40 gənc 4 gün müddətində müxtəlif mövzulu təlimlərə cəlb ediləcək


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Aqrar İnkişaf Könüllüləri"nin təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə "Gənc aqronomlar  məktəbi" layihəsi başlayıb.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektor köməkçisi Rufanə Əliyeva aqronomluq sahəsində peşəkarlığın artırılması və gələcəyin aqronomlarının perspektivlərindən danışıb. Layihə rəhbəri Valeh Əsədov çıxış edərək, gənclərin aqrar siyasətin uğurlu tətbiqindəki rolundan və aqronomların bu istiqamətdəki addımları haqqında məlumat verərək dünyadakı innovativ metodları misal gətirib. Daha sonra təlimçi Onur Yusubov “Aqrar sahəyə göstərilən dövlət qayğısı” mövzusunda interaktiv təlim keçib və iştirakçıların sualları peşəkar əsaslarla cavablandırılıb.

 

Qeyd edək ki, müsahibə mərhələsindən keçərək "uğurlu iştirakçı" statusu qazanan 40 gənc 4 gün müddətində müxtəlif mövzulu təlimlərə cəlb ediləcək. Layihənin növbəti mərhələsi çərçivəsində  iştirakçılar Göygöl rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində ekskursiyada olacaqlar.