Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə Azərbaycan Tibb Universitetinin (ATU) 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni rektor Gəray Gəraybəyliyə təqdim edib.

 

Təqdimat mərasimində çıxış edən İdarə Heyətinin sədri T.Əhmədov TKTA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib və bunlardan birinin də təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi olduğunu bildirib. O, institusional akkreditasiyanın əsas məqsədinin təhsilin bütün səviyyələrində keyfiyyətin təminatı sisteminin beynəlxalq standartlara uyğun qurulması olduğunu vurğulayaraq, bunun ali təhsil müəssisələrinə dəstək məqsədilə keçirildiyini deyib və prosesi uğurla başa vurduğuna görə Azərbaycan Tibb Universitetini təbrik edib. Eyni zamanda, ATU-nun üç ixtisasının beynəlxalq akkreditasiyadan keçməsini ölkəmizin ali təhsilinin uğuru kimi qiymətləndirib.

 

ATU-nun rektoru G.Gəraybəyli ali təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsinin əhəmiyyətindən danışıb,  bu zaman ortaya çıxan yeni yanaşmaların universitetlərin inkişafına xidmət etdiyini bildirib. Bununla yanaşı, akkreditasiya prosesi nəticəsində verilən tövsiyələrin onlar üçün dəyərini, ümumilikdə ATU-nun inkişafı üçün yeni istiqamət təşkil etdiyini qeyd edib.

 

Görüşün sonunda T.Əhmədov akkreditasiya şəhadətnaməsini rektor G.Gəraybəyliyə təqdim edib.