14 şagird buraxılış imtahanlarında 300 bal yığıb


Son illər təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr şagirdlərin buraxılış imtahanlarında, fənn olimpiadalarında, beynəlxalq müsabiqə və yarışlarda uğur qazanmaları ilə nəticələnir. 

 

Bu günlərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri də bunu deməyə əsas verir. Sevindirici haldır ki, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Onu da qeyd edək ki, uğur qazanan şagirdlərdən 5 nəfəri Bakı, digərləri isə region məktəbliləridir. Maksimum nəticə əldə edənlərdən 13 nəfəri qız, 1 nəfəri isə oğlandır.

 

Fürsətdən istifadə edib imtahanlarda yüksək nəticə əldə etmiş şagirdlərlə söhbətləşdik. Onların təəssüratlarını öyrəndik.

 

“Prezident təqaüdçülərindən biri olmaq istəyirəm”

 

Bakıdakı 118 nömrəli tam orta məktəbin şagirdi Fatimə Məmmədli maksimum nəticə əldə etdiyi üçün qürur hissi keçirdiyini deyir. O imtahana hazırlıq prosesi, gələcək planları haqqında danışıb: “İmtahana hazırlıq mərhələsi hər bir abituriyent üçün olduqca məsuliyyətlidir. Bəzən abituriyentlər yüksək nəticə əldə etməyin sirrini çox çalışmaqda görürlər. Lakin çox çalışmaq əsas nailiyyət faktoru deyil. Müəyyən etdiyimiz mövzu üzərində çalışarkən effektivliyə diqqət yetirməliyik və keyfiyyət amilinə əsaslanmalıyıq. Həmçinin abituriyent olduğumuz dövr yaşımız etibarilə həyatımızın ən önəmli çağlarından biridir. Bu səbəbdən yalnız dərslərimizə fokuslanaraq sosial həyatdan təcrid olunmamalıyıq. Vaxtımızı düzgün bölməyi bacarmalıyıq və sosial həyatımıza da vaxt ayırmalıyıq. Vaxtı necə böləcəyimizi isə yalnız özümüz müəyyən edə bilərik, başqalarının dərs proqramlarına əsaslanmaq o qədər də effektiv deyil. Mən bu prinsiplər əsasında imtahanlarıma hazırlaşmışam və istədiyim nəticələri əldə etmişəm.  Buraxılış imtahanından əldə etdiyim maksimal nəticəm qarşıda bizi gözləyən blok imtahanı üçün də motivasiya qaynağım oldu. Blok imtahanında da maksimal nəticə toplamaq, hüquq ixtisası üzrə təhsil almaq və Prezident təqaüdçülərindən biri olmaq istəyirəm. Gələcəkdə hüquq müdafiəçisi kimi tarixin yaddaşında qalmaq ən böyük arzumdur”.

 

“İmtahandan 300 bal toplamağım məni çox sevindirdi”

 

Nərmin Ağazadə paytaxtda yerləşən 299 nömrəli məktəb-liseyin 11-ci sinfində təhsil alır. O, uğur əldə etdiyi üçün valideynlərinə və müəllimlərinə borclu olduğunu deyir:  “İmtahandan 290 baldan yuxarı nəticə gözləyirdim, 300 bal olması məni çox sevindirdi. Bu nəticəni əldə etməyimdə əsas səbəb dərslərimə məsuliyyətli yanaşmağım, sistemli və düzgün çalışmağımdır. Qarşıma məqsəd qoyub, məqsədimə nail olmaq üçün çalışmağım uğur qazanmağımda əsas amildir. İmtahana hazırlaşarkən həm də sınaqlarda iştirak edirdim. Sınaqlarda yüksək nəticə göstərirdim və imtahanda da nəticəmin yaxşı olacağına inanırdım. 4-cü ixtisas qrupu üzrə hazırlaşıram. Azərbaycan Tibb Universitetinə yüksək balla daxil olub bakalavr səviyyəsini başa vurduqdan sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm. Arzum gələcəkdə peşəkar həkim olmaqdır”.

 

Niyazi RƏHİMOV