Bütün xəbərlər
17 oktyabr, 14:07

Xəbər verildiyi kimi, ADNSU tələbələri bu il Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində (IAC 2025) kosmik texnologiyalar sahəsində elmi işlərini təqdim edərək beynəlxalq ekspertlərin diqqətini cəlb ediblər. Bu uğurla fərqlənənlər arasında Xədicə Hüseynli və İlkin Abdullayev də var. Onlar 1028 iştirakçı arasından seçilərək müsabiqənin 87 nəfərlik qısa siyahısına daxil olublar. Onlar həm öz universitetlərini, həm də ölkələrini qürurla təmsil ediblər. Hər iki gənc “Azərbaycan müəllimi”nə öz uğurları, qələbə sevinclərini ilə bağlı təəssüratlarını bölüşüblər. Onları tanıyaq.

İlkin Abdullayev UFAZ-da “Data elmi və süni intellekt” ixtisası üzrə magistr təhsili alır. O, süni intellekt, bulud texnologiyaları və kosmik mühəndislik sahələrinə xüsusi marağının olduğunu deyir. İlkin müxtəlif tədqiqat və innovasiya layihələrində iştirak edərək bu sahələrdə praktiki təcrübə qazanmağa çalışır və hazırda “eiLink” MMC-də maşın öyrənməsi üzrə araşdırmaçı (researcher) kimi fəaliyyət göstərir.

“Bu təcrübə yeni bilik, beynəlxalq əlaqə və gələcək əməkdaşlıqlar üçün mühüm platforma oldu”

Onun üçün Beynəlxalq Astronavtika Konqresində iştirak həm böyük nailiyyət, həm də məsuliyyətdir: “Bu, dünya miqyasında ən nüfuzlu kosmik tədbirlərdən biridir. Burada çıxış etmək və məqalə dərc etdirmək Azərbaycan gənclərinin qlobal elmi mühitdə yüksək səviyyədə təmsil olunmasının bir göstəricisidir. Mənim üçün bu təcrübə həm də yeni biliklər, beynəlxalq əlaqələr və gələcək əməkdaşlıqlar üçün mühüm  platforma oldu. Kosmik texnologiyalar universitetə daxil olduqdan sonra marağımı cəlb etməyə başladı. Təhsil illərində süni intellekt və robototexnika sahəsində müxtəlif layihələrdə iştirak etdikcə başa düşdüm ki, bu iki istiqamət kosmik tədqiqatlarla birləşəndə yeni imkanlar açır. Məhz bu fikir bu sahədə tədqiqat aparmaq motivasiyamın əsasını formalaşdırdı”.

“Yeniliyim astronavtların kritik qərarları daha effektiv şəkildə qəbul etməsinə imkan yaradır”

İlkin konqresdə “Uzunmüddətli kosmik missiyalarda biliyin idarə edilməsi üçün axtarış-genişləndirilmiş nəsillərin tətbiq edilməsi” (Implementing Retrieval-Augmented Generation for Knowledge Management in Long-Duration Space Missions) adlı elmi işi ilə çıxış edib. O, uzunmüddətli kosmik missiyalarda biliklərin idarə olunması üçün süni intellekt əsaslı RAG (Retrieval-Augmented Generation) yanaşmasının tətbiqini araşdırıb. Məqsəd kosmik heyətin qərarvermə proseslərini dəstəkləmək və məlumatlara real vaxtda daha səmərəli çıxışı təmin etmək olub.

O qeyd edir ki, tədqiqat mövzusunu seçərkən məqsədi süni intellektin kosmik missiyalarda real problemlərin həllinə necə töhfə verə biləcəyini araşdırmaq idi. Uzunmüddətli kosmik missiyalarda məlumat axınının və qərarvermənin çətinliyini nəzərə alaraq, biliklərin idarə olunmasını optimallaşdıran RAG yanaşmasını tətbiq etməyə qərar verib: “Yenilik ondan ibarətdir ki, mən RAG modelini kosmik mühitə uyğunlaşdıraraq sistemə avtonom şəkildə məlumatı axtarma, əlaqələndirmə və təklif formalaşdırma qabiliyyəti əlavə etdim. Bu, yerüstü komanda ilə əlaqə məhdud olduğu hallarda belə, astronavtların kritik qərarları daha effektiv şəkildə qəbul etməsinə imkan yaradır”.

“Bu, təkcə şəxsi uğur deyil, həm də Azərbaycan elminin beynəlxalq miqyasda tanınmasının göstəricisidir”

Onun hazırlıq prosesi həm elmi, həm də texniki baxımdan çox gərgin keçib. İlk mərhələdə məlumatların toplanması və modellərin qurulması üzərində çox çalışıb. Bu yanaşmanı kosmik kontekstə uyğunlaşdırmaq, məhdud resurs şəraitində sistemin stabil işləməsini təmin etmək ən çətin mərhələ olub. Bunun üçün çoxsaylı eksperimentlər aparıb və nəticələri dəfələrlə sınaqdan keçirib. Beynəlxalq ekspertlər onun işini yüksək qiymətləndiriblər. Xüsusilə süni intellekt modelinin kosmik mühitin məlumatları üçün uyğunlaşdırılması, avtonom bilik idarəetməsi və praktiki tətbiq potensialı innovativ hesab olunub: “Onların rəyləri mənim üçün çox dəyərli oldu, çünki bu həm elmi baxımdan təsdiq, həm də gələcək tədqiqat istiqamətləri üçün motivasiya mənbəyi idi. Bu xəbəri alanda inanılmaz sevinc və qürur hissi keçirdim. Beynəlxalq Astronavtika Konqresinin Təşkilat Komitəsindən aldığım rəsmi məktubda bildirilib ki, 1028 təqdimat arasından yalnız 87-si seçilərək 2025-ci il İnteraktiv Təqdimatlar Müsabiqəsi üçün qısa siyahıya daxil edilib. Bu, təkcə şəxsi uğur deyil, həm də Azərbaycan elminin beynəlxalq miqyasda tanınmasının göstəricisidir. Bu nəticə daha böyük məsuliyyət demək idi. Bu nailiyyətin arxasında uzunmüddətli tədqiqat, gecə-gündüz iş və davamlı öyrənmə dayanır. Ümumi süni intellekt arxitekturasının hazırlanması, sınaqların aparılması və elmi məqalənin beynəlxalq standartlara uyğunlaşdırılması böyük zəhmət tələb etdi. Amma bütün bu proseslər mənə dözümlülük, planlı iş və elmi düşüncə tərzi qazandırdı”.

Onun əsas üstünlüyü problem həll etmə və analitik düşünmə bacarığıdır. Tədqiqatı fərdi şəkildə apararkən bu bacarıqlar ona böyük kömək etdi: “Texniki biliklərim və layihəni planlı şəkildə idarəetmə qabiliyyətim də işin uğurla tamamlanmasında mühüm rol oynadı. Məqsədim süni intellekt və kosmik texnologiyaların kəsişməsində tədqiqat aparmaq və bu istiqamətdə ölkəmizdə layihələr həyata keçirməkdir. Azərbaycanda bu sahənin inkişafı üçün universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, startap ekosisteminin dəstəklənməsi və beynəlxalq tədqiqat proqramlarına gənclərin cəlb olunması vacibdir”.

İlkin bildirib ki, onu bu sahədə ən çox ruhlandıran şəxs Elon Mask olub:“Onun kosmosun kommersiyalaşdırılması və süni intellektin real problemlərin həllində tətbiqi ilə bağlı baxışları mənə böyük ilham verib. Xüsusilə “SpaceX”in uzunmüddətli kosmik missiyalara dair innovativ yanaşmaları mənim tədqiqatımı həyata keçirməyə motivasiya edib. Bu məqalə vasitəsilə mən də AI-nin kosmos tədqiqatlarında bilik idarəçiliyini necə təkmilləşdirə biləcəyini göstərməyə çalışmışam”.

”Bu təcrübə ölkəmi qlobal elmi arenada təmsil etməyin qürurunu yaşatdı, gələcək karyeram üçün motivasiyamı artırdı”

Xədicə Hüseynli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH qrupları üzrə IV kurs tələbəsidir və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alır. Onun kosmik texnologiyalar və mühəndislik sahəsinə dərin marağı var və bu istiqamətdə bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməyə çalışır. Bu məqsədlə müxtəlif elmi, texnoloji və beynəlxalq layihələrdə, konqreslərdə, təcrübə proqramlarında və könüllülük fəaliyyətlərində fəal iştirak edir: “Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərlə tanış olmaq, yeni texnoloji trendləri izləmək və fikirlərimi beynəlxalq səviyyədə paylaşmaq imkanını qazandım. Bu təcrübə mənə Azərbaycanı və universitetimi qlobal elmi arenada təmsil etməyin qürurunu yaşatdı və gələcək karyeram üçün motivasiyamı artırdı”.

“Tədqiqat mövzusunu seçərkən məqsədim real ekoloji problemlərin həllinə yönəlmiş yenilikçi bir yanaşma ortaya qoymaq idi”

Mühəndisliyə marağı məktəb illərindən formalaşan Xədicə kosmik texnologiyalarla 2023-cü ildə Azərbaycanda keçirilən Beynəlxalq Astronavtika Konqresindən sonra yaxından tanış olub. Keçən il İtaliyanın Milan şəhərində konqresdə elmi məqaləsini təqdim edib, bu il isə Avstraliyanın Sidney şəhərində keçirilən IAC 2025-də çıxış edərək təcrübəsini daha da genişləndirib.

Onun təqdim etdiyi elmi iş Xəzər dənizi və əsas qollarında çirklənmənin qarşısının alınması məqsədilə Süni Apertur Radar (SAR) texnologiyasının tətbiq imkanlarını araşdırıb: “İşim çirklənmənin aşkarlanması və monitorinqi sahəsində innovativ yanaşmalar təqdim edir, həm ekoloji problemlərin həllinə töhfə verir, həm də bu texnologiyanın beynəlxalq təcrübədə səmərəliliyini göstərirdi. Tədqiqat mövzusunu seçərkən məqsədim real ekoloji problemlərin həllinə yönəlmiş yenilikçi bir yanaşma ortaya qoymaq idi. Bu metod ekoloji monitorinqin dəqiqliyini və effektivliyini artırır, sahəyə yeni perspektivlər gətirir”.
Onu ən çox ruhlandıran ailəsinin göstərdiyi inam və dəstəkdir. Eyni zamanda, ADNSU və SABAH qrupları Xədicəyə bu sahədə bilik və bacarıqlarımı inkişaf etdirmək üçün geniş imkanlar təqdim edib: “Universitetin peşəkar mühiti və müəllimlərin dəstəyi hər zaman ilham mənbəyim olub. Ümid edirəm ki, biz gənclər digərlərinə də motivasiya ola biləcəyik”.

Hazırlıq prosesi intensiv və tələbkar olub: “Ən böyük çətinlik işin beynəlxalq standartlara uyğun hazırlanması və yüksək səviyyədə təqdimatı idi. Beynəlxalq ekspertlər çıxışım zamanı işimin elmi əhəmiyyətini və praktiki tətbiq imkanlarını yüksək qiymətləndirdilər. 1028 iştirakçı arasından təqdimatının 87 nəfərlik qısa siyahıya daxil edilməsi mənim üçün həm qürur, həm sevinc, həm də məsuliyyət olub. Bu nəticə işimin beynəlxalq səviyyədə rəqabətədavamlı olduğunu göstərdi. Uzunmüddətli səy və hazırlıqdan sonra bu nailiyyət həm motivasiya, həm də böyük sevinc idi”.

Xədicə uğurun arxasında uzunmüddətli araşdırma, sistemli planlaşdırma və ardıcıl zəhmətin dayandığını deyir. Mövzu seçimi, məqalənin hazırlanması və elmi əsasların işlənməsi yüksək diqqət və məsuliyyət tələb edib: “Əsas üstünlüklərim analitik düşüncə qabiliyyətim, problem həll etmə bacarığım və təşəbbüskarlığımdır. Hər mərhələdə müstəqil qərar vermək və təşəbbüs göstərmək layihənin uğurla tamamlanmasına imkan yaratdı”.

Bu təcrübə onun kosmik texnologiyalar sahəsində karyera qurmaq qərarını daha da möhkəmləndirib. O, Azərbaycanın bu sahədə inkişafı üçün gənclərin praktik təcrübə proqramlarına və qlobal layihələrə daha çox cəlb edilməsinin vacibliyini vurğulayır. Gələcək hədəfi  elmi layihələr və startaplar üzərində işləməyi, həm biliklərini, həm də ölkəsinin potensialını nümayiş etdirməkdir.

Şərhlər

Xəbər lenti

17 oktyabr, 15:50

Öyrənmək təkcə öyrədilməklə deyil, həm də yaşanmaqla mümkün olur – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.