Bütün xəbərlər
19 iyun, 11:14

Maarifçilik cəmiyyətin tərəqqisinin mayakıdır, müəllim isə bu yolun aparıcı qüvvəsi. Xüsusilə müasir dövrdə şagirdləri təkcə öyrətmək yox, həm də ruhlandırmaq, onlara istiqamət vermək mühüm əhəmiyyət daşıyır. Vəsilə Əliyeva da fəaliyyətində bu mühüm missiyaları rəhbər tutan müəllimlərimizdəndir. Uzun illərdir ki, Ordubad rayonu Əndəmic kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Vəsilə müəllimlə dərs prosesində yanaşma fərqləri və müasir təhsilin çağırışları barədə söhbət etdik.

Əməkdar müəllim Vəsilə Əliyevanın "Azərbaycan müəllimi" qəzetinə müsahibəsini təqdim edirik:

– Vəsilə müəllim, şagirdlərin mənəvi dünyalarının zənginləşməsində, söz ehtiyatlarının artmasında, fikirlərini daha səlis ifadə etmələrində ədəbiyyatın, ana dilinin tədrisi önəmlidir. Siz dərslərinizi keçərkən hansı tədris üsullarından istifadə edirsiniz? Şagirdlərin marağını cəlb etmək və dərsə diqqətlərini artırmaq üçün nələr edirsiniz?

– İlk olaraq qeyd edim ki, həm müəllim, həm də şagird psixoloji baxımdan dərsə hazır olmalıdır. Hər zaman deyirəm ki, şagirdlərin nəsihətdən çox, nümunəyə ehtiyacı var. Əgər biz hansısa bir kitabı əyani şəkildə şagirdə oxutdurmaq istəyiriksə, ilk növbədə özümüz o kitabdan məlumatlı olmalıyıq. Hər hansı maraqlı məqamları vurğulamaqla şagirddə maraq oyatmaq mümkündür. 

Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq dərsləri şeir, söz və aforizmlərlə daha maraqlı etməyə çalışıram. Məsələn, ötən il şagirdlərlə belə bir metod tətbiq etdik: “Kim daha çox aforizm bilir?” Yarışma şəklində keçən bu fəaliyyətə şagirdlər o qədər maraq göstərdilər ki, bir-birilərinin söylədiyi aforizmləri belə əzbərləmişdilər. Kimsə qorxu və ya igidlik haqqında bir aforizm deyirdisə, digəri onun ardını gətirirdi. Bu cür yanaşma ilə uşaqlarda həm maraq, həm də söz ehtiyatı formalaşır.

Həmçinin çalışıram ki, klassik ədəbiyyat, kinofilmlər, bəstəkarlarımız, ümumiyyətlə, milli dəyərlərlə bağlı bilikləri bir kolleksiya kimi şagirdlərə təqdim edim. Dərs zamanı reflektiv üsuldan da istifadə edirəm. Məsələn, uşaqlara deyirəm: “Yadınızdadır, “Bəxtiyar” filmində belə bir səhnə var idi?” Bu cür nümunələrlə şagirdlər milli dəyərlərə qayıdış hissi yaşayır və bayağı musiqi, filmlər və cılız münasibətlərdən uzaq qalırlar.

Əlbəttə, “bunu bacarıram” demək bir qədər iddialı səslənər. Çünki müəllimin metodunun təsirli olub-olmadığını ən yaxşı şagirdlər deyə bilərlər. Amma özüm də dərsin uğurlu alınıb-alınmadığını hiss edirəm. Əgər bu gün şagird dərsi dinləyə bildisə, deməli, nəticə var. Peyğəmbərimizin də bir kəlamı var: “Bütün fəaliyyətlərin dəyəri nəticədədir”. Biz təhsildə də nəticəyə baxmalıyıq. Sevdiyim belə bir şeir var:

Söyüdü badama calaq etdilər,
Dönüb pöhrələndi, badam olmadı.
İllərlə cahilə elm öyrətdilər,
Dönüb alim oldu, adam olmadı.

