Min illər boyunca davam edən iqtisadi, hərbi, siyasi dəyişmələr nəticəsində Şərq təhsil sisteminin təməlində özünə yer tapan Qərb təhsil sistemi quruldu. Ortaya Şərq düşüncə təfəkküründən fərqli insan yetişdirən modellər çıxdı və bu təhsil sistemi əsasında onlar, bizdən yan ötən üç sənaye inqilabı dövrü keçdi.

 

Hazırda qloballaşan dünya 4-cü sənaye inqilabı dövrünü yaşayır. Sürətlə dəyişən və yeniləşən texnoloji tərəqqi özü ilə bir çox dəyərləri silib aparır, əvəzində isə yeni-yeni fərqli dəyərlər gətirərək, cəmiyyətdə təhsilə, elmə, mədəniyyətə baxışları dəyişir. İntellektual təfəkkürün intellektual istehsalata yönəldilməsi ilə yeni elmi rəqabət meyarları, dəyərləri formalaşır.

 

Hər sahədə yeni uğurlu dönəmə daxil olan ölkəmizdə təhsil sahəsində də yeni era yaşanmaqdadır. Təbii ki, güclü iqtisadiyyata, sağlam cəmiyyət quruluşuna malik, bir çox müsbət xüsusiyyətləri ilə dünyanı qabaqlayan Azərbaycanda insan kapitalının formalaşmasında keyfiyyətli təhsil və təlim sistemi dayanır. Təhsil və elm sahəsində isə daha mükəmməl uğurların əldə edilməsi üçün rəqabətədavamlı, tədqiqat meyilli, mobil və çevik təhsil mühiti formalaşdırılmalıdır.

 

Bəli, missiyası milli şüura malik, dövlətə bağlı, dərin elmi tədqiqatçılıq qabiliyyətli, iti düşüncəli, insan azadlıq və hüquqlarına hörmət edən, yaradıcı və innovativ fərdlər yetişdirərək cəmiyyətin texnoloji, sosial-iqtisadi və mədəni səviyyəsinin yüksəldilməsinə töhfə vermək olan Azərbaycan Dövlət Pedaqoji Universiteti də fəaliyyətini məhz qeyd edilən tələblər əsasında qurub.

 

Tərkibində beş filialı, bir kolleci birləşdirən, 20 mindən çox kontingentlə 100 illik yubiley yaşına konkret hədəflərlə gedən Azərbaycan Dövlət Pedaqoji Universiteti pedaqoji sahədə təhsil və tədqiqatın əsas mərkəzi olmaq iddiası ilə uğurlu rəqabətə başlayıb. Qarşısına böyük hədəflər qoyaraq təhsildə və elmdə qətiyyətli addımlar atan ADPU artıq böyük hədəflərin kiçik uğurlarını qazanıb. ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti ilə ADPU arasında ikili diplom proqramının təşkili üzrə universitetlərarası bəyannamənin imzalanması pedaqoji ictimaiyyət üçün evalyusiyadan revalyusiyaya keçid kimi qəbul edilə bilər. Həmçinin, elm, innovasiyalar sahəsində həyata keçirilən islahatlar nəticəsində son üç ildə ADPU-nun nəşr aktivliyi 2.3 dəfə artdığından, “Web of Science” elmmetrik bazasının ən proqressiv universitetlər nominasiyası üzrə mükafata layiq görülüb.

 

Uğurların miqyası və coğrafiyası genişləndiriləcək

 

Hazırda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən davamlı inkişaf siyasəti, uğurlu islahatların gedişində təhsilə göstərilən dövlət qayğısı artdıqca, ADPU təhsil və elm sahəsində əldə edəcəyi uğurların miqyasını və coğrafiyasını genişləndirəcək. Çünki Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley tədbirindəki çıxışında da qeyd etdiyi kimi, bu gün doğrudan da, əsl müstəqillik dövrüdür. Müstəqillik dövründə isə qərarları özü qəbul edə bilən, xalqın iradəsi ilə formalaşan, dünya miqyasında müasir, sürətlə inkişaf edən dövlətin iqtisadiyyatı, elmi, həmçinin, təhsili də sürətlə və dinamik inkişafda olmalıdır.

 

Azərbaycan Respublikasının inkişaf konsepsiyasında önəmli istiqamət kimi əksini tapan rəqabətədavamlı insan kapitalının yetişdirilməsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının da qarşısındakı mühüm vəzifələrdəndir. Azərbaycan təhsilinin inkişaf prioritetlərini rəhbər tutaraq etik dəyərləri təbliğ edən, təhsildə bərabər imkanları təmin etməyə səy göstərən, qarşısına qoyduğu hədəflərə nail olmağa çalışan Quba filialı haqqında bir qədər ətraflı məlumat vermək istərdik.

 

Şimal bölgəsində pedaqoji kadr hazırlığı məqsədilə 1941-ci ildə yaradılan Quba Dövlət Müəllimlər İstitutunun varisi hesab olunan filial 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı, 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı, 2015-ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı kimi fəaliyyət göstərir.

 

Geniş maddi-texniki baza və infrastruktur

 

Qubanın ən səfalı məkanında 2,5 hektar ərazidə iki və üç mərtəbəli 2 tədris binası, 42 otaqdan ibarət 70 tələbə üçün nəzərdə tutulan ikimərtəbəli yataqxana binası filialın geniş maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksinə - kampusa malik olduğunu göstərir.

 

Azərbaycanın şimal bölgəsində mədəni həyatın inkişafında müstəsna əhəmiyyətli ali təhsil ocağı olan ADPU-nun Quba filialında 6 ixtisas - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, İbtidai sinif müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət, Məktəbəqədər təlim və tərbiyə ixtisasları fəaliyyət göstərir. Bakalavriatura təhsili alan 825 nəfər tələbəyə 83 nəfər professor-müəllim heyəti təhsil verir. Nizam-intizamın yüksək olduğu, tələbə-müəllim işinin şəffaf qurulduğu filialda 43 nəfər tədris köməkçi, 20 nəfər xidmətedici heyət də fəaliyyət göstərir. Əməkdaşların maddi rifah halı daim yaxşılaşma istiqamətində dəyişir. Belə ki, 2019-cu il ərzində filial əməkdaşlarının əməkhaqları orta hesabla 30% artırılıb. Növbəti ildən tədbiq olunacaq “Reytinq qiymətləndirilməsi” ilə fəaliyyətin dəyərləndirilməsi sayəsində fərqlənən əməkdaşlar daha çox maddi təminat əldə edəcəklər.

 

Azərbaycanda ali və orta təhsil müəssisələri beynəlxalq təcrübələr və milli yanaşmalar əsasında qabaqcıl texnologiyaların tətbiqi ilə həyata və cəmiyyətə sürətli inteqrasiya etməyi bacaran vətəndaş hazırlamağı qarşısına məqsəd qoyub. Bunun üçün təhsil strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində, dayanıqlı və keyfiyyətli təhsil göstəricilərinin əldə edilməsində mütləqdir ki, mövcud yanaşmalar və müasir trendlər əsasında səmərəli idarəetmə metodu seçilsin. Bu baxımdan ADPU-nun Quba filialında həyata keçirilən idarəetmə metoduna və təhsilverənlə, təhsilalan arasında yaradılan ünsiyyət münasibətlərinə nəzər salaq...

 

Tələbələrlə iş

 

825 nəfər tələbəni bir ailə çətiri altında birləşdirən filial rəhbərliyi onların bütün qayğıları ilə maraqlanmağa çalışır. Buna görə də filialda tələbə nəticələrinin dinamikası ildən-ilə yaxşılaşır.

 

2019/2020-ci tədris ilində Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 210 plan yeri üzrə 202 nəfər ADPU-nun Quba filialının tələbələri sırasına daxil olub. Onlardan 9 nəfər 500-dən yuxarı, 1 nəfər - Əliyeva Aliyə Hümmət qızı isə 602 bal toplayaraq, filial üzrə ən yüksək nəticə göstərmiş tələbə adını qazanıb.

 

Filialda tələbələrlə iş ulu öndər Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” prinsipi əsasında qurulub.

 

Gəncliyin ən çılğın, ən aktiv, ən enerjili dövrü tələbəlik dövrü olduğundan bu enerjini tənzimləyərək, onu doğru istiqamətə - keyfiyyətli tədrisə, intellektual inkişafa, ümumilikdə şəxsiyyətin inkişafına yönəltmək filialda ən vacib işlərdən biridir.

 

Bunun üçün tələbələrin tədrislə yanaşı, universitetin ictimai həyatında fəallığını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkili, maraq və meyillərini müəyyənləşdirmək, ixtisaslararası əlaqələrin möhkəmləndirilməsi məqsədilə son üç ay ərzində Elmi Şuranın qərarları ilə filialda “Kitab klub”, “Psixologiya klubu”, Bəkir Nəbiyev adına “Bilgə ocağı”, “Talant” İncəsənət (ART) klubu yaradılıb. Bu klublar da tələbə çılğınlığını, enerjisini ədəbiyyata, incəsənətə, bir sözlə, ümumi şəxsiyyət kimi inkişafına yönəldə bilir.

