
“Azərbaycan müəllimi” qəzeti, 1 noyabr 1956-cı il, №44
1. Belə işləmək olarmı?
Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?
İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?
Vaxtilə böyük Sabirin acı-acı güldüyü və kəskin satira atəşinə tutduğu belə pul düşkünləri çox təəssüf ki, bizim zəmanəmizdə də vardır, özü də ziyalılar arasında, gənc nəslin təlim-tərbiyəsi etibar edilmiş müəllimlər arasında...
Çox təəssüf…
Əbülfəz Kərimovu "Svetlaya Zarya" kənd məktəbinə direktor təyin etdilər, o, elə ilk gündən qarşısında belə bir məqsəd qoydu: necə olursa-olsun varlanmaq, çoxlu pul qazanmaq.
Kərimov bu qara niyyətini həyata keçirmək üçün məktəbdə işləməyə başladığı ilk günlərdən etibarən yollar axtarır, planlar cızır, vasitələr düşünürdü. O, məktəbə gələn kimi kollektivə yox, müəllim Ərəstun Allahverdiyevə arxalanmağa, onunla dostluq etməyə başladı. Allahverdiyev gündüzlər dərs deyən, gecələr isə sazını bağrına basaraq toy məclislərində aşıqlıq edən, dərs verdiyi şagirdlərin gözü qarşısında sındıra-sındıra süzən, "boylana-boylana" oxuyan, boğazı qovuşanadək "ay şabaş, ay şabaş" deməkdən çəkinməyən bir adamdır. Yay tətili müddətində onun fəaliyyəti daha da genişlənir. O, Rusiyanın ən ucqar yerlərinə belə alverə gedir, sarımsaq satmaqla məşğul olur. Özünün dediyinə görə, keçən yay tətilində RSFSR-ə 300 kiloqram sarımsaq aparmışdı.
Əlbəttə, belə bir adama arxalanmaq yeni direktora baha başa gəldi.
Əvvəlki mətləbimizə qayıdaq. Dedik ki, direktor Ə.Kərimov yüngül yolla pul qazanmaq üçün vasitələr düşünürdü. O, əvvəlcə hər ay maaş zamanı müxtəlif bəhanələrlə müəllimlərin hərəsindən 15-20 manat pul tutmağa başladı. Amma Kərimova bu kifayət etməzdi. Necə deyərlər, o, "qaz vurub qazan doldurmaq" istəyirdi. Amma bunun üçün fürsət lazım idi. Belə bir fürsət keçən ilin noyabr ayında ələ düşdü. Müəllimləri qəzet və jurnallara abunə yazdırmaq üçün Ə.Kərimov siyahı tərtib edir və onlardan 500 manat pul yığıb mənimsəyir. Müəllimləri isə məktəb hesabına yazılan abunə ilə təmin edir.
Kərimova bu da bəs etmir. O, guya məktəbin ətrafına xəndək çəkildiyini və bunun üçün işçilərə pul vermək lazım olduğu haqqında saxta sənəd düzəldərək, dövlətin 650 manat pulunu da alıb mənimsəyir.
Atalar demişkən, oğurluq 40 gün çəkər. Qarpızı cibdə gizlətmək olmaz. Çox çəkmir ki, bu pulpərəst direktorun kələklərinin üstü açılır. Müəllimlər hərə bir tərəfdən onun üstünə düşüb pullarını tələb edirlər. Bundan əlavə, müəllimlər həm də deyirlər ki, Əbülfəz Kərimovdan direktor olmaz. O, məktəbə gəldiyi gündən başlayaraq pedaqoji prinsipləri addımbaşı pozur, müəllimləri hörmətdən salmağa çalışır, imtahanlar zamanı özbaşınalıq edir, kənd arasında dedi-qodu salır və s.
Deyəsən, Əbülfəz Kərimovu direktorluqdan kənar edəcəklər. Ancaq onu vəzifədən çıxarılmasından çox, yığdığı pulların əldən çıxması heyifsiləndirir. Belə deyirlər ki, Əbülfəz Kərimov Sabirin pul haqqında söylədiyi aşağıdakı sözləri tez-tez təkrar edir:
Səndən əl çəkməzdim olsaydı əlimdə iqtidar,
Lakin icbarən əcəl eylər məni səndən kənar!
