Sumqayıt Dövlət Universitetində üç gün davam edən  “Elm və Mühəndislik” düşərgəsi  başa çatıb.  

 

Düşərgəni “SOCAR Downstream Management” MMC-nin əməkdaşlarından İşə qəbul rəhbəri Ülvi Gülüşov açaraq gələcək mühəndislərin şirkətlə bağlı məlumatlandırılması məqsədilə təqdimatla çıxış edib.

 

İstehsalat üzrə böyük mütəxəssis Əhməd Əhmədzadə və Mexanika üzrə menecer Fərid Novruzov isə şirkətin istehsal sahələri, fəaliyyət istiqamətləri, hədəfləri və əmək şəraiti haqqında ətraflı məlumat veriblər. Təqdimatdan sonra tədbirin sual-cavab hissəsində fəallığı ilə seçilən tələbələr “SOCAR Downstream Management” MMC-nin hədiyyələri ilə mükafatlandırılıblar.

 

Düşərgənin II təqdimat hissəsində isə Azərbaycan-Gürcüstan-Türkiyə regionunda tanınan BP şirkətinin Təzyiq sistemlərinin bütövlüyünün idarə olunması üzrə mühəndisi Aynurə Dəmirlinin gənclərlə görüşü keçirilib.

Görüşdə şirkətin fəaliyyəti və  şirkət tərəfindən reallaşdırılan layihələr barədə ətraflı məlumat verilib. Həmçinin tələbə və məzunlar üçün yaradılan imkanlar, iş və təcrübə proqramlarından danışılıb.

 

“Elm və Mühəndislik” düşərgəsi çərçivəsində iştirakçılar “SOCAR Polimer” MMC-nin istehsal sahələrinə ekskursiyada da olublar. Onlar zavodun ekstruder, polimerizasiya qurğuları, anbar və idarəetmə otağını daha yaxından görmək imkanı qazanıblar. Xüsusilə, laboratoriyalar iştirakçılarda böyük maraq oyadıb.

 

Ekskursiyadan sonra universitetin rektoru dosent  Rüfət Əzizov düşərgənin sonuncu günü iştirakçılar ilə görüşüb, universitet tarixində ilk dəfə olaraq “Karyera və Məzunlarla İş Mərkəzi”nin təşkilatçılığı ilə keçirilən “Elm və Mühəndislik” düşərgəsində qarşıya qoyulan məqsədlərə nail olunduğunu  diqqətə çatdırıb. Rektor gənclərin dayanıqlı inkişafına xidmət edən bu tip genişmiqyaslı layihələrin davamlı olmasını arzulayıb.

 

Şakir CƏFƏROV