Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində #YaşılDünyaNaminə videoçarx müsabiqəsinə start verilir.
 
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında ətraf mühitin qorunması istiqamətində məlumatlandırılmanın artırılması, gənclərin bu sahədə innovativ həllər təqdim etməyə həvəsləndirilməsi və onların iqlim dəyişikliyinin arxasında dayanan məqamları anlamasına kömək etməkdir. Müsabiqədə seçilən ən yaxşı 3 videoçarxın müəllifi mükafatlandırılacaq.
 
Müsabiqəyə təqdim edilən video məzmun aşağıdakı mövzulardan ən azı birini özündə ehtiva etməlidir:
 
Nəqliyyatın enerji səmərəliliyinin artırılması;
Binalarda enerji istifadəsinin optimallaşdırılması;
Tullantıların təkrar emalı və istifadəsi;
 
 Videoçarxlar üçün texniki tələblər aşağıdakı kimidir:
 
Təklif olunan bütün məzmun iştirakçıların orijinal ideyaları olmalı və üçüncü şəxslərin müəllif və ya əqli mülkiyyət hüquqlarını pozmamalıdır;
Videoçarx 120 saniyədən (2 dəqiqə) çox olmamalıdır;
Videonun giriş hissəsində müəssisənin adı və videoçarxın adı qeyd edilməlidir.
 
Qeyd edək ki, videoçarxların müsabiqəyə təqdim edilməsi üçün son tarix 15 maydır. Videoçarxlar [email protected] elektron ünvanına göndərilməlidir.