2. Direktor, yoxsa təsərrüfat müdiri?
Prişib qəsəbəsindəki orta məktəbin dərs hissə müdiri Maşəllah Şirməmmədovla müəllimlər otağında söhbət edirdik. Birdən içəriyə ucaboylu, dolu bədənli, qırmızıyanaq bir kişi daxil oldu və tez qızğın söhbətə başladı. Meşəyə odun gətirməyə getməyindən, maşın dalınca ora-bura qaçmağından, keçən il məktəbə əlavə sinif otağı tikdirməyindən danışdı. Bu adamın söhbətindən biz belə başa düşdük ki, o, məktəbin təsərrüfat işləri üzrə direktor müavinidir.
– Yoldaş, yəqin ki, siz...
– Bəli, mən direktoram - Məmməd Ağayev
O, sözümüzü bitirməyə macal vermədən özünü təqdim etdi. Biz təəccübləndik. Öz-özümə fikirləşdim ki, yaxşı onu direktorun təsərrüfat işləri üzrə müavini zənn etdiyimi deməmişəm, yaxşı düşməzdi. Getdikcə söhbətimiz qızışırdı. Biz direktora xatırlatdıq ki, gördüyünüz bu işlərin hamısı yaxşıdır və bunun üçün siz təqdirəlayiqsiniz.
– Bəs dərslərə, məktəbin təlim-tərbiyə işlərinə necə rəhbərlik edirsiniz?
Bu gözlənilməz sual deyəsən direktoru heç açmadı. Söhbət zamanı məlum oldu ki, M.Ağayev sırf təsərrüfat işlərinə uyaraq məktəbin qarşısında duran əsas məsələni – təlim-tərbiyə məsələsini, müəllimlərin işi üzərində nəzarət və rəhbərlik etməyi tamamilə unutmuşdur. Biz ondan dərs ilinin əvvəlindən bu vaxta qədər müəllimlərin dərslərində neçə saat iştirak etdiyini soruşduq. O, bu suala sükutla cavab verdi. Çünki M.Ağayevin girdiyi dərslərin (özünün dediyinə görə bir neçə dərsə girmişdir) təhlili haqqında bir barmaq kağızı, bir sətir yazılı qeydi belə yoxdur. Bu barədə söhbət düşdükdə Ağayev özünü müdafə etmək məqsədilə belə dedi:
– Bilirsiniz yoldaş, dərslərə girməyinə girirəm, zameçannı edib, ukazanı verirəm. Ancaq nöqsanım budur ki, svedenni saxlamamışam.
Daha beləsinə nə deyəsən? Bu zaman zəng çalındı. Biz cədvələ baxıb coğrafiya dərsini dinləmək istədiyimizi bildirdik. Direktor narazılıq edib dedi:
– Bu dərsi mən deyirəm, axı..
– Nə olsun ki, siz deyirsiniz?
– Deyirəm ki, mən sizinlə siniflərə getsəm yaxşı olar.
Biz onun dərsində iştirak etmək istədiyimizi qətiyyətlə bildirdikdə, o, guya çıxış yolu taparaq belə dedi:
– Bilirsinizmi yoldaş, mən bu gün maaş almağa getdiyim üçün fikirləşdim ki, bu dərsi deməyim. Odur ki, bu dərsi dünən əvəz etmişəm. Jurnala baxdıq. Dərs əvəz edilməmişdir. Ağayev bugünkü dərs üçün gündəlik plan da tutmamışdı. (Ümumiyyətlə, gündəlik plan tutmaq onun adəti deyil). Nə isə.. Direktor qəti surətdə bildirdi ki, o, bu gün V sinifdə dərs deməyəcək.
Biz Məmməd Ağayevin VIII sinifdə coğrafiya dərsində olduq. Müəllim keçmiş mövzunu (“Almaniya”, “Coğrafi mövqeyi”, “Təbii şəraiti”, “Əhalisi” “İki alman dövlətinin əmələ gəlməsi”) şagirdlərdən soruşdu.
İki nəfər şagird dərsi danışdı. Şagirdlərin cavabı səhvlərlə dolu idi. Onların hər ikisi Almaniyanın coğrafi mövqeyi, əhalisi, müharibədən əvvəlki Almaniya haqqında, müharibədən sonra Almaniyanın iki dövlətə - Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikasına bölünməsi haqqında tam və düzgün məlumat verə bilmədi.
Müəllim yeni dərsi də aşağı səviyyədə keçdi: Əvvələn o, keçmiş dərsi şagirdlərin bilmədiklərini nəzərə alaraq, həmin mövzunun mühüm məsələlərini onlara yenidən başa salmalı idi. Ancaq müəllim bunu etmədi. Yeni dərsi keçərək Almaniya Demokratik Respublikası haqqında danışmağa başladı. Müəllimin danışığı göstərirdi ki, o, yeni dərsə hazır deyildir. Çünki müəllim gözünü kitabdan çəkmir, oradakı ayrı-ayrı cümlələri oxuyub öz sözləri ilə danışır və bu zaman müəyyən səhvlər buraxırdı. Müəllim uşaqlara yanlış olaraq başa saldı ki, Almaniya Demokratik Respublikasında Dövlət quruluşu prezidentdir. Qanunverici orqan isə Nazirlər Sovetidir. Bu qanun verir, prezident onu həyata keçirir”. Müəllim Almaniyanın sənayesindən danışarkən dedi ki, “Berlində kitabqayıran fabrika vardır. Burada durbin, yəni vinok, aptekarnı şeylər istehsal olunur...”.
Şagirdlərin təlim-tərbiyəsi işi ilə lazımı qədər məşğul olmayan, müəllimlərin fəaliyyəti üzərində yaxşı nəzarət etməyən və öz dərslərini aşağı səviyyədə tədris edən məktəb direktorlarından biri də Astraxanbazar şəhərindəki 2 nömrəli orta məktəbin direktoru Mahmud Mirzəyevdir.
Mahmud Mirzəyev rayonun qocaman müəllimlərindəndir. O, stajına və köhnə biliyinə arxalanaraq, öz üzərində çalışmır, müəllimlərin işinə zəif nəzarət və rəhbərlik edir. Mirzəyev dərs ilinin əvvəlindən bu vaxta qədər müəllimlərin bir saat dərsində belə iştirak etməmişdir. Əgər özü dediyi kimi iştirak etmişsə də, heç bir yazılı qeyd götürməmişdir. Biz onun keçən dərs ilində müəllimlərin işinə necə rəhbərlik etdiyini öyrənmək istədik. O, bizə belə cavab verdi:
– Keçən il keçib gedib. Bu il isə heç bir dərs haqqında yazılı qeydim yoxdur.
Biz V sinifdə onun ana dili dərsində iştirak etdik. O, ev tapşırığını yoxlamadan 52 nömrəli tapşırığı şagirdlərə yazdırdı. Uşaqlar müəllimdən yeni tapşırığa aid heç bir izahat almadan işə başladılar. Sonra o, bir neçə uşağın yazısına gözucu nəzər salaraq sorğu-suala keçdi. Onun sual-cavabı çox səthi və ümumi idi.
Biz yazmızın sonunda Məmməd Ağayev və Mahmud Mirzəyev kimi direktorlara deyirik ki, təsərrüfat işi ilə məşğul olmaq lazımdır. Ancaq bu işə uyaraq əsas məsələni – şagirdlərin təlim-tərbiyəsini və müəllimlərin işi üzərində nəzarət məsələsini unutmağa onların haqqı yoxdur!
3. Hay-küy yox, iş lazımdır
Astraxanbazar şəhərindəki 2 nömrəli orta məktəbin dərs hissə müdiri Zeynal İsmiyevlə tanış olduqda o, bizə öz fəaliyyətindən, cəbhədə olduğu illərdən, sovet ordusunda siyasi rəhbər vəzifələrdə işləməyindən, RXMŞ-da inspektor olmağından, bir sözlə, hər şeydən, hər işdən ağızdolusu danışdı, özünün xüsusi bacarığa malik olduğunu, maarif işini yaxşı bildiyini anlatmağa cəhd etdi.