Hər zaman şagirdlərə ilk olaraq insanlıq aşılayıram: dəhlizdə keçərkən müəllimlərə salam vermək, diqqətli və nəzakətli olmaq və s.
Dərs metodlarımda həm ənənəvi, həm də kurikulum əsaslı yanaşmanı birləşdirirəm. Şaxələnmə, sual-cavab, interaktiv metodlardan istifadə edirəm. Biz özümüz ənənəvi təhsil sistemi ilə böyümüşük. Heç kim deyə bilməz ki, bu üsulu tamamilə geridə qoymuşuq. Bu, real deyil. Təkrara da xüsusi yer verirəm. Çünki təkrar olmadıqda nəticə də olmur.

– Sovet dövründə təhsil alanların çoxu deyir ki, biz kənd kitabxanasındakı bütün kitabları oxuyurduq. Bəs indiki uşaqlarda mütaliəyə maraq varmı? Maraq yaratmaq üçün hansı üsullardan istifadə edirsiniz? Bura yenilənən məktəblərdəndir, yəqin ki, kitabxanası da zəngindir. Elektronlaşan dünyamızda kitaba marağı necə artırmaq olar?

– Kitab oxumaq bizim üçün çox həssas və vacib bir mövzudur. Teatrda deyilirdi: “Kitab oxumaq lazımdır, Hellas!” Biz də uşaqları kitaba yönləndirməyə çalışırıq. Amma təəssüf ki, bugünkü mühit şagirdləri çox tez kitablardan ayıra bilir. Sosiallaşma, əyləncə, texnologiya onları asanlıqla öz təsiri altına salır. Buna görə də çalışıram ki, bu istiqamətdə təşəbbüsü özüm ələ alım. Məsələn, keçən ildən etibarən şagirdlərlə Əzizə Cəfərzadənin “Eldən elə”, İsmayıl Şıxlının “Dəli Kür” romanlarını təkrar oxuyuruq. İsmayıl Şıxlının yazı üslubu çox təsirlidir. Şagirdlər deyirlər ki, “Dəli Kür”ü oxumaqla elə bil onu yaşayırıq. Onlar bildirirlər ki, bu romanı oxuyana qədər neçə-neçə Elxan Elatlı kitabı oxuya bilərdik. Bu fikri qiymətləndirirəm, amma deyirəm ki, bir əsəri yalnız mövzu üçün deyil, bədii dəyəri və lirikasına görə də oxumaq lazımdır.

Mütaliə şagirdlərin söz ehtiyatını formalaşdırır. Məsələn, “Son zəng” günündə məzunlar köynəklərinə yazı yazmaq istəyirlər. Soruşurlar: “Müəllim, bura nə yazaq ki, gözəl ifadə olsun?” Deyirəm ki, bunun üçün çoxlu kitab oxumalısınız. Ancaq o zaman gözəl ifadələr tapmaq mümkün olur.
Bu səbəbdən biz tez-tez yaradıcı fəaliyyətlər həyata keçiririk. Məsələn, Çingiz Aytmatovun “Manqurt” əsərini oxuduqdan sonra şagirdlərə dedim ki, gəlin bu əsəri nəzmə çevirək. Düzdür, nəzm üçün daxili ruh lazımdır, amma 7 şagird bu işin öhdəsindən çox gözəl gəldi. Söz yığını deyil, bədii dəyəri olan şeirlər yazdılar. Mən də bunu dəyərləndirdim.

