Anım tədbirində böyük alim və yazıçının “Füzuli sənətkarlığı” kitabı və həmmüəllifi olduğu “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yenidən işlənmiş dördüncü nəşri təqdim edilib


Oktyabrın 31-də AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib. Tədbir çərçivəsində Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı, həmçinin Mir Cəlal Paşayev və Firidun Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yenidən işlənmiş dördüncü nəşri təqdim edilib.

 

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov Mir Cəlal Paşayevin yazıçı kimi Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və ədəbiyyatşünas alim kimi elmimizə verdiyi dəyərli töhfələrdən bəhs edib. O, ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunan yubiley mərasimlərinin təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına,  ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib. 

 

Bildirilib ki, professor Mir Cəlal Paşayevin sadə, səlis dili, özünəməxsus yaradıcılıq üslubu, insanlara və hadisələrə aydın yanaşma tərzi olub. “Bir gəncin manifesti” romanı yazıçının yaradıcılığında xüsusi yer tutur. Böyük alim bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edib. 

 

Altmış il əvvəl, 1958-ci ildə Füzulinin vəfatının 400 illiyinin Azərbaycanda qeyd edildiyini xatırladan akademik R.Hüseynov Mir Cəlal Paşayevin həmin il nəşr etdirdiyi “Füzuli sənətkarlığı” kitabını ölkəmizdə müasir füzulişünaslığın əsasını qoyan əsər kimi səciyyələndirib. Diqqətə çatdırıb ki, görkəmli ədib 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Sonralar bu əsəri təkmilləşdirərək “Füzuli sənətkarlığı” adı ilə nəşr etdirib. R.Hüseynov “Ədibin Evi” tərəfindən Mir Cəlalın 110 illik yubileyi münasibətilə yenidən çap olunan bu fundamental əsəri ədəbiyyatşünaslıq elminin qızıl nüsxəsi kimi dəyərləndirib. 

 

Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Mir Cəlal Paşayevin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşüb. Bildirib ki, bu böyük şəxsiyyət təkcə ədəbi yaradıcılığı ilə deyil, həm də xeyirxah əməlləri, insanpərvərliyi ilə dərin rəğbət və məhəbbət qazanıb.

 

Tədbirdə çıxış edən Xalq yazıçısı Elçin zəngin, mənalı, şərəfli bir müəllim, alim, yazıçı ömrü yaşayan Mir Cəlal Paşayevin səmərəli elmi-pedaqoji fəaliyyət göstərdiyini vurğulayıb.

 

Mərasimdə akademik Vasim Məmmədəliyev, Mir Cəlalın tələbəsi olmuş AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və Xeyrulla Əliyev, Feyzulla Qasımzadənin qızı Nigar Qasımzadə, Həmid Araslının qızı, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qocaman əməkdaşı Cümşüd Muradov, professor Abdulla Abbasov çıxış edərək görkəmli yazıçı Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb, onun şərəfli ömür yolunun nəsillərə layiq örnək olduğunu vurğulayıblar.

 

Sonda alimin oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev atasının yaradıcılıq fəaliyətini yüksək dəyərləndirdiklərinə və xatirəsini yad etdiklərinə görə təşəkkürünü bildirib.

 

Hafiz Paşayev, həmçinin məktəb illərində atasının ona muğam üstündə oxunan qəzəllərin sözlərini izah etməsi ilə bağlı xatirələrini bölüşüb.