Namizədlər nəyə diqqət etməlidirlər?


Martın 30-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək. Bu mərhələdə 565 namizədin müraciəti uyğun hesab edilərək test mərhələsində iştirakı təsdiqlənib. Bəs, rəqabət neçə yer uğrunda gedəcək? Bu mübarizəyə kimlər qoşula bilər?  “Azərbaycan müəllimi” qəzetinin bu və digər suallarını Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova cavablandırıb.

 

- Qəbul prosesi nə vaxtdan başlayıb və necə həyata keçirilir?

- Məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbul prosesinə ötən ildən başlanılıb. Müsabiqədə iştirak etmək üçün namizəd “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə işə qəbul üzrə müvafiq alt sistemdə qeydiyyatdan keçib və ona elektron sistemdə “Şəxsi kabinet” açılıb. Namizəd “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəsini doldurub. Həmin ərizədə qeyd edilən məlumatlar üç gün müddətində yoxlanılıb və ərizəsi təsdiq edilmiş namizədlər müsabiqənin test mərhələsinə buraxılıblar. Test mərhələsi ilə bağlı namizədə lazım olan bütün məlumatlar “Şəxsi kabinet”də yerləşdirilib. Qəbul prosesi “Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul Qaydaları” ilə müəyyən edilib. Bu qaydalar isə “Təhsil haqqında” Qanuna, “Məktəbəqədər təhsil haqqında” Qanuna, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə və “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə əsaslanır.

 

- Müsabiqədə kimlər iştirak edir?

- Müsabiqədə ali məktəbəqədər və ya ali pedaqoji təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edirlər.

 

- Seçim prosesində kimlərə üstünlük verilir?

- Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılırlar. Müsabiqə nəticəsində boş yerlər qaldığı halda təkrar müsabiqə elan edilir. Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd müraciət etdikdə, üstünlük vakant yerin yerləşdiyi ərazinin yaxınlığında yaşayanlara, məktəbəqədər təhsilli olanlara, pedaqoji stajı daha çox olanlara verilir.

 

- Müsabiqə neçə mərhələdə keçiriləcək?

- İki mərhələdən ibarətdir: test və müsahibə. Test mərhələsində namizədlərə məktəbəqədər təhsil və idarəetmə, oxuyub-anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilir.

 

- İmtahanda namizədlər nəyə diqqət etməlidirlər?

- Namizədlər test mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə əldə etməlidirlər. Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Test mərhələsinə 120 dəqiqə vaxt ayrılır.  Hər hansı bir səbəbdən göstərilən vaxtda test və ya müsahibə mərhələsində iştirak etməyənlər üçün təkrar müsabiqə keçirilmir.

 

- Bundan sonrakı mərhələdə onları nə gözləyir?

- Bundan sonrakı mərhələ müsahibə mərhələsidir, bu mərhələdə namizədlər ünsiyyət və təqdimetmə bacarığı, liderlik və idarəetmə bacarığı, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi əsasında 5 ballıq şkala ilə qiymətləndirilirlər. Müsahibədə 3.5 və daha yüksək bal toplamış namizədlər həmin mərhələdən keçmiş hesab edilirlər.

 

- Müsahibədən keçdikdən sonra uyğun vakant yerə yerləşdirilirlər? Yeri gəlmişkən, vakant yerlərin sayı bəllidir?

- Məktəbəqədər təhsil müəssisələrində vakant yerlər tələbə uyğun olaraq müəyyən edilir. Müsabiqə üzrə ümumilikdə 686 müraciət qeydə alınıb və imtahan mərhələsinə 565 namizədin müraciəti uyğun hesab edilib. Müsabiqədə uğur qazanan və müdir vəzifəsinə qəbul edilən şəxslər pedaqogika, psixologiya və idarəetmə ilə bağlı ödənişsiz təlim kurslarına cəlb olunacaq, təlim kurslarını başa vurmuş şəxslərə sertifikat veriləcək.

 

Ruhiyyə DAŞSALAHLI