Son olaraq Qurban Səidin “Əli və Nino” romanını oxuduq. Bu əsər həm müasir, həm siyasi, həm də tarixi baxımdan zəngin mənbədir. Şagirdlər əsərin dili çətin olsa da, müzakirələr yolu ilə birgə təhlil etdilər. Əsərdə erməni xislətinin iç üzü, İran şahı, qızın aparılması kimi məsələləri özləri müzakirə edərək mənalandırdılar. Belə mühit yaratmaq üçün müəllim sadəcə bir qığılcım verməlidir. O qığılcım da müəllimin peşəkarlığından və təcrübəsindən doğur.

– Uzun illərdir, tədris aparırsınız. Keçmiş dövrlərin şagirdləri ilə bugünkü şagirdlər arasında hansı fərqlər var?

– Artıq 20 ildən çoxdur ki, müəllim kimi çalışıram. Əvvəlki dövrün şagirdləri daha sakit təbiətli və itaətkar idilər. İndiki dövrün uşaqları isə daha aktiv, texnologiyaya maraqlı və hazırcavabdırlar. Bəzən müəllimlər onların bu xüsusiyyətindən narazı qalırlar. Amma mən belə hesab etmirəm. Bu xüsusiyyətlər onlarda öz fikrini ifadə etməyi, auditoriya qarşısında sərbəst danışmağı inkişaf etdirir. Əgər biz bu gün uşağın sözünü kəssək, sabah o, auditoriya qarşısında çıxış edə bilməz. Mən istəyirəm ki, şagird fikrini aydın şəkildə deyə bilsin: Təbii ki, mədəni şəkildə və yerli-yerində.
Sinifdə bir mövzu müzakirəyə qoyulanda çalışıram ki, hər bir şagird fikrini bildirsin. Bu onların həm düşüncə tərzini inkişaf etdirir, həm də özlərinə inamlarını artırır. Biz onlara danışmağa, düşünməyə şərait yaratmalıyıq. Onlar bu zaman özlərini daha dəyərli hiss edirlər.

– Bəs valideynlərlə münasibətlər necədir? Müəllim-valideyn əməkdaşlığında hansı çətinliklərlə qarşılaşırsınız?

– Düzünü deyim, indiyə qədər heç bir valideynlə ciddi problem yaşamamışam. Ola bilər, bəzi iclaslarda valideynlər uşağın oxumağından narazılığımı bildirəndə sual verirlər ki, “oxuya bilir axı, niyə belə deyirsiniz?”. O zaman həmin valideyni sinfə dəvət edirəm, şagirdin oxumasına birbaşa şahid olurlar. Bu, onlarda müəllimin haqlı olduğunu göstərir.

Bəzən müəllim öz doğru yanaşmasını sübut etməlidir ki, valideyn onun məqsədini anlasın. Valideynlər görürlər ki, biz uşaqlar üçün çalışırıq və bununla da birgə əməkdaşlıq formalaşır. Bayram günlərində elə hallar olur ki, şagird təbrik etməsə də, valideyn zəng edib təşəkkür edir. Bu münasibət məni çox sevindirir. Ola bilər ki, şəhər məktəblərində müəyyən təzyiqlər olsun, amma bizim kənd məktəbində bu hallar demək olar ki, baş vermir.

– Fəaliyyətə yeni başlayan müəllimlər hansısa məsələlərdə sizdən dəstək istəyirlərmi? Onlara nə tövsiyə edərdiniz?

– Son illərdə məktəbimizə yeni ədəbiyyat müəllimi gəlməyib. Amma ümumi təcrübəmdə görürəm ki, yeni gələn gənc müəllimlər ilk vaxtlar nəsə soruşmağa çəkinirlər. Düşünürlər ki, bəlkə, başqa cür başa düşülər. Amma məni tanıdıqca rahatlaşırlar və suallar verməyə başlayırlar. Mən də çalışıram ki, hər zaman onlara kömək edim, doğru istiqamət verim. Əgər kiməsə nəyisə öyrədə bilirəmsə, bu məni qürurlandırır. Mən də vaxtilə müəllim həmkarlarımdan çox şey öyrənmişəm. İndi bu bilikləri başqalarına ötürməkdən məmnunluq duyuram. Axı bu müəllimlər gələcək nəsli formalaşdıracaqlar. Mən heç zaman istəmərəm ki, dərsə savadsız müəllim daxil olsun. Çünki savadsız müəllim savadsız şagird deməkdir. Həmin sinifdə bizim öz övladımız da ola bilər. Buna görə də istər test tapşırıqları, istər dərs vəsaitləri, bütün bildiklərimi onlarla bölüşürəm.

