ADPU-nun Şəki filialında konfrans keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Qloballaşma şəraitində Azərbaycan dilçiliyinin inkişaf məsələləri” mövzusunda konfrans keçirilib.

 

Tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov konfransda bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Natiq Azərbaycanda dilçilik elminin müstəqilliyin bərpasından sonrakı  dövrdə, xüsusilə, yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. O, sovet müstəmləkəçi rejimi dönəmində Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidməti   haqqında geniş məlumat verib. Fikirlərini müxtəlif faktlarla əsaslandıran  V.Baxışov müasir dövrdə ölkə başçısı İlham Əliyevin digər sahələrdə olduğu kimi, Azərbaycan dilçilik elminin inkişafında da Ulu Öndərin siyasi kursuna sadiqliyini vurğulayıb.

 

Daha sonra filialın humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirova “İşgüzar ünsiyyat etikası”, dillər və onların tədrisi texnologiyası kafedrasının   müəllimi Türkan Məcidova “Azərbaycan dilçilik elminin müasir problemləri”   mövzularında məruzələrlə çıxış ediblər. Hər iki məruzədə dövlət idarəçiliyi, işgüzar yazışmalar, kütləvi informasiya vasitələri,  eləcə də gündəlik həyatda Azərbaycan dilinin düzgün istifadə qaydaları, dilin norma və qanunları barədə geniş məlumat verilib.

 

Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov Azərbaycan dilçiliyinin  müasir problemləri və qloballaşma meyillərinin artdığı çağdaş dünyada meydana çıxan yeni çağırışlar barədə fikirlərini bölüşüb.

 

Konfrans diskussiya şəraitində davam etdirilib.