AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK), Əməkdar elm xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Tofiq Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

 

Tədbirdə elm xadimləri, ictimaiyyət nümayəndələri, professorun ailə üzvləri və tələbələri iştirak edib.

 

MEK-in Oxuculara xidmət və nəzarət bölməsinin rəhbəri Ofeliya Yunusova professor Tofiq Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş təqdimatla çıxış edib. Bölmə rəhbəri O.Yunusova alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun “Quba xanlığı”, “Erməni məsələsi”ndən erməni terorizminə”, “XVIII - XIX yüzilliyin əvvəllərində Osmanlı - Azərbaycan münasibətləri” və digər kitabları haqqında danışıb. Kitabxana fondlarında ayrı-ayrı alimlərin kitab kolleksiyalarının mühafizə olunduğunu qeyd edən təqdimatçı mühafizə olunan sənədlərin akademik icmanın, geniş oxucu auditoriyasının diqqətinə çatdırılmasını MEK-in strateji hədəflərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, kitabxanada jurnallar, fotolar, xəritələr, avtoreferatlar, dissertasiyalar, markalar, elektron sənədlər, əlyazmalar olmaqla 1,5 milyon sənəd mühafizə olunur. Təqdimatçı MEK könüllülərinin gördükləri işlər haqqında da məlumat verib.

 

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru İradə Məmmədli, Adil Mirabdullayev, Nərminə Əmirbəyova, Türkiyədən olan qonaqlar – ATAM-ın müdir müavini Nihat Büyükbaş, professor İbrahim Edhem Atnur və alimin həyat yoldaşı tarix üzrə fəlsəfə doktoru Fəridə Əliyeva professor Tofiq Mustafazadənin yaradıcılığı və pedaqoji fəaliyyəti barədə söhbət açıblar. Mərkəzi Elmi Kitabxananın kolleksiyaların təqdimatlarla təbliğ edilməsi təşəbbüsü natiqlər tərəfindən yüksək qiymətləndirilib.

 

Sonda professor Tofiq Mustafazadə tədbir təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirib.