Bütün xəbərlər
5 sentyabr, 10:42

Ali təhsil pilləsini başa vurmaq istəyən tələbələrin ən böyük sınaqlarından biri dissertasiya işini uğurla yazmaqdır. Dissertasiya tələbənin elmi düşüncəsinin məhsulu, illərlə oxuduqlarının yekunu olmalı, onun biliyinin güzgüsünə çevrilməlidir. Amma bu gün reallıq başqadır. Bəzi hallarda tələbələrin elmi dünyaya atdığı ilk addım olan dissertasiyanı onların yerinə başqaları yazır. Dissertasiya yazan şirkətlər sayəsində kitabxanada aylarla vaxt itirmədən, araşdırma aparmadan elmi işə sahib olmaq olar. Bu prosesdə tələbənin payına sadəcə müdafiə günü zalda oturmaq və əvvəlcədən yazılmış mətnə göz gəzdirmək düşür.

400 manatdan başlayan qiymətlər, “Hər şey daxil” dissertasiya paketləri

Dissertasiya xidmətləri göstərən şirkətlərin fəaliyyəti artıq yalnız mövzu seçimi və qiymət siyahısı ilə məhdudlaşmır, onlar müştərilərini “xüsusi kampaniya”larla cəlb edirlər. Tədris ilinin başlanması münasibətilə təqdim olunan endirimlər də göstərir ki, işlərin qızğın getdiyi dövrdə belə şirkətlər tələbələri xüsusi “kampaniya paketi” ilə həvəsləndirirlər. Məsələn, bakalavr diplom işi üçün 400 manatdan, magistratura üçün isə 600 manatdan başlayan qiymətlər təklif olunur. Qiymət isə yazının həcmindən və tələb olunan xidmətlərdən asılı olaraq dəyişir. Əgər “müştəri” şirkətin “hər şey daxil” paketini seçirsə, yəni məqalə, tezislər, referat, rəylər yazılacaq və plagiat proqramlarında yoxlanma olacaqsa, bu halda ödəniş 650 manata qədər yüksəlir. Təkcə dissertasiya işi yazdırmaq istəsəniz, qiymət bir qədər aşağı olur.

Digər bir şirkət magistratura səviyyəsi üçün təxminən 70 səhifə və 3 fəsildən ibarət dissertasiya üçün 750 manat tələb edir. Bu məbləğə məqalə və tezislərin yazılması, elmi rəhbərin tələb etdiyi düzəlişlərin edilməsi, referat və yekun müdafiə təqdimatının hazırlanması daxildir. Şirkət əlavə edir ki, hər bir iş plagiat proqramında yoxlanılıb müştəriyə təqdim olunur və bütün proses rəsmi müqavilə ilə təsdiqlənir.

Universitetlərə görə dəyişən qiymətlər, tələbkar müəllimlərə uyğun tariflər 

Qiymətləri ilə maraqlandığımız digər şirkətdə isə magistratura dissertasiyası üzrə bütün xidmətlər 810 manata başa gəlir. Bu şirkətə müraciət edənlərdən əvvəlcə hansı universitetdə təhsil aldığı soruşulur. Çünki bəzi universitetlərin plagiat limiti yüksək, müəllimləri isə tələbkardır, nəticədə dəfələrlə düzəlişlər tələb oluna bilər. Məhz bu amil qiymətin artmasında böyük rol oynayır. Həmçinin bu şirkət də müştəri ilə əməkdaşlığın rəsmi müqavilə çərçivəsində qurulduğunu söyləyir.

Doktorluq dissertasiyaları: 3000 manat qiymət, “orijinallıq zəmanəti”

Doktorantura səviyyəsi üzrə vəziyyət daha fərqlidir. Burada ixtisaslar limitlidir, hər şirkətdə bütün ixtisaslar üzrə doktorluq dissertasiyası yazan “mütəxəssislər” yoxdur və qiymətlər 800–850 manatdan 3000 manata qədər dəyişir. Şirkətlər qeyd edir ki, bu işlərdə məqalə və tezislərin hazırlanmasına da dəstək göstərilir, plagiat yoxlaması həyata keçirilir, yəni “orijinallıq zəmanəti” də verilir.

Qanunvericilikdə boşluq: Elmi iş yazdırmaq qadağandırmı?

Maraqlıdır ki, şirkətlər müştəriyə göstərdikləri bu xidmətlərin hamısını tam rəsmi müqavilə ilə və hüquqi çərçivədə təqdim etdiklərini söyləyir.
Bəs akademik dürüstlük normalarına daban-dabana zidd olan bu xidmətləri göstərən şirkətlər qanunvericiliyə görə hüquqi məsuliyyət daşıyırmı?
Millət vəkili, filologiya üzrə elmlər doktoru Elnarə Akimova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, şirkətlərin müəyyən məbləğ qarşılığında dissertasiya yazmasına görə birbaşa cinayət və ya inzibati məsuliyyət nəzərdə tutulmayıb, ona görə də belə xidmətlərin qarşısını almaq üçün xüsusi hüquqi mexanizm yaradılmasına ehtiyac var: “Saxtakarlıq heç bir halda yaxşı göstərici deyil, hələ söhbət elmdən gedirsə, bu, qətiyyən yolverilməzdir. Diplom müdafiəsi, elmi işlərin hazırlanması, ilk növbədə, peşəkarlıq göstəricisi sayılır. İllərlə qazanılmış bilik və təcrübələrin məcmusu olaraq tələbələrin öz potensiallarını sərgiləməsi üçün bir vasitədir. Bundan özünü məhrum edən tələbə gələcəyə aydın zəka ilə adlamaqla yanaşı, saxta, qurma bir addımla daxil olur. Hazırkı qanunvericilikdə - “Təhsil haqqında” qanununda və digər normativ sənədlərdə dissertasiya və ya elmi işlərin tələbələrin yerinə başqa şəxslər, hansısa qurumlar tərəfindən yazılmasını birbaşa qadağan edən norma yoxdur. Qanunda yalnız akademik dürüstlük, şəffaflıq və obyektivlik prinsipləri qeyd edilir. Bu prinsiplərin pozulması isə əksər hallarda tələbənin üzərinə məsuliyyət qoyur, yəni plagiat və ya hazır işin təqdim edilməsi tələbənin akademik məsuliyyətinə aid edilir.

“Elmi iş yazan şirkətlərə qarşı lisenziya məhdudiyyətləri tətbiq edilə bilər”

Deputat qeyd edib ki, akademik dürüstlük haqqında ayrıca normativ akt qəbul edilməli və bu sənəddə tələbələrin elmi işlərinin başqasına sifariş edilməsi qadağan edilməli, hüquqi məsuliyyətə səbəb olmalıdır. Eləcə də belə şirkətlərə qarşı inzibati məsuliyyət tədbirləri, cərimələr və ya lisenziya məhdudiyyətləri tətbiq edilə bilər. Cinayət məsuliyyətinin müəyyən edilməsi, xüsusilə doktorantura səviyyəsində elmi işlərin satışı akademik saxtakarlıq kimi qiymətləndirilə bilər. 

Bu kimi neqativ halların meydana çıxmamasından ötəri ali təhsil müəssisələri üçün əlavə səlahiyyətlər – tələbələrin təqdim etdiyi işlərin orijinallığını yoxlamaq üçün texniki vasitələrdən (plagiat yoxlama proqramları, süni intellekt alətləri) məcburi istifadə səlahiyyəti verilməlidir”.

Deputat xüsusilə qeyd edir ki, Azərbaycan diplomlarının beynəlxalq aləmdə etibarlılığına xələl gəlməməsi üçün bu tipli fəaliyyətlər cinayət və ya inzibati xətalar səviyyəsində tənzimlənməli, cəzalandırma mexanizmləri funksional olmalıdır: “Akademik nüfuzun qorunması vacibdir. Bir sıra ölkələrdə “dissertasiya yazan şirkətlər”ə qarşı inzibati və cinayət məsuliyyəti tətbiq olunur. Beynəlxalq təcrübəyə bu istiqamətdə uyğunlaşmaq zəruridir. Bu, tələbələri və şirkətləri saxta yollara əl atmaqdan çəkindirər. Eyni zamanda, istedadlı tələbələrin də haqqının tapdalanmasının qarşısını almış olarıq. Bütün hallarda rəqabət mühitinin dürüstlüyünün qorunması vacibdir, çünki hazır iş sifariş edənlər daha asan qiymət və diplom qazanırlar, bundan zərər çəkən isə bəlli savada və potensiala malik tələbələr olur. Onların, ilk növbədə, elmə, əməyə olan inamı azalır. İnamı azalmış, xəyallarına zərbə dəymiş gəncliklə isə sabahlı gələcək qurmaq çətin işdir”.