– Müəllimlərin peşəkarlığından danışdıq. Bu gün dövlətin təhsil siyasətində də bir sıra islahatlar aparılır. Sertifikatlaşdırma imtahanları keçirilir. Bu proses bir tərəfdən ixtisasını bilməyən şəxslərin sistemdən kənarlaşdırılmasına xidmət edir, digər tərəfdən isə tədrislə məşğul olan müəllimləri bilik və bacarıqlarını artırmağa sövq edir. Siz də bu prosesdə iştirak etmiş və yüksək nəticə göstərmiş müəllimlərdənsiniz. Həmkarlarınıza nə tövsiyə edərdiniz?

– Düzü, biz ənənəvi sistemə öyrəşmişdik, imtahan məsələsi əvvəllər bizə bir qədər yad idi. Müəllim olaraq imtahanın bizi həyəcanlandırmasının əsas səbəbi cəmiyyətin, valideynlərin və şagirdlərin bizi izləməsidir. Aşağı nəticə həm də nüfuzumuza təsir edə bilər. Əvvəl mən də çox həyəcanlı idim, amma suallarla tanış olduqca bu həyəcan azaldı. Ədəbiyyat fənni üzrə 1-dən 11-ci sinifə qədər suallar təqdim olunmuşdu. Mən iki ay ərzində xüsusilə ibtidai siniflərdəki təmsil və hekayələri nəzərdən keçirdim. Həmin suallar imtahanda düşməsə də, bu müddətdə özüm üçün çox şey öyrəndim. İbtidai sinif kitablarına yenidən qayıtmaq mənim üçün çox faydalı oldu.

Bu imtahanı müsbət qiymətləndirirəm. Çünki əldə etdiyimiz bal bizim göstəricimizdir. Ola bilər, həyəcan nəticəyə təsir etsin, lakin əsas olan odur ki, kim nə bilir, onu ortaya qoyur. Dövlət də bu nəticələri qiymətləndirir, maaşlarımız artır. Əgər özümüzü sübut edə biliriksə, demək ki, dəyərləndirilirik. Bu baxımdan sertifikatlaşdırma vacib bir mərhələdir.

– Bugünkü dərsliklər haqqında nə düşünürsünüz? Hansı dəyişikliklərin edilməsini istəyərdiniz?

– Əgər 9, 10 və 11-ci sinif dərsliklərini nəzərə alsaq, onların maarifləndirici məzmunu olduqca uğurludur. İxtiraçılar, qəhrəmanlar, qədim dövr ədəbiyyatı, motivasiya xarakterli mətnlər uşaqlarda həm maraq, həm də dünyagörüşü formalaşdırır. Bu mətnlərlə bağlı sual-cavabların olması da məni sevindirir. Amma builki 5-ci sinif “Azərbaycan dili” dərsliyi məni qane etmədi. Əvvəllər bu sinifdə fonetika, leksika, söz yaradıcılığı və digər bölmələri daha sistemli şəkildə keçirdik. İndi isə 11-ci sinifin mövzuları sanki parçalanmış şəkildə, bir hissəsi 5-ci sinifdə, digəri başqa sinifdə verilir. Məsələn, 10-cu sinifdə keçdiyimiz tezis bu gün 5-ci sinifdə “mühakimə” adı ilə təqdim olunur. İbtidai siniflərdə təməl verilmədiyi üçün bu mövzular şagirdlər üçün çətin olur.

