Bakı Dövlət Universitetinin (BDU) informasiya və sənəd menecmenti fakültəsinin əməkdaş və tələbələri Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxaq Kitabxana və Texnologiya Festivalında iştirak edirlər.

 

23-27 mart tarixlərində Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival “Rəqəmsal gələcəyin açarı: Süni zəka təməlli ağıllı kitabxanalar” mövzusuna həsr olunub.

 

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı, fakültənin dosenti Rəşad Qardaşov festivalın açılış mərasimində çıxış edib, ölkəmizin kitabxana-informasiya infrastrukturu haqqında məlumat veriblər. Festival müddətində informasiya və sənəd menecmenti fakültəsinin tələbələri Nəbibə Məmmədzadə, Səbinə Həşimli, Rəhman Məmmədli və Sənan Qarayev “İnformasiya təhlükəsizliyi” , “Smart Kitabxanalar” , “Rəqəmsal arxiv” , “Kitabxanada bulut texnologiyası” mövzularında layihələrini təqdim ediblər.

 

Qeyd edək ki, festivalda süni intellektə, proqram təminatı və kodlaşdırmaya, robototexnikaya, smart kitablara, gündəlik tətbiqlərə və 3D printerlərə dair seminarlar, karyera və təcrübə simulyasiyaları, holoqram nümayişləri, panel və konfranslar, peşəkar seminarlar təşkil olunur, konsertlər, bədii tamaşalar kimi mədəni tədbirlər keçirilir.