“Tələbələrin böyük qismi akademik yazı bacarıqlarına kifayət qədər yiyələnməyib”

Təhsil eksperti Rasim Həsənzadə isə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirir ki, belə xidmətlərə tələbələr arasında tələbatın yaranmasının səbəblərindən biri də onların böyük qisminin akademik yazı bacarıqlarına kifayət qədər yiyələnməməsidir: “Hüquqi tərəfdən yanaşdıqda elmi işlərin yazılması ilə bağlı xidmətlər birbaşa qanunvericilikdə qadağan edilməsə də, onların fəaliyyəti “Təhsil haqqında” və “Elm haqqında” qanunlarının prinsiplərinə, akademik dürüstlük normalarına və elmi dərəcələrin verilməsi ilə bağlı mövcud qaydalara ziddir. Bu baxımdan belə şirkətlərin fəaliyyətini həm hüquqi, həm də etik cəhətdən düzgün hesab edilə bilməz. Təhsil sistemində əsas prinsiplərdən biri tələbənin müstəqil şəkildə araşdırma aparması və müəyyən bir elmi nəticəyə gəlməsidir. Əgər bu prinsiplər pozularsa, diplomların dəyəri sual altında qalar.

Dünya təcrübəsinə nəzər salsaq, ABŞ və Böyük Britaniya kimi ölkələrin akademik saxtakarlığa qarşı olduqca sərt olduğunu görərik. ABŞ-nin bəzi ştatlarında “term paper mill” adlanan hazır esse/dissertasiya satışları açıq şəkildə qadağan olunur. Böyük Britaniyada isə bu cür xidmətlərin reklamını etmək belə cinayət hesab edilə bilər. Almaniya isə akademik saxtakarlığı birbaşa Cinayət Məcəlləsi çərçivəsində qiymətləndirir. Bunun əksinə, Hindistan və Pakistan kimi ölkələrdə elmi iş yazdırma xidmətləri daha geniş yayılıb və nisbətən az nəzarət olunur. Azərbaycanda isə hələ ki bu istiqamətdə ayrıca hüquqi mexanizm mövcud deyil. Lakin belə bir təcrübənin ölkəmizdə də tətbiqi həm təhsilin keyfiyyətini qorumaq, həm də elmi dərəcələrin nüfuzunu artırmaq baxımından vacibdir.

Bu xidmətlərə tələbələr arasında tələbatın yaranmasının səbəblərinə gəlincə, burada bir neçə mühüm amil rol oynayır. Əvvəla, tələbələrin böyük qismi akademik yazı bacarıqlarına kifayət qədər yiyələnməyib. Universitetlərdə bu bacarıqların inkişafı üçün xüsusi kursların azlığı, tələbələrin elmi rəhbərlərlə effektiv şəkildə işləməməsi, bəzən də vaxt çatışmazlığı onları asan yolla işləməyə, yəni kənardan kömək almağa yönəldir”.

“Universitetlər dissertasiyaların yazılması və müdafiəsi qaydalarına yenidən baxmalıdır”

Ekspert qeyd edir ki, bu kimi saxtakarlıq hallarının qarşısının alınmaması universitetlərin beynəlxalq reytinqinə də ciddi zərbə vura bilər, çünki akademik dürüstlüyün pozulması yalnız bir tələbənin şəxsi məsələsi deyil, bu, bütün təhsil müəssisəsinin reputasiyasına təsir göstərir: “Bu prosesdə universitetlərin dissertasiyaların yazılması və müdafiəsi qaydalarına yenidən diqqətlə baxmasının tərəfdarıyam. Bizdə prosesə yox, birbaşa nəticəyə diqqət yetirirlər. Bu da müəyyən çatışmazlıqları özü ilə gətirir. Yaxşı bir tədqiqat aparmaq üçün bir semestr yetərli deyil. Düşünürəm ki, dissertasiya yazmaq üçün müddətin uzadılması yaxşı olar. 

Digər tərəfdən, imtahan və qiymətləndirmə sistemindəki bəzi boşluqlar da bu prosesin genişlənməsinə şərait yaradır. Nəticədə, tələbə öz üzərinə düşən işi deyil, başqasının yazdığı işi təqdim edir. Bu isə birbaşa olaraq təhsilin və tədqiqatın keyfiyyətini aşağı salır.

Beynəlxalq arenada universitetlərin əsas dəyərlərindən biri məhz dürüstlük və obyektiv elmi fəaliyyət hesab olunur. Diplomların tanınması, məzunların xarici universitetlərdə qəbul olunması və ya beynəlxalq əmək bazarına çıxışı da birbaşa bu məsələdən asılıdır. Əgər universitetdə plagiat və saxta elmi işlər geniş yayılarsa, o zaman həmin təhsil müəssisəsinin diplomlarına inam da azalır.

