Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
 
AMEA-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
 
Belə ki, idarəetmənin optimallaşdırılması, dünya elmindəki prioritetlər və günün tələbləri nəzərə alınmaqla daxili imkanlar və mövcud ştat vahidləri hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin bazasında Antik dövr və Alban arxeologiyası şöbəsi və İlk orta əsrlər dövrü arxeologiyası şöbəsinin, Azərbaycanın orta əsr dövrü arxeologiyası şöbəsinin bazasında İslam dövrü arxeologiyası şöbəsinin, eləcə də Məhkəmə arxeologiyası şöbəsi və Elmi informasiya şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub. Xəzərin arxeologiyası şöbəsinin adında dəyişiklik edilib və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yeni strukturu təsdiqlənib.
 
Bundan əlavə, AMEA Rəyasət Heyətinin “AMEA-da ekspedisiyaların təşkili üzrə Komissiyanın yaradılması haqqında” 13 mart 2023-cü il tarixli qərarına dəyişiklik edilib.
 
Həmçinin Rəyasət Heyətinin qərarı ilə daxili imkanlar hesabına AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin bazasında Qafqaz tarixi şöbəsinin, Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin bazasında Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.
 
İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına yeni şöbələrinin yaradılması haqqında məsələ də müzakirə edilib.
 
Eyni zamanda iclasda AMEA Rəyasət Heyəti aparatının Nəqliyyat xidməti şöbəsinin Əsasnaməsi təsdiq edilib.
 
Sonda bir sıra kadr məsələlərinə baxılıb. Filologiya elmləri doktoru Əzizağa Nəcəfov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiqləniblər.