ADPU-nun prorektoru regional konfransda mövzu üzrə təqdimat edib


“Müasir təhsil paradiqmasında məktəblər təkcə biliyi ötürmür, həm də öz daxili dinamikası ilə öyrənən və inkişaf edən canlı sistemlər kimi fəaliyyət göstərir.”

 

Bu fikirləri Lənkəranda keçirilən “Təhsildə yeni çağırışlar” ilk regional konfransında “Məktəb öyrənən təşkilat kimi” mövzusunda təqdimat edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva səsləndirib.

 

Təqdimatda məktəblərin özünü daim yeniləyən və təkmilləşdirən qurum kimi necə formalaşdıra biləcəyinə dair əsas prinsiplər və təcrübələrdən bəhs olunub. Qeyd olunub ki, təhsil müəssisələrinin öyrənən təşkilatlar kimi layihələndirilməsi və fəaliyyət göstərməsi üzləşdiyimiz sürətli sosial-iqtisadi dəyişikliklərə uyğunlaşmaq və öyrənənlərə çağımızın gözləntilərinə uyğun bacarıqlar vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə tədris prosesini idarə edənlərin, müəllimlərin və tələbələrin iştirak etdiyi davamlı inkişaf prosesi və bu prosesdə hər bir fərdin həm öyrənən, həm də müəllim kimi rolunun vacibliyi vurğulanıb.

 

Prorektor məktəbin biliyin kəşfi və innovasiya proseslərindəki fəal rolunun öyrənmə təcrübələrini daha maraqlı və effektiv etdiyini göstərən akademik araşdırmaların nəticələrini paylaşaraq, şəxsi və peşəkar inkişaf, təlim strategiyaları və liderlik təcrübələrinin məktəbin öyrənən təşkilata çevrilmə yolunda necə transformativ təsir yarada biləcəyini nümunələr əsasında izah edib. Bildirilib ki, bu, tədris rəhbərləri, müəllimlər, şagirdlər və bütün təhsil tərəfdaşlarının birgə səylərini tələb edir.

 

Qeyd edək ki, 400-ə yaxın təhsil işçisinin qatıldığı konfransda MÜTDA-nın direktor müavini Mehriban Vəliyeva, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, ADPU-nun prorektoru Könül Pirverdiyeva, Qazi Universitetinin müəllimi, professor Necati Cemaloğlu, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “T–Network” platformasının rəhbəri Cəfər Mənsimi çıxış ediblər.

 

Konfransdan sonra "Direktorlar klubu"nun üzvü olan Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin bir sıra direktorları ilə görüş keçirilib. Görüşdə direktorlarla məktəbdə liderlik və səmərəli ünsiyyət, müasir idarəetmə modelləri və tədrisin səmərəli təşkili mövzularında müzakirələr aparılıb, bir sıra mühüm çağırışlar səsləndirilib.