Buna görə də universitetlər yalnız nəzarət mexanizmləri tətbiq etməklə kifayətlənməməli, həmçinin tələbələrin bu bacarıqları öyrənməsi üçün şərait yaratmalıdır. Akademik yazı mədəniyyətinin öyrədilməsi, tədqiqat metodologiyasının tələbələrə praktik şəkildə göstərilməsi, elmi rəhbərlərlə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi vacibdir. Tələbə yalnız nəzəri biliklərlə deyil, həm də praktik tapşırıqlar vasitəsilə müstəqil tədqiqat aparmağı öyrənməlidir.

Sadəcə yazmaq yetməz: Tələbələrdən izah da tələb olunmalıdır

R.Həsənzadənin fikrincə, son illərdə plagiat yoxlama sistemlərinin tətbiqi müsbət addım kimi qiymətləndirilə bilər. Amma bu, problemin köklü həlli deyil. Əlavə nəzarət mexanizmlərinə də ehtiyac var. Məsələn, tələbələrin yazdıqları işlər əsasında şifahi müsahibələrin təşkili, diplom və dissertasiya işlərinin mərhələli şəkildə yoxlanması, hər mərhələdə tələbədən araşdırmanın nəticələrini izah etməsi tələb oluna bilər. Eyni zamanda, universitetlərdə tədqiqat metodları və akademik etika fənninin keyfiyyətli şəkildə tədrisi də bu istiqamətdə effektiv addım ola bilər. 

Əlavə olaraq, yazılan dissertasiya işlərinin EATDA tərəfindən yaradılan bir bazada toplanaraq ictimaiyyətə açıq şəkildə təqdim edilməsi tələbələrin qarşısına böyük məsuliyyət qoyar ki, onun elmi əsərini bir neçə saniyə ərzində kompüter qarşısında istənilən şəxs oxuya bilər”.

R.Həsənzadə söyləyir ki, bu məsələ bütövlükdə təhsil sisteminin keyfiyyətinə, ölkədə elmi mühitin inkişafına və cəmiyyətin ali təhsilə olan inamına təsir göstərir. Ona görə də həm qanuni mexanizmlərin yaradılması, həm də təhsil müəssisələrində qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Şərhlər

Xəbər lenti

5 sentyabr, 18:47

Paytaxtda sentyabr konfransının ikinci günündə nələr müzakirə edildi?

5 sentyabr, 17:49

BŞTİ-də kitabxanaçı müsahibəsinin apellyasiya mərhələsi başlayır

5 sentyabr, 17:44

Peşə təhsili müəssisələrində yeni tədris ili öncəsi təlimlər keçirilib

5 sentyabr, 16:42

43 yaşında 9-cu sinif məzunu oldu – Şəhla Mirzəyevanın uğur hekayəsi

5 sentyabr, 16:27

ADNSU və 4SİM əməkdaşlıq imkanlarını müzakirə edib

5 sentyabr, 14:29

TİF ilə Dünyagöz xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

5 sentyabr, 14:12

Mingəçevir Dövlət Universiteti əmək yarmarkasında təmsil olunub

5 sentyabr, 13:53

Türkiyə-Azərbaycan Universiteti müəllim vakansiyası elan edir

5 sentyabr, 13:48

Məktəb qapısından evədək: Uşaqların təhlükəsizliyi necə qorunur?

5 sentyabr, 12:25

Sinfi necə idarə edəcəyəm? – Gənc müəllimlərin ilk dərs günü 

5 sentyabr, 12:06

Böyük xərc, kiçik diplom: Sərmayənizi təhlükəyə atmayın!

5 sentyabr, 11:57

33 nəfər DP-də iştirakdan imtina edib, əvəzinə yeni namizədlər seçilib

5 sentyabr, 11:48

ICPC dünya finalının bağlanış və mükafatlandırılma mərasimi keçirilib

5 sentyabr, 11:28

Bu universitetə yeni prorektor təyin olunub

5 sentyabr, 11:20

Yeni Nobel mükafatçılarının adları bu tarixlərdə açıqlanacaq

5 sentyabr, 10:30

Diplomat olmaq istəyən gənc: Azərbaycandan Koreyaya uzanan yol

5 sentyabr, 09:59

Bu regionun kənd məktəbləri şəhər məktəblərini geridə qoydu 

5 sentyabr, 09:59

Emin Əmrullayev Özyeğin Universitetinin rektoru ilə görüşüb

5 sentyabr, 09:33

Dərs saatı az olan müəllimlər üçün fürsət - Qeydiyyat başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.