Ancaq biz onun işi ilə məşğul olduqda gördük ki, Zeynal İsmiyev ona tapşırılmış vəzifənin öhdəsindən lazımınca gələ bilmir. O, işdə hay-küylə məşğul olur. Z.İsmiyev etiraf etdi ki, məktəbdəki fənn-metod birləşmələri ancaq kağız üzərindədir. Dərs ilinin başlanmasından ay yarımdan çox vaxt keçməyinə baxmayaraq, hələ də bu barədə heç bir iş görülməmişdir.
Zeynal İsmiyev oktyabr ayının 8-nə kimi müəllimlərin cəmi 27 saat dərsində iştirak etmişdir. Müəllimlərin dərsi haqqında onun qeydləri çox səthidir, savadsız və səliqəsizdir.
Məsələn: “VB” sinfi. Üçü oktyabr. Coğrafiya. Mövzu: “Quru səthinin formalarını düzəltmək”. (Quru səthinin formaları, düzənliklər yazılmalı idi). Dərs mənimsədildi. Şagirdlər başa düşdülər. Müəllim dərsə hazır idi”.
Biz İsmiyevdən nə üçün müəllimlərin dərsini geniş təhlil etmədiyini, nöqsanlarını ətraflı göstərmədiyini soruşduqda o, belə cavab verdi:
– “Nöqsanlarını özüm şifahi deyirəm. Dəftərə yazan kimi inciyirlər, başlayırlar atakavat eləməyə…”
Bizcə, məsələ aydındır. Necə deyərlər, təfsilata ehtiyac yoxdur.
4. Fəaliyyətsiz pedaqoji kabinet
Astraxanbazarda olduğumuz məktəblərin işi ilə tanışlıq aşkar göstərdi ki, məktəb rəhbərlərinin və müəllimlərin metodiki köməyə böyük ehtiyacları vardır. Ancaq RXMŞ yanındakı pedaqoji kabinet (müdiri Əliqəmbər Xəlilovdur) rayonda bu məsul və mühüm sahəyə rəhbərlik etməkdə çətinlik çəkir. Bunun üçün Xəlilovun həm savadı (o, ali təhsilli deyildir), həm də təcrübəsi çatmır. Rayon məktəblərinin çoxunda sinif birləşmələri, fənn komissiyaları təşkil edilməmişdir. Bəzi məktəblərdə isə bunların təşkili ancaq kağız üzərindədir. Pedaqoji kabinet qabaqcıl təcrübənin yayılması məsələsinə ciddi fikir vermir.
Rayondakı bacarıqlı məktəb rəhbərlərinin və müəllimlərin təcrübəsini ümumiləşdirib yaymaq pedaqoji kabinetin əsas işi olmalıdır. Lakin pedaqoji kabinetin müdiri məktəblərdə olarkən çox səthi yoxlama aparır, yerlərdə müəllimlərə və məktəb rəhbərlərinə az kömək edir. Onun yazdığı məktəb yoxlama aktları səliqəsiz və savadsızdır. Məsələn, Ə.Xəlilovun Buravar ibtidai məktəbi haqqında yazdığı akta diqqət yetirək:
“Məktəb tamamilə səliqəsiz, kitabxana kitabları isə tozun içində bitmişdir. 1955-1956-cı tədris ilində dərs dediyi (kimin dərs dediyi?) birinci sinif hal-hazırda, yəni 1956-1957-ci tədris ilində ikinci sinifdə oxuyurlar (?). Hal-hazırda I sinif şagirdlərinin düzgün kolleqrafiya üzrə yazı işləri tamamilə özü bildiyi kimi hərəkət edir». (Yazı işləri necə hərəkət edə bilər?).
Aydındır ki, belə savadsız, ümumi və təhlilsiz məktəb yoxlama aktları məktəb rəhbərlərinə və müəllimlərə heç bir konkret kömək edə bilməz. Astraxanbazar rayon Xalq Maarif Şöbəsi yuxarıda göstərdiyimiz nöqsanlar haqqında ciddi fikirləşməli, onların mümkün olduqca tez bir zamanda aradan qaldırılması üçün ciddi tədbirlər görməlidir.
Əlfi Qasımov
Astraxanbazar rayonu
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər