, Vətən müharibəsində iştirak edib,   Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, şəhid Elvin Şahmarlı ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.  Biləsuvar rayonunun Əliabad kənd küçələrindən birinə onun adı verilib.

 

Şakir CƏFƏROV