 

Filialda tələbələrin təşəbbüsü ilə yaradılan “Fərqlilik və yenilik, əylənərək öyrənmək” şüarı ilə “Gələcəyin müəllimi” layihəsi çərçivəsində tələbələr, əsasən özlərini inkişaf etdirən layihələr həyata keçirirlər. Bu layihələr tələbələrin innovativ ideyalarının yaranmasına vəsilə olur. Həmçinin burada keçirilən məşğələlər vasitəsilə imtahanların çətin mövzularını birgə müzakirə edərək mənimsəməni möhkəmləndirirlər.

 

Bütün bu qeyd edilənlər tələbələr arasında korporativ mədəniyyətin formalaşdırılması, dünyagörüşlərinin zənginləşdirilməsi, sağlam düşüncə, özünə inam, vətənpərvərlik, tolerantlıq, dövlətçilik ideologiyasının təbliği baxımından olduqca önəmli və vacibdir.

 

Filialda, həmçinin müstəqil olan TGT, THİK kimi tələbə özünüidarəetmə qurumları da fəaliyyət göstərir ki, bu qurumlar da tələbə həyatının maraqlı keçməsində, asudə vaxtlarının səmərəli təşkilində və sosial layihələrin icra edilməsində əsaslı işlər görürlər.

 

Filialda 79 tələbə dövlət təqaüdü, 4 tələbə “Gələcəyin müəllimi” təqaüdünü alır. İlk dəfə olaraq Elmi Şuranın qərarı ilə III tədris ilindən başlayaraq ümumi orta müvəffəqiyyət göstəriciləri ən yüksək olan tələbələr üçün ümummilli lider Heydər Əliyev adına ali təqaüd, müvafiq ixtisaslar - Tarix və coğrafiya müəllimliyi- Fətəli xan adına, Məktəbəqədər təlim və tərbiyə - Abbasqulu ağa Bakıxanov adına, Azərbaycan dili və ədəbiyyat müəllimliyi - Səməd Vurğun adına, Riyaziyyat və informatika müəllimliyi - Nadir İbrahimov adına, Təhsildə sosial-psixoloji xidmət - Kübra Fərəcova adına, İbtidai sinif müəllimliyi üzrə - Badisəba xanım Köçərli adına məbləği 50 manat olan təqaüdlər təsis olunub.

 

Filial tarixində ilk dəfə olaraq, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə ADPU-nun Quba filialının tələbələri arasında 9 dekabr 2019-cu ildə Azərbaycan dili, tarix, coğrafiya, riyaziyyat, informatika, psixologiya üzrə olimpiadalar keçirilib və qaliblər diplom, qiymətli hədiyyələr, pul mükafatları ilə təltif ediliblər.

 

Bütün bunlar tələbələrin MİQ və magistratura imtahanlarında uğurlu nəticələr göstərərək Quba filialının məzun-koordinasiya izlənməsi baxımından yüksək pilləyə qalxmasına səbəb olacaq. Beləliklə, filialda yetişən bu gənclər ölkəmiz üçün gələcək illərdə elmi tədqiqatlar baxımından böyük ümidlər vəd edir.

 

Doktorantlarla iş

 

Son illər dünyada elm və təhsilin bir-biri ilə əlaqələndirilməsi və hər iki sahənin innovasiyaların tətbiqi ilə paralel inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Filialda da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, tələbə və doktorantlarda tədqiqatçılıq, peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq, vərdişlərin formalaşdırılması məqsədi ilə tanınmış universitetlər və AMEA-nın müvafiq institutları ilə sıx elmi əlaqələr yaradılıb. Belə ki, filialdan 19 nəfər fəlsəfə doktorluğu, 2 nəfər isə elmlər doktorluğu proqramı üzrə doktorantura pilləsində təhsil alır. Doktorantların elmi işlərinin vahid mərkəzdən koordinasiya edilməsi və elm-innovasiya sahəsində potensialının artırılması, pedaqoji sahədə mütəxəssis hazırlığının səviyyəsinin yüksəldilməsi məqsədilə Elmi Şuranın qərarı ilə filialda Doktorant və Gənc Tədqiqatçılar Şurası yaradılıb. Şuranın aktiv fəaliyyəti ilə doktorant, dissertant, magistrantlar Respublika və beynəlxalq elmi konfranslarda, tədbirlərdə fəal iştirak edirlər. Bunun sayəsində filialın Almaniya, Polşa, Türkiyə, Rusiya universitetləri ilə qurulan elmi əlaqələri daha sıx formaya keçməkdədir.

 

Kitabxana və informasiya-kommunikasiya fəaliyyəti

 

Müasir dövrdə hər hansı bir təhsil müəssisəsini kitabxanasız təsəvvür etmək mümkün deyil. Dünya universitetlərinin reytinq sırasında yüksək pillələrə iddia edən universitetlər, həmçinin öz zəngin kitabxanaları ilə də üstün xallar qazanırlar. Buna görə də son dörd ay ərzində 19060 nüsxə kitab fondu olan filial kitabxanasının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində, kitabxana fondunun yenilənməsi, oxucu sayının artırılması, kitabxanada kompüterlərin genişzolaqlı fiber optik internet xəttinə qoşulması istiqamətində böyük işlər görülüb. Dekabr ayında kitabxana fondu üçün 92 adda 200 nüsxəyə yaxın dərslik, dərs vəsaitləri və xarici ədəbiyyatlar alınaraq kitab fondu zənginləşdirilib. 27 noyabr 2019-cu ildə ADPU-nun Quba filialı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası arasında elmi və mədəni irsin araşdırılması, toplanılıb qorunması, təbliği və tədrisi sahəsində birgə fəaliyyətə dair qarşılıqlı Memorandum imzalanıb. Memoranduma uyğun olaraq, filialda kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kataloqların mübadiləsi, elektron kitabxanalardan qarşılıqlı istifadə imkanları həyata keçiriləcək. Region ali məktəbləri içərisində ilk dəfə olaraq Quba filialında Sərbəst ensiklopedik resurslarda (Vikipediya) regionun maddi-mədəniyyət abidələrinə, adət-ənənələrinə, tanınmış şəxsiyyətlərinə və sair informasiyalara aid Azərbaycan və xarici dillərdə məqalələrin hazırlanması işi də Memorandumda öz əksini tapıb.

 

Görülən məqsədyönlü işlər sayəsində bir ay ərzində kitabxanadan istifadə edən professor-müəllim heyətinin sayı 6 dəfə artaraq 34 nəfərə, tələbələrin sayı isə 3 dəfə artaraq 190 nəfərə çatıb.

 

Ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi qiymətin işığında Ulu Öndər irsinin öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği və qorunması yönündə filialda Heydər Əliyev Məktəbi və Heydər Əliyev Məktəbinin lektoriyası yaradılıb.

 

Tələbələrin və professor-müəllim heyətinin informasiya-kommunikasiya texnologiyaları ilə işinin səmərəli təşkili istiqamətində atılan addımlardan ən vacibi də oktyabr ayında filialda genişzolaqlı fiber optik internet xəttinə qoşulmuş 20 ədəd kompüterdən ibarət İnformasiya-Kommunikasiya Texnologiyaları auditoriyasının yaradılması olub.

 

Gələcək hədəflər haqqında

 

ADPU-nun Quba filialında görülən işlərlə əlaqədar qarşıya qoyulan məqsədlər, nəinki region, eləcə də respublika, hətta beynəlxalq miqyaslı tədbirlərlə əhatələnir. Filial beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Belə ki, 2020-ci ilin oktyabrında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın Quba filialının təşkilatçılığı və ev sahibliyi ilə keçirilməsi nəzərdə tutulub.

 

Filialın beynəlxalq layihələrə çıxışını, tələbə və müəllimlərin beynəlxalq mübadilə proqramlarında iştirakını təmin etmək məqsədilə Beynəlxalq layihə mərkəzinin yaradılması, həmçinin şimal regionunun zəngin mədəni irsinin, milli-mənəvi dəyərlərinin öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan-YUNESKO əlaqələrini nəzərə alaraq, eyni zamanda Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən Quba filialında “YUNESKO” kafedrasının yaradılması da planlaşdırılır.

 

Əminliklə deyə bilərik ki, dünən də, bu gün də dövlətçiliyə sadiq, vətənə layiq, təhsilli, bilikli, düşüncəli vətəndaş hazırlayan filial sabah da bu yolda böyük fədakarlıq və əzmkarlıqla davam edərək vətənimiz Azərbaycan üçün çalışacaq.

 

ADPU-nun Quba filialının kollektivi əldə olunan uğurları filial üçün əsaslı nailiyyətlər hesab etsə də, ən böyük uğurların qarşıda olduğu düşüncəsi ilə yorulmadan, əzmlə çalışır. Bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdıran filial gələcəkdə müstəqil Azərbaycanın uğurlu inkişafı fonunda mövcud bazasında kadr hazırlığı sahəsində sərbəst universitet statusuna malik ali məktəb formalaşdırmağı qarşısına hədəf qoyub.

 

Yusif ALIYEV,

ADPU-nun Quba filialının direktoru, dosent

 


Bölmənin digər xəbərləri