287 nömrəli Zəkalar liseyində “Dinləyərək danışıram, oxuyaraq yazıram” layihəsinin yekun tədbiri keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə liseyin direktoru Aygün Əhmədli, Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Əhmədova və 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva, liseyin direktor müavinləri, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.
 
İlkin olaraq layihə rəhbəri Könül İslamova tədbiri açıq elan etdikdən sonra layihənin məqsədi, aylar üzrə görülən işlər və onların ardıcıllığı, aparılan monitorinq və onların nəticələri barədə məlumat verib. Daha sonra dərslərin qrafiklər üzrə keçirilməsi, davamlı olaraq görülən işlərin işıqlandırılması barədə də təqdimatla çıxış edib.
 
Sonra söz yazı bacarıqlarını tədris edən Sədaqət Qasımovaya verilib. O, çıxışında şagirdlərin mərhələli şəkildə asandan çətinə doğru biliklərinin möhkəmləndirməyini, dərsə olan maraqlarını vurğulayaraq, şagirdlərdə müşahidə olunan inkişafı xüsusi qeyd edib.
 
Daha sonra oxu bacarıqları üzrə müəllimi Fatimə Süleymanova öz növbəsində gördüyü işlərdən , müxtəlif oxu materiallarından istifadə edərək şagirdlərin oxu vərdişlərini formalaşdırma prosesindən söz açıb.
 
Sonra layihə iştirakçılarından bir qrup şagird dinləmə dərslərində üzərində çalışdıqları mahnını ifa ediblər.
 
Növbəti çıxış layihənin dinləmə bacarıqlarını tədris edən Nigar İbrahimovaya verilib. O, dinləmənin dilin öyrənilməsindəki əhəmiyyətindən söz açıb. O, dinləmə zamanı müxtəlif materiallardan, mətn, video və musiqi nümunələrinin şagirdlər tərəfindən necə sevilərək qarşılandığından və dərsə marağını xüsusi qeyd edib.
 
Danışıq bacarıqları ilə bağlı Nigar Vəliyeva  müxtəlif oyun, debat, dialoq və hadisələrin təsviri ilə bağlı apardığı dərs nümunələrindən danışıb. 
 
Daha sonra şagirdlərin dərslərlə bağlı ingiliscə hazırladıqları rəylər videoçarx vasitəsilə  tədbir iştirakçılarına təqdim olunub. 
 
Layihənin nəticəsi olaraq şagirdlər dünyanın 40-dan çox ölkəsinin qoşulduğu KGL (Kangaroo Global Linguistics) beynəlxalq ingilis dili olimpiadasında iştirak edərək uğur qazanıblar. 
 
Abdullayev Ayxan B1 - 1-ci yer
Mustafayev Kənan A2 - 2-ci yer
Məmmədova Ayan B2- 3-cü yer
 
Bundan əlavə 4 şagird fərqlənmə medallarına layiq görülüblər.
 
Cəfərli Nihat- A2
Səmədli Aliyə- B1
Qurbanov Fərid- B1
Məmmədov Orxan-B2
 
Birinci yerin qalibi Ayxan Abdullayev Yunanıstanda keçiriləcək finalda iştirak hüququ qazanıb. Qeyd edək ki, Ayxan bu mərhələdə mümkün 120 baldan 119.5 maksimum bal toplayaraq bütün iştirakçılardan seçilib.
 
Tədbirin sonunda liseyin direktoru Aygün Əhmədli çıxış edərək layihə rəhbəri və onun komandasına uğurlar arzulayıb, gördükləri işin əhəmiyyətini qeyd edib.
 
Sonda məktəblilər layihənin  təşkilatçılarına təşəkkür edib, xatirə şəkilləri çəkilib.