Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl Dünya Naminə Həmrəylik İli”  çərçivəsində magistrantların VI elmi-nəzəri konfransı keçirilib.

 

Konfransda MDU-nun akademik-inzibati heyət üzvləri, professor-müəllimləri, tələbə və magistrantları iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov ölkədə elmə, onun inkişafına göstərilən diqqət və qayğıdan danışıb, universitetdə həyata keçirilən fəaliyyət istiqamətlərində nəticəyönümlü elmi tədqiqatların önəmli yer tutduğunu bildirib. O, elmi araşdırmaların genişləndirilməsi, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və nüfuzlu elmi nəşrlərdə dərc olunan məqalələrin sayının artırılmasının müasirləşən MDU-nun əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Konfransın “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində keçirilməsinə də diqqət yetirən Ş.Bayramov bu istiqamətdə aparılan tədqiqatların elmə, ölkəmizə fayda verəcəyinə ümid bəslədiyini deyib.

 

Sonra konfransın proqramına uyğun olaraq plenar iclasda magistrantların məruzələri dinlənilib.

 

MDU magistrantlarından Fəridə Rəhimli “Uğurlu ideya-siyasi tərbiyədən Zəfərə gedən yol”, Cavid Xancanlı “Müasir dövrdə müəssisələrin maliyyə dayanıqlığının inkişafında “Yaşıl iqtisadiyyat” amilləri”, Gülüstan Qasımova “Enerji sistemlərinin optimallaşdırılmasında süni intellektin rolu”, Çinarə Mehralıyeva “Folklor və təbiətin ahəngdar kəsişməsi və onun orta məktəblərdə tədrisi”, Ləman Əliyeva “Qarabağ regionunun dirçəldilməsində xarici investisiyalardan istifadə imkanları”, Solmaz Vəzirova “Müasir təhsil prosesində fəal təlim metodlarından istifadənin rolu”, Əli Oruclu “Dünyada “yaşıl enerji”yə keçid: Azərbaycanda reallıqlar, perspektivlər” və Muhamməd Xəlilov “Ekoloji fondların “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə verə biləcəyi töhfələr” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Çıxışlardan sonra rektor Ş.Bayramov mövzularla bağlı fikirlərini bölüşüb, müəyyən təkliflərini çatdırıb.

 

Konfrans işini 7 bölmədə  davam etdirib.