Əvvəllər isim mövzusu bütöv şəkildə 6-cı sinifdə keçilirdisə, indi hər dərsdə ondan bir az parçalar şəklində verilir. Bu isə dərslərin yarımçıq qalmasına səbəb olur. Mən dərsi bütöv şəkildə çatdırmaq istəyirəm. Bir mövzunun yarısını bu dərsdə, digər yarısını isə növbəti dərsdə keçmək, ardıcıllığı və dərsin keyfiyyətini pozur. Bəzən proqramda nəzərdə tutulan mövzular ibtidai sinifdən zəif hazırlıqlı gələn şagirdlər üçün çox ağır olur. Yazı vərdişlərində və nitq inkişafında gerilik olan şagirdlər üçün bu proqramın tam mənimsədilməsi çətindir. Ona görə də dərsliklərin struktur baxımından yenidən işlənməsi, mövzuların sinif səviyyəsinə uyğun şəkildə bölünməsi vacibdir.

Düzdür, proqramı formal şəkildə başa vururuq, testləri də keçirik, amma nəticə ürəkaçan olmur. Mən istəmirəm ki, şagird əlavə məşğələlərlə və ya repetitorla bu materialı mənimsəsin. İstəyirəm ki, şagird məktəbdə, sinifdə, müəllimindən öyrənsin. Məktəb təhsili təməl olmalıdır. Tədris prosesinin səmərəli olması üçün dərsliklərin daha əlçatan, uyğun və sistemli hazırlanması vacibdir.

Şərhlər

Xəbər lenti

19 iyun, 16:48

Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək komanda üzvlərinə laboratoriya dərsləri keçirilir

19 iyun, 16:29

“Uğurlu nəticə əldə edənlər daha üstün bacarıqlara sahibdirlər” - Naxçıvan müəllimləri 

19 iyun, 16:27

Şəkidə sertifikasiya imtahanı – müəllimlərin gözü ilə

19 iyun, 16:27

Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir

19 iyun, 16:20

Nazir reytinqdə yer alan ali məktəblərin heyətini təbrik edib

19 iyun, 15:53

“Sertifikatlaşdırma karyerada irəliləmələri üçün vacibdir– Mehriban Vəliyeva

19 iyun, 15:50

Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi qeyd olunub

19 iyun, 15:45

“İstirahət edəndə özümü günahkar hiss edirdim” – 400 bal toplayan məktəbli

19 iyun, 15:30

LDU dünyanın ən nüfuzlu universitetləri siyahısında yer alıb

19 iyun, 15:25

SDU ilk dəfə “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alıb

19 iyun, 15:16

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlərə ŞAD XƏBƏR

19 iyun, 15:13

Sertifikasiya suallarını kimlər hazırlayır? – RƏSMİ CAVAB

19 iyun, 15:03

Millət vəkilləri və ictimai xadimlər sertifikatlaşdırma prosesi ilə tanış olublar

19 iyun, 15:03

Kənd məktəbinin maksimum bal toplayan müəllimi: İmtahan şəffaf keçirildi

19 iyun, 14:38

Maksimum bal toplayan müəllim: Sertifikasiya özümüzü qiymətləndirmək baxımından vacibdir

19 iyun, 14:24

Ali Məclisin deputatları Naxçıvanda sertifikatlaşdırma prosesini izləyiblər

19 iyun, 14:15

Anar İsgəndərov: Sertifikatlaşdırma müəllim nüfuzunu artırmaq üçün ən uğurlu vasitələrdəndir

19 iyun, 13:46

Lənkəran-Astara bölgəsinin iki müəllimi sertifikatlaşdırmada maksimum bal toplayıb

19 iyun, 13:31

BMU dünyanın 1000 ən yaxşı universiteti sırasına daxil olub

19 iyun, 13:30

ADPU-da “TəhsilPlus” kartı ilə bağlı təqdimat keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.