Firudin Qurbanov: “Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır”


Yola salmaqda olduğumuz 2019-cu il məktəbdənkənar təhsil sahəsində çalışan işçilər və  Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman-şahmat məktəblərinin idmançı və məşqçi-müəllimləri  üçün də uğurlu bir il kimi yadda qalacaq. Məhz onlar səmərəli fəaliyyətlərinə görə dekabrın 18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan mərasimdə müxtəlif mükafatlarla  təltif olunmaq üçün dəvətli idilər. Üzlərdə sevinclə yanaşı, bir həyəcan da var idi. Hər zaman,  necə deyərlər “kadr” arxasında qalmaq, lakin sonda çəkdikləri zəhmətin bəhrəsini  görmək təbii ki, yaşanan ən xoş hisslərdən biridir. Bu dəfə həmin gözəl duyğuları məhz məktəbdənkənar təhsil sahəsində çalışan işçilər, idmançı və məşqçi-müəllimlərimiz yaşayırdı...    

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış üçün söz Təhsil nazirinin müavini Firudin Qurbanova verildi.

 

Nazir müavini bu gün dövlət tərəfindən idmanın inkişafına   xüsusi diqqət göstərildiyini vurğuladı. Qeyd olundu ki, hazırda bütün sahələr  olduğu kimi idmanımız da sürətlə inkişaf edir.  Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti  onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Nazir müavini bildirdi ki, Azərbaycanın dövlət quruculuğunun vacib prioritetlərindən olan sağlam həyat tərzinin təbliği və sağlamlığın möhkəmləndirilməsi, idmanın inkişafı dövlət siyasətinin strateji vəzifələri sırasına daxil olub.

 

Ölkədə olimpiya hərəkatına xüsusi diqqət çəkən Firudin Qurbanov  əldə olunan ilk uğurları mərasim iştirakçılarına bir daha xatırladıb: “Dahi şəxsiyyət Heydər Əliyevin idmanla bağlı verdiyi ilk qərarlar sırasında Azərbaycandan gedən idmançıların və məşqçilərin geri qayıtması və öz bayrağımız altında idman yarışlarında  iştirak etmələri ilə bağlı idi. Bu istiqamətdə müsbət nəticələr əldə olundu. Olimpiya hərəkatında isə ilk uğurumuz 1996-cı ildə baş verdi. Belə ki,  həmin ildə yığma komandamız Atlanta Yay Olimpiya Oyunlarında iştirak etdi və bu oyunlarda Namiq Abdullayev gümüş medal  qazandı”.

 

Firudin Qurbanov 1997-ci ildə məhz dövlət başçısı İlham Əliyevin  Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idmanın sürətli inkişafının  başlandığını söyləyərək ötən müddət ərzində bu sahədə aparılan əsaslı dəyişikliklərdən, əldə olunan uğurlu nəticələrdən də  söz açdı. Bildirildi  ki, ilk olaraq idman infrastrukturu yenidən quruldu.  Bakıda  və bölgələrdə çoxlu sayda olimpiya bazaları tikilib istifadəyə verilib  ki, bu da  idmanın inkişafı prosesində  əsas bünövrələrdən biri sayılır: “İldən-ilə idmançılarımızın beynəlxalq yarışlarda, olimpiadalarda müvəffəqiyyətləri artmaqdadır. Ölkəmizi dünyada layiqincə təmsil edən idmançılarımızın əldə etdikləri qələbə sevincini sözlə ifadə etmək qeyri-mümkündür. Azərbaycana çoxlu sayda medallarla  dönən gənclərimizin qalibiyyəti hər birimizin uğuru hesab edilə bilər. Məhz onlar qalibiyyətləri ilə üçrəngli bayrağımızı iştirak etdikləri yarışlarda yüksəkliklərə qaldırırlar. İdmançılarımız hər zaman ölkə Prezidenti İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım  Əliyevanın diqqət və qayğısını hiss edirlər. Bütövlükdə, bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır və təsadüfi deyil ki, ölkəmiz artıq neçə illərdir bir çox mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edir”.

 

Nazir müavini Firudin Qurbanov qeyd etdi ki, uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, fiziki inkişafının təmini üçün şəraitin yaradılması, idmanın ayrı-ayrı növləri üzrə idman məktəblərinin fəaliyyətinin səmərəli qurulması Təhsil Nazirliyinin diqqətdə saxladığı əsas məsələlərdəndir: “Ölkəmizin idman həyatında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman müəssisələrinin   xüsusi rolu var. Belə ki, bu müəssisələr  uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, onlarla sağlam həyat tərzinin təbliği, idman növləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin hazırlanması istiqamətində məqsədyönlü işlər həyata keçirir.Təhsil Nazirliyi ölkədə fəaliyyət göstərən idman təşkilatları ilə birgə sıx əməkdaşlıq edir, bir sıra layihələr reallaşdırılır. Hazırda nazirlik sistemində 76 uşaq-gənclər idman və şahmat məktəbləri fəaliyyət göstərir ki, burada da təxminən 60 mindən çox uşaq və gənc idmanın 29 növü ilə məşğul olur”.

 

Nazir müavini çıxışında daha sonra  “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələrinin 2019-cu ildə beynəlxalq yarışlarda qazandığı uğurlara xüsusi toxunaraq bu nəticələri son 3 il ərzində əldə olunanlarla müqayisə edib: “İdman məktəblərinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2017-ci ildə 2346 (respublika 1825, beynəlxalq 521 medal), 2018-ci ildə 2535 (respublika 1993, beynəlxalq 542), 2019-cu ildə isə 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıb. Bu, çox gözəl bir nəticədir”.

 

Firudin Qurbanov çıxışının sonunda təltifolunan şəxslərin hər birini təbrik edərək  onlara ən xoş istəklərini çatdırdı.

 

Nəhayət, mərasimin ən həyəcanlı anı gəlib çatdı. Belə ki, 2019-cu ildə yüksək nəticə qazanmış 60 idmançı və yüksək nəticəli idmançıların hazırlanmasında 44 məşqçi-müəllim, idman tədbirlərinin təşkilində 4 məşqçi-müəllim  həmçinin, bədən tərbiyəsi və idmanın təbliğ edilməsində 6 media işçisi müxtəlif  mükafatlarla təltif olunmaq üçün səhnəyə dəvət edildi. Təltiflər Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, olimpiya çempionları Namiq Abdullayev, Elnur Məmmədli və  Zemfira Meftahətdinova tərəfindən təqdim olundu.

 

Onu da qeyd edək ki, təltif olunan media nümayəndələri arasında “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Rəşad Ziyadov da vardır. 

 

Samirə KƏRİMOVA