"Azərbaycan məktəbi" jurnalı 2024-cü il üzrə yeni sayını təqdim edib.
 
"Azərbaycan müəllimi" bildirir ki, jurnalın baş redaktoru Arzu Soltanın oxuculara müraciətində qeyd olunub: 
 
“Böyük qürur hissi ilə bildirmək istəyirik ki, “Azərbaycan məktəbi” jurnalı bu il 100 yaşını qeyd edir. 1924-cü ildən təhsildən danışırıq. 100 il ərzində təhsil prosesində baş verən müxtəlif hadisələrə şahidlik etmiş, onları işıqlandırmış, müzakirəyə çıxarmışıq. Bu müddətdə oxuyub öyrənməyin, araşdırmağın, kəşf etməyin əhəmiyyəti daha da artıb. Təhsilin həyatla əlaqələndirilməsi və bundan ötrü də tədqiqatlara əsaslanması zərurətə çevrilib. Biz həmin o yeni çağırışların, yeni tədqiqatların carçısıyıq və nə qədər ki, təhsil var, təhsilə ehtiyac var, biz də öz missiyamızı şərəflə yerinə yetirmək əzmindəyik!
 
Ölkəmizin şərəfli tarixinin yazılmasında Azərbaycan məktəbinin, təhsil cəbhəsində çalışanların rolu danılmazdır. Qalib ölkənin qalib təhsil işcilərinin yanında olmaq qürurvericidir! Azərbaycan məktəbi ilə qürur duyanlardan olun!”
 
O qeyd edib ki, budəfəki buraxılışa töhfə verənlər - İntiqam Cəbrayılov, Əbülfəz Süleymanlı, Nurlan Bayqabilov, Olqa Şebalina, Vaqif Fətullayev, Aydan Şəkixanlı, Günel Ələkbərova, Ramiz Nəsirov, İlahə Rəsulova, Namiq Ağaməmmədov, Firədun İbrahimov, Aynur Axundova, Humay Alıkişiyeva, Günel Babayeva, Yeganə Hüseynzadə, Afaq Sadıqova, Fidan Sarıbəyli, Elman Quliyevdir.
 
100 illik tarixə malik jurnalın səhifələrində dərc olunan və bu nömrədə oxuculara yenidən təqdim edilən məqalə isə Bəşir Əhmədovun “Şagirdlərin təlim marağının inkişaf etdirilməsi” başlığı altındadır.
 
Jurnalın yeni sayı ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: https://shorturl.